Eldar İsmayılın yenicə işıq üzü görmüş “Şəhid olmağa gəldim” kitab masamın üstündədir. Bir anlığa fikrim məni illər öncəyə aparır. Arabir şairlərimizdən, yazıçılarımızdan eşidirdim ki, Göyçədə Eldar adlı cavan bir şair yazıb-yaradır. Bir dəfə Hüseyn Arif də Ağbulaqda Eldar İsmayıl adında bir şairin yetişməkdə olduğunu və onun gələcəyinə inandığını söylədi. Oxşar fikirləri zövqünə inandığım başqa dostlarımdan da eşitdiyimdən hələ üzünü görmədiyim gənc şair haqqında məndə o vaxtlar müsbət bir təəssürat formalaşdı.
Ancaq Eldarın yaradıcılığı ilə ilk tanışlığım 1985-ci ildə “Azərbaycan” jurnalının 10-cu nömrəsində başladı. Jurnalda xalq şairi Bəxtiyar Vahabzadə və görkəmli tənqidçi Yaşar Qarayevin təqdimatı ilə Eldar İsmayılın “Ulu Göyçə” poemasından bir parça çap olunmuşdu. Bu poema Eldar haqqında düşüncələrimi bir daha dərinləşdirdi. Onunla şəxsi tanışlığım isə 1994-cü ildə Qazaxda oldu. Xalq şairi Hüseyn Arifin 70 illik yubileyi keçirilirdi. Qazaxda keçirilən yubiley tədbirində iştirak edən komissiyanın tərkibində Eldar da vardı. Həmin tədbirdə Eldar İsmayılın çıxışı böyük ehtiram və alqışlarla qarşılandı. Onun “Ər oylağı Çənlibeldi Qazağım” şeirinin torpağımızı, qəhrəmanlarımızı vəsf eləyən qanadlı misraları tədbir iştirakçılarını yerindən oynatdı:
Vaqif ömrü Vətən deyib əriyən,
Vurğun eşqi bu torpağı bürüyən.
Dava günü yağı üstə yeriyən
Şimşəkdi, tufandı, seldi Qazağım,
Ər oylağı Çənlibeldi Qazağım!
İllərdir ki, mən Eldarın yaradıcılığını izləyir, yeri gələndə televiziya verilişlərində, mətbuat səhifələrində fikirlərimi bildirirəm. Bir neçə kitabının redaktoru olmuşam. Yurdunu-yuvasını itirmiş dağlar oğlu Vətən, millət, haqq, ədalət səsini dünyaya yaymaqdan yorulmur, usanmır. O, bir neçə tarixi romanın müəllifidir. Erməni faşistlərinin kimliyini tarixi faktlarla gənc nəslə tanıdan xeyli sayda araşdırmaların və publisistik əsərlərin müəllifidir.
Eldar ona görə kəsərli qələm, coşqun ilham sahibidir ki, o, Miskin Abdal, Ozan Heydər, Ağ Aşıq Allahverdi, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Musa kimi böyük sənətkarların içdiyi sudan, udduğu havadan bəhrələnib. Qüdrətdən səngərlənən dağların qoynunda nazlanan Göyçə gölündən ilham alıb.
Mən E. İsmayıla həsr olunmuş televiziya verilişlərində, kitab təqdimatlarında mütəmadi çıxışlarımda demişəm ki, o, yaradıcılıq uğurlarına görə hələ doğru-dürüst haqqını almayan qələm sahiblərindən biridir.
Qardaş Türkiyədə şeir kitabları orta məktəblər üçün dərslik kimi hazırlanan Eldar İsmayıla Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının “Türk ədəbiyyatına hizmət” uluslararası ödülü verilib.
Çağdaş Azərbaycan poeziyasının tanınmış simalarından biri kimi öz dəsti-xətti ilə seçilən Eldar İsmayılın yaradıcılığı olduqca geniş, əhatəli və çoxşaxəlidir. Ölkəmizdə və dünyada baş verən ictimaisiyasi hadisələrə olduqca həssaslıqla yanaşır, bu və ya digər aspektdə öz münasibətini bildirir. Eldar İsmayıl türk olması ilə fəxr edən və bunu gizlətməyən vətənpərvər şairdir:
Sən mənə türk deyəndə
dilin quruyar, demə...
Dodaqların alışar,
külün quruyar, demə...
Qələmin türk deyəndə
əlin quruyar, demə...
Səsim haqq dərgahında,
millətcanlı türkəm mən,
Əmir Teymur qanımla
Yer üzünə görkəm mən!
Eyni zamanda, Türkiyə uğrunda aparılan mücadilədə ön cərgədə duran dostu, qardaşı Osman Kayanla qürur duyur:
Kanın çiler torpağına,
Canın yakar ocağına...
Atatürkün bayrağına
Bir hayran var-Osman Kayan!
Türkiyenin sevdalısı
Bir aslan var-Osman Kayan.
Şairin qürur duyduğu poetik qəhrəmanı təkcə türk kişisi deyil. O, qanına-canına türkçülük hopmuş Azərbaycan kökənli “dişi aslanlarımız”ı “Qaf dağında doğulan qız” poemasında bir ayrı sevgi ilə tərənnüm edir. Azərbaycan və Türkiyə adlarını daim qoşalaşdıraraq “bir millət, iki dövlət” deyimini bədiiləşdirir:
Bayraqsız yaşaya bilməz Tahirə,
Qəlbi Azərbaycan, gözü Türkiyə.
Sinəsi üstündə yanan tonqalın
Odu Azərbaycan, közü Türkiyə.
Bakı-Şamaxı yolunun üstündəki naməlum türk əsgərinin məzarı başında düşüncələrə dalan Eldar İsmayıl “Sənin şəhidliyin qələbəm oldu” təsəllisinə tapınaraq ehtiramını poetikləşdirirməklə bərabər, Azərbaycan xalqının fədakar türk əsgərinə sonsuz məhəbbətini də önə çıxarır:
Naməlum qəhrəman,
ey türk əsgəri,
Dedin Azərbaycan
qoy azad olsun!
Sənin şəhidliyin qələbəm oldu,
Qəbrin nurla dolsun,
ruhun şad olsun!
Eldar İsmayıl xalqımıza qarşı yüz illər boyunca düşmənçilik siyasəti yeritmiş erməni vandallarının iç üzünü açmaqla kifayətlənmir. Düşmənlə gedən savaşlarda birliyimizin olmamasını, bölgələrə bölündüyümüzü dönə-dönə xatırladır. Xalqın uzaq keçmişi ilə bu günü arasında əlaqə yaratmaq Eldar poeziyasının vətəndaşlıq borcu kimi görünür.
Tarixi həqiqətlərin yer aldığı “Nəcəf” poemasında erməni xislətinin mahiyyətini oxucuya olduğu kimi çatdırmağı bacaran şair mövzuya uyğun poetik formalardan məharətlə istifadə etmişdir. Bu formalar poemanın bədii siqlətini artırmış, daha canlı, daha oxunaqlı olmasına imkan yaratmışdır.
Şairin türk sevgisi əbədidir, sonsuzdur, çünki bunun tarixi kökləri var. Osmanlı imperiyası, Antanta dövlətlərinin Türkiyəyə basqısı, Çanaqqala savaşı, türklərin Bakıda, Qubada, İrəvanda Azərbaycan türklərini rus-daşnak birləşmələrindən xilas etməsi barədə gedən söhbətlərdən yadında qalanlar, sonra öz gözləri ilə gördükləri, dünya düzənində türklərə qarşı haqsızlıqlar Eldar İsmayıla yaradıcılığının əsas hədəflərini göstərmişdi.
Eldar İsmayıl sevməsə “sevirəm”, yanmasa “yanıram” deməz. Naqisi, nadanı rəsmiyyət xatirinə tərifləməz. İçindən hay verən sevgini, məhəbbəti, istəyi, uca amalları sönməz bir coşqu ilə qələmə aldığı kimi, neqativ halları, çatışmazlıqları, rüşvətxorları, əl-ayağa dolaşan buqələmunları da nifrətlə damğalayır. İnsan əyilməzliyini, namus və ləyaqətini uca tutmasını nə qədər sevirsə, yaltaqlığa, riyakarlığa, ikiüzlülüyə sonsuz nifrət bəsləyir. Şübhə etmirəm ki, şairin “Səni yaxşı tanıyıram”, “Seçə bilmədi”, “Qoşulub”, “İndi kimin dövranıdı”, “Hürürsən”, “Canavarlar”, “Adı azərbaycanlı, cismi-canı erməni” və onlarca digər satirik şeirlərini oxuyan oxucular bu qənaətimi təsdiqləyəcəklər. Günümüzün mühüm hadisələrini özündə əks etdirməsi Eldar İsmayıl yaradıcılığını səciyyələndirən başlıca xüsusiyyətlərdəndir.
Bir məqama da ayrıca toxunmaq istərdim. Eldar İsmayılın yaradıcılığına yaxından bələd olanlar yaxşı bilirlər ki, o, mövzunu kənarda axtarmır. Bəlkə də çoxumuzun hər gün rastlaşdığımız, amma bizə adi görünən, əhəmiyyət vermədiyimiz kiçik epizodlar şair üçün keyfiyyətli bədii materialdır və “söz ustası”nın əli ilə mükəmməl əsərə çevrilir. Bu baxımdan “Harama gül güləndə” poeması da güclü müşahidənin məhsuludu.
“Kirpiyi ilə qor daşıyan” şairin yaradıcılığında qaçqın taleyinə münasibət, onun geniş miqyasda işıqlandırılması daha dərindən özünü göstərir. Daim düşmənə nifrət hissi ilə cilalanmış E.İsmayıl poeziyası Göyçə, Zəngəzur, Qarabağ torpaqlarının işğalını nəinki unutmamağa, hətta onu yadellilərin caynağından xilas etməyə səsləyir.
Eldar İsmayılın yaradıcılığını səciyyələndirən əsas xüsusiyyətlərdən biri də mövzu rəngarəngliyidir. Onun yaradıcılığında şairlərin əbədi və dəyişməs mövzusu olan məhəbbət lirikasının xüsusi yer tutması da təbiidir. Lakin tərəddüdsüz deyə bilərəm ki, Qarabağ mövzusu Eldar İsmayıl yaradıcılığının bütün janrlarında yaradıcılığının fövqündə vətəndaşlıq mövqeyi, torpaq, yurd sevgisi dayanır. Yeri gəlmişkən, Qarabağ müharibəsindən bəhs edən əsərlərin azlığından gileylənənlərə Eldar İsmayılın yaradıcılığı ilə yaxından tanış olmağı məsləhət görərdim.
Eldar İsmayıl heç vaxt Azərbaycanı Türkiyədən ayırmır, “bir millət, iki dövlət”in ağri-acısının da, qalibiyyət və məğlubiyyətinin də eyni mənbədən qaynaqlandığının fərqindədir. Şəhidlik zirvəsinə yüksələn türk övladının Göyçədə, Qarabağda, Çanaqqalada... şəhid olmasının bircə anlamı var: Vətən şəhidləri!
Vətən şəhidlərinin məzarı önündə şəhid olmaq arzusu isə bir türk şairinin ölümsüzlüyə qovuşan insanlar qarşısında borcunu dərk edərək ilahi bir məkana can atmasıdır:
Çanaqqala yenilməz
Alınmaz türk qalası.
Dünyanın ən möhtəşəm
Şanlı böyük qalası...
Bu qalanın uğrunda
Şəhid olmağa gəldim.
Düşünürəm ki, şairin yeni kitabına “Şəhid olmağa gəldim” adını verməsi də təsadüfi deyil. Bu, bir çağırışdır. Neçə ki, torpaqlarımızın bir qismi hələ də düşmən tapdağındadır, hər birimiz şəhidliyə hazır olmalıyıq. Şairin daxili narahatlığı, hadisələrə reaksiyası, eləcə də biganəliyimizə, unutqanlığımıza sərt münasibəti oxucunu milli birlikdən, ardıcıl mübarizədən başqa bir yolun olmadığına inandırır. Biz də inanırıq ki, sözünün poetik gücü ilə insanda Vətənə, xalqa məhəbbət aşılayan Eldar İsmayılın yeni kitabı, heç şübhəsiz, geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaq. Elə bu inamla da sizi ruhunuzu oxşayacaq bədii nümunələrlə başbaşa qoyuram. Allah amanında!
Teymur BÜNYADOV,
akademik
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.