“Azərbaycan qadını” jurnalının yaz buraxılışının təqdimatı olub

Martın 7-də Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan qadını” jurnalının yaz buraxılışının təqdimat mərasimi  keçirilib.

Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak ediblər.

Mərasimdə SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Xalq artisti, professor Şəfiqə Məmmədovanın bədii rəhbərliyi ilə Azərbaycanın gənc vokal ifaçıları - Aytac Şıxəlizadə, Aydan Quliyeva, Aynur İsgəndərli, Anton Ferştandt, Fərid Əliyev və Adil Axundovun iştirakı ilə konsert təqdim edilib. Konsertmeyster İlahə Sadıqzadədir.

Fatma Abdullazadənin baş redaktorluğu ilə nəşr olunan “Azərbaycan qadını” jurnalının hər nömrəsinin oxuculara gözəl bir mədəniyyət tədbiri ilə təqdim olunması artıq ənənəyə çevrilib.

Ölkəmizdə keçiriləcək möhtəşəm idman bayramına - ilk Avropa Oyunlarına artıq yüz gündən də az vaxt qalıb. Azərbaycan Avropanın müxtəlif ölkələrini təmsil edən altı min idmançını, o cümlədən çoxsaylı qonaqları qarşılamağa hazırlaşır. Prezident İlham Əliyev və “Bakı-2015" Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mütəmadi olaraq olimpiya obyektləri ilə bağlı vəziyyəti nəzərdən keçirir, aparılan tikinti işlərinin gedişatı ilə maraqlanır, müvafiq tapşırıq və tövsiyələrini verirlər. ”Azərbaycan qadını" jurnalının yaz buraxılışında da oxuculara məhz bu istiqamətdə görülən işlər və nəzərdə tutulan kompleks tədbirlərlə bağlı geniş materiallar təqdim edilir.

 Jurnalın bu buraxılışında bir-birindən maraqlı materiallar oxucuların zövqünü oxşayacaq.

Oxucular jurnalın bu nömrəsində Britaniya ilə Azərbaycan arasında genişlənən humanitar əməkdaşlığın ildən-ilə inkişaf etməsindən, həyata keçirilən möhtəşəm layihələrdən xəbər tutacaqlar. İngiltərə-Azərbaycan Cəmiyyətinin üzvlərinin şərəfinə təşkil olunan ziyafət ölkələrimiz arasındakı dostluq əlaqələrini əks etdirən xeyirxah ənənələrin bir hissəsidir. İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri professor Nərgiz Paşayeva, Britaniya tərəfdən həmsədr Lord German, həmçinin cəmiyyətin üzvləri, Azərbaycan diasporunun təmsilçiləri və müxtəlif ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbirlə bağlı daha ətraflı məlumatla oxucular jurnalın səhifələrində tanış ola biləcəklər.

Bakı Beynəlxalq Humanitar Forumu ötən il çağdaş dünyanın əksər dühalarını bir yerə toplamaqla bir daha sübut etdi ki, əbəs yerə “intellektual Davos” adlandırılmır. Foruma qatılan məşhur siyasətçilər, alimlər, Nobel mükafatçıları, mədəniyyət xadimləri qloballaşma, multikulturalizm, ekologiya, iqtisadiyyat, biotexnologiya kimi vacib məsələləri müzakirə etdilər. Forum iştirakçılarının “Azərbaycan qadını” jurnalına eksklüziv müsahibələri, inanırıq ki, oxucular tərəfindən maraqla qarşılanacaq.

“Uşağın tərbiyəsini bizə tapşıran təbiət deyil, bütün dünyanı Yaradandır və ... biz hamımız təbiətin əvəzsiz möcüzəsini başa çatdırmağa müvəkkil edilmişik...”. Bu sözlərin müəllifi, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin fəxri prezidenti, psixologiya elmləri doktoru, professor Şalva Amonaşvili bir müddət əvvəl Bakıda olub, müxtəlif seminarlar aparıb. “Möcüzə ilə üz-üzə” adlı materialda oxucular tanınmış pedaqoqun “Azərbaycan qadını” jurnalına müsahibəsini, eləcə də uşaqların tərbiyəsi və təhsili ilə bağlı fikirlərini oxuya bilərlər.

“Azərbaycan qadını” jurnalının üz qabığında səhnəmizin unudulmaz Cülyettasının şəkli yer alıb. Ötən ilin son günlərində Azərbaycan Dövlət Musiqili Teatrında əfsanəvi aktrisamız Barat Şəkinskayanın 100 illiyi qeyd olundu. Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən reallaşan, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə onu sevənlər bir araya gəlmişdi. Barat xanımın sevdikləri də buradaydı: Şekspirin, Səməd Vurğunun, Üzeyir Hacıbəylinin qəhrəmanları... Vaxtilə həyat verdiyi obrazların müasir ifaçıları Barat xanımla bağlı xatirələrini, fikirlərini jurnalın oxucuları ilə bölüşürlər...

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında