Tanınmış yazıçı- publisist, Əməkdar jurnalist Yusif Kərimovun Rusiya imperiyasının XIX əsrin əvvəllərində Azərbaycanın Arazın bu tayındakı ərazisini işğal edərək Vətənimizi iki hissəyə bölməsi tarixinin bədii mənzərəsini yaradan “İşğal vadisi – Arazbasar” romanı ictimaiyyət nümayəndələrinə təqdim edildi. Azərbaycan Mətbuat Şurasının Beynəlxalq Mətbuat Mərkəzində bu münasibətlə keçirdiyi mərasimdə yeni əsərin ictimai qayəsi, elmi- tarixi önəmi və bədii- estetik dəyəri geniş açıqlandı.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov mərasimi giriş sözü ilə açaraq bildirdi ki, miqyasına və qəddarlığına görə XX əsrin dəhşətli soyqırımları sırasında yer alan Xocalı qətliamının ildönümü ərəfəsində oxuculara təqdim olunan “İşğal vadisi” romanında bu faciənin tarixi qaynaqları—çar Rusiyasının Azərbaycanın quzey torpaqlarını işğal etməsinin və burada xalqımıza qarşı törədilən sonrakı fitnə- fəsadların yuvasına çevirdiyi “erməni vilayəti”ni yaratmasının bədiiləşmiş tarixi əks olunmuşdur.
AMŞ sədri qeyd etdi ki, buvaxtadək 20-dən artıq kitabı, Dağlıq Qarabağ münaqişəsi mövzusunda bir sıra publisistik yazısı çap olunmuş Yusif Kərimov bu romanı zamanın hökmü olaraq ərsəyə gətirmişdir. Çağdaş tariximizin 30 ilə yaxın bir dövrünü əhatə edən Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərini elmi-bədii yöndə açıqlayan, 2 əsrə yaxın işğal tarixində xalqımızın başına gətirilən müsibətlərin– yaddaşsızlaşdırma, çapıb- talama, cismən yoxetmə siyasətinin mahiyyətinə nüfuz edən bu irihəcmli əsərdən hər bir soydaşımızın xəbər tutması üçün təşkil olunan bu mərasimdə söylənənlər, sübhəsiz, kitaba çoxsaylı oxucu qazandıracaq.
Əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə və fəlsəfə doktoru Şəfəq Nasir “İşğal vadisi” romanının ideya- bədii və sənətkarlıq məziyyətləri barədə ətraflı məlumat verdilər, əsəri Yusif Kərimovun bədii- publisistik yaradıcılığının zirvəsi kimi səciyyələndirdilər. Onlar bildirdilər ki, Azərbaycanı ikiyə bölmüş Araz çayının hər iki tərəfində bu faciənin nisgil və kədərini yaşadan çoxsaylı əsər yaransa da, belə irihəcmli kitab ilk dəfədir ki, yazılır. Bu baxımdan romanı bu bədii prosesin yekunu olaraq, “Arazbasar” dastanı da adlandırmaq olar.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, yazıçı- publisist Fazil Abbas Güney, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubov, Əməkdar poliqrafçı Şəddat Cəfərov, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Əməkdar jurnalist Tahir Turan bildirdilər ki, yurdumuza fəlakətlər gətirmiş rus işğalının 200 illiyinin düşmən dairələrdə üzdəniraq təntənələrlə yada salındığı bir dövrdə cəmiyyətin sosial sifarişi kimi ərsəyə gələn bu əsər daşıdığı aktuallığa və həqiqət yükünə görə müxtəlif dillərə çevrilərək, beynəlxalq auditoriyaya çıxarılmağa layiqdir.
Natiqlər bildirdilər ki, canlı tarix dərsliyi, milli bəlalarımızın bədii xronikası olan bu kitabın cağdaş gəncliyə daha yaxşı çatdırılması üçün tezliklə onun geniş tirajlanmasına ehtiyac var. Əsərlə ilkin tanışlıq göstərir ki, onun materialları əsasında teleserial yaratmaqla, 2 əsr “işğal vadisi”nə çevrilmiş Azərbaycanda baş vermiş faciələrlə xalqımız daha geniş və təsirli şəkildə tanış ola bilər.
Sonda kitab barədə söylənən dəyərli mülahizələrə görə təşəkkürünü ifadə edən müəllif əsərin yazılma səbəblərini də açıqladı. Yusif Kərimov bildirdi ki, romanı qısa müddətdə yazsa da, onun ayrı-ayrı epizodları illər boyu daxilində yaşamış, cilalanmışdır. Rusiyanın Azərbaycanın şimal torpaqlarını işğal etməsinin birinci mərhələsini tamamlayan və tarixi torpaqlarımızda erməni dövləti yaradılmasının başlanğıcını qoyan bədnam “Gülüstan müqaviləsi”nin 200 illiyini 2013-cü ilin oktyabrında Rusiya paytaxtı Moskvada, Kremlin “Prezident” otelində ermənilərin və onların himayədarlarının bayram etməsi, nəhayət, müəllifi bu qara tarixin həqiqətlərini gerçək bir bədiiyyatla tamamlayıb, oxuculara çatdırmağa səfərbər etdi.
Yusif Kərimov qələm əhlini tariximizin son 2 əsrinin bəlalı səhifələrini daha dərindən və əhatəli araşdırmağa, düşmənin yalan və fitnəkarlıqlarını yerindəcə cavablandırmağa çağırdı. Yazıçı bu informasiya savaşında gözləmə və müdafiə taktikasından qabaqlama və hücuma keçməyin zəruriliyini də vurğuladı.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.