“Dağlıq Qarabağ üzərinə yazılar” kitabının təqdimatı keçirilmişdir

“Azərbaycan  Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin qərargahında Azərbaycan, Türkiyə, Almaniya, Rusiya elm mərkəzlərini  təmsil edən alim və mütəxəssislərin Qarabağın tarixinə dair elmi əsərlərindən ibarət Türkiyədə nəşr olunmuş  “Dağlıq Qarabağ üzərinə yazılar”  adlı xüsusi buraxılışının  təqdimat mərasimi keçirilib. Kitab İctimai Birliyin Qarabağ Araşdırmalar Mərkəzinin təşəbbüsü və dəstəyi ilə nəşr edilmişdir.

Təqdimat mərasimini açan “Azərbaycan  Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, icma rəhbəri Bayram Səfərov çıxışında bildirdi ki, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən müxtəlif vaxtlarda məqsədyönlü şəkildə həyata keçirilən terror, etnik təmizləmə, soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə müşayiət olunan  çox ağrılı mərhələlərini təşkil etmişdir.

Qeyd edilmişdir ki, bu millətçi siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından çıxarmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsi nəticəsində onların bu bölgədə süni surətdə çoxaldılması XX əsrin əvvəllərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına səbəb olmuşdur.

B.Səfərov bildirmişdir ki, erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında qarşıya qoyduqları “Böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətlərini genişləndirərək XX əsrin əvvəllərindən öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Bu cinayətkar siyasətin davamlılığını sübut edən fakt ondan ibarətdir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə  - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır. İcma rəhbəri qeyd etdi ki, yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsil mahiyyəti  açıqlanmış,  bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir. Bununla yanaşı, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.  Bu baxımdan  kitab Qarabağın tarixi, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinin sistemli  və obyektiv şəkildə oxuculara çatdırılması işinə kömək olacaqdır.

 “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov qeyd etmişdir ki, məqsədimiz son  iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. O bildirmişdir ki, hazırda kitab fondumuzda müxtəlif adda və dillərdə 2 minə yaxın kitab, elekron kitablar və filmlər  toplanmışdır. Eyni zamanda, elektron kartotekanın yaradılması xarici ölkələrdə, o cümlədən Türkiyədə fəaliyyət göstərən Elmi Mərkəzlərlə  əlaqələrin qurulması,  eləcə də elm mərkəzlərində çalışan alim və mütəxəssislərin bu işə cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.  Bu baxımdan Azərbaycan, Türkiyə, Almaniya, Rusiya elm mərkəzlərini təmsil edən alim və mütəxəssislərin Qarabağın tarixinə dair elmi əsərlərindən ibarət Türkiyədə nəşr olunmuş “Dağlıq Qarabağ üzərinə yazılar” adlı elmi məqalələr toplusunun  Türkiyədə çap olunmasının mühüm əhəmiyyəti vardır.

E.Əhmədov diqqətə çatdırmışdır ki, biz çox çətin və mürəkkəb geosiyasi vəziyyətdə Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin yürütdüyü böyük siyasətə dəstək verməli, informasiya müharibəsi şəraitində  Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində həyata keçirilən tədbirlərin coğrafiyasını genişləndirməliyik. Bu məqsədlə  biz,  dövlət başçısının Azərbaycan vətəndaşları, ziyalıları, diplomatları qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı — hücum diplomatiyasını yaddan çıxarmamalı, təcavüzkar Ermənistanın bütün dünyada ifşa olunmasına nail olmalıyıq.

Tədbirdə AMEA-nın Tarix İnstitutu Qarabağ şöbəsinin  müdiri Qasım Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova və Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov  da çıxışlarında qeyd etmişlər ki, bu toplu Qarabağın tarixi, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinin sistemli  və obyektiv şəkildə öyrənilməsi işinə kömək olacaq və Qarabağ  haqqında həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması baxımından da mühüm  əhəmiyyət kəsb edir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında