“Azeri observer” jurnalı dünyaya açılan yeni söz pəncərəsidir

Bakıda ingilis dilində yenicə işıq üzü görən və Azərbaycanı dünyada layiqincə tanıtmağı hədəfə alan “Azeri observer” jurnalı “Kempinski Hotel-Badamdar” otelinin “Qəbələ” salonunda keçirilən mərasimdə  yeni beynəlxalq nəşr olaraq ölkə ictimaiyyətinin, paytaxtdakı xarici diplomatik korpusun və nümayəndəliklərin təmsilçilərinə təqdim olundu.

Qonaqları və həmkarlarını səmimi salamlayan “Azeri observer” jurnalının naşiri, “Assa- İradə” İnformasiya Agentliyinin baş direktoru, Əməkdar jurnalist, fəlsəfə doktoru Fazil Abbasov ərsəyə gətirdikləri ingilisdilli yeni nəşrin məramını, fəaliyyət yönünü və məzmununu açıqlayaraq dedi:

– Bakıda indiyədək ingilis dilində bir neçə nəşr buraxılsa da, onlar Azərbaycanın bugünkü sürətli inkişafının, biznes mühitinin, neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın digər sahələrində uğurlarının, ölkənin qədim və zəngin tarixinin, elm, mədəniyyət və incəsənətinin özəlliklərinin dünya ictimaiyyətinə, ilk növbədə, Qərb dünyasına tanıdılması üçün kifayət deyil. Məhz bu baxımdan “Azeri observer”in nəşrinə başladıq. Jurnalın 4 sayı çıxdıqdan sonra onu  oxucuların rəğbətlə qarşılamasına əmin olub, bugünkü təqdimatı keçirməyi qərara aldıq.

Gördüyünüz kimi, jurnalın mövzusu və coğrafiyası rəngarəngdir. Azərbaycanın bugünkü iqtisadi, mədəni, elmi həyatından, onun qədimliyindən, turizm imkanlarından, bəşəri irsə daxil olan  abidələrindən verilən yazılar ölkəmizi dünya ictimaiyyətinə sivil və müstəqil məmləkət kimi  tanıdır. Jurnalda Bakıdakı diplomatik korpusların rəhbərlərinə, elm, ədəbiyyat və incəsənət mövzularına  geniş yer verilmişdir. Əyləncə və karikatura guşələrini də oxucular maraqla qarşılayırlar. “Azeri observer”in hər sayı Beynəlxalq Media Mərkəzinin www.newspaperdirect.com saytında yerləşdirilir ki, bu, dünya oxucularının Azərbaycan gerçəkləri ilə tanış olmasına imkan verir.

Baş direktor daha sonra salondakılara xatırlatdı ki, sovetlər dönəmində Azərbaycanın xarici informasiya məkanına birbaşa çıxışı qapalı idi, onun dünyaya açılan söz pəncərəsinin  açarı imperiya mərkəzi Moskvanın əlində idi. Bundan istifadə edərək, Azərbaycanı istəməyən qüvvələr zaman- zaman onun haqqında yanlış, qeyri-obyektiv, təhrif olunmuş məlumatlar yayırdılar. Müstəqillik qazandıqdan sonra bu maneələr aradan qaldırılmışdır. İndi Azərbaycanın dünya ictimaiyyətinə olduğu kimi tanıdılmasında “Azeri observer” kimi jurnallara, orda verilən  məxsusi yazılara ehtiyac böyükdür. Biz belə bir bəşəri həqiqətə arxalanırıq ki, dünya xalqları bir-birini nə qədər çox tanısa, bu,  insanların yaxınlaşmasına,  ölkələrin inteqrasiyasına, sivilizasiyaların dialoquna, qloballaşmanın düzgün məcrada getməsinə  kömək edər. “Azeri observer” jurnalının məqsəd və amalı da budur.

Tanınmış media rəhbəri çıxışının sonunda qeyd etdi ki, indi biz həm də “Azeri observer” jurnalının İtaliyada bürosunun yaradılmasını bəyan edirik. İtaliyada belə bir büronun açılması təsadüfi deyil,  zəruri tələbdir. Avropada ən önəmli tərəfdaşlarımızdan biri olan bu ölkə Azərbaycanın xarici ticarətində birinci yeri tutur. İki xalqın əlaqələri isə tarixin dərinliklərinə - Troya, Etrusk dönəmlərinə gedib çıxır. Son on ildə iki ölkə arasında mədəni əlaqələr də Heydər Əliyev Fondunun təşəbbüskar fəaliyyəti  ilə sürətlə inkişaf etmiş və yeni mərhələyə yüksəlmişdir. Bütün bunlara görə jurnalda Azərbaycan–İtaliya əlaqələrini əks etdirən xüsusi bölmə yer alır və dost ölkədə redaksiyanın ayrıca bürosu açılır.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada uğurlarının artmasında ölkə mediasının  xarici auditoriyaya yönəlik fəaliyyətini daim gücləndirməyin gərəkliyini vurğulayaraq, yeni fəaliyyətə başlayan jurnalın öz üzərinə çətin və şərəfli bir missiya götürdüyünü söylədi. AMŞ rəhbəri bu istiqamətdə illərdən bəri səmərəli fəaliyyət göstərən, beynəlxalq jurnalistikanın prinsip və tələblərinə dərindən bələd olan təcrübəli media qurucusu Fazil Abbasovun beynəlxalq auditoriyaya çıxarılan yüksək səviyyəli bir jurnal ərsəyə gətirməsini onun milli mediamıza növbəti dəyərli töhfəsi kimi dəyərləndirdi, redaksiyaya uğurlu fəaliyyət arzuladı.

İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo, jurnalın İtaliya bürosunun rəhbəri Covanni Bella, Azərbaycanın və xarici ölkələrin rəsmi şəxsləri, media qurumlarının rəhbərləri də “Azeri observer” jurnalının nəşrə başlamasını  təqdir etdilər, yaradıcı kollektivə xoş arzularını çatdırdılar.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında