Muxtar Maniyev - 75

Kinoda məskən salan insan

{nl}

Onu tanıyanlar yaxşı bilir ki, Muxtar müəllim özünü təbliğ etməyi xoşlayan adam deyil. Muxtar Maniyev xoş zarafatları, şirin lətifələri ilə insanlara sevinc, gülüş bəxş etməkdən həzz alır. Doğrudan da bu aktyorun sənəti, elə bil, boyuna biçilib. Onun kinostudiyaya işə gəlişini dostları həmişə səbirsizliklə gözləyirlər. Çünki bilirlər ki, Muxtar müəllim olan yerdə sevinc var, bol gülüş var.
Bu keyfiyyət onun yaradıcılığında da aydın nəzərə çarpır. Muxtar müəllim sənətə gəldiyi vaxtdan öz yaradıcılığı ilə minlərlə tamaşaçının rəğbətini qazanıb, həmişə onun qəhrəmanları alqışlarla qarşılanıb.
Bəlkə də Azərbaycan aktyorları içərisində kinoda sayca ən çox rol oynayan aktyor elə Muxtar Maniyevdir. Bu qədər filmə çəkilmək hər aktyora qismət olmur. Xalq artisti Muxtar Maniyev 157 filmə çəkilib.
O, 1935-ci ildə Bakıda doğulub. İlk təhsilini də şəhərin 199 saylı məktəbində alıb. Deyəsən, uşaqlıq illərində heç aktyor olmaq həvəsi də yox imiş. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayıb və İncəsənət İnstitutuna, ikinci təhsil ardınca gedib.
Muxtar Maniyevin kinoya gəlişi "Koroğlu" filmi ilə başlayıb. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Bu möhtəşəm qəhrəmanlıq dastanında onun ifa etdiyi Polad obrazı haqqında o vaxt tənqidçilər də müsbət fikir söyləmişdilər. Deyirdilər ki, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib. Sonrakı illər bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində Muxtar çox maraqlı qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib.
"İnsan məskən salır" filmində (rej. A.Babayev) Muxtarın qəhrəmanı ekranda az görünsə də, filmin konflikti məhz onun üzərində qurulmuşdur. Hadisələr Neft Daşlarında cərəyan edir. Filmin qəhrəmanı Ramizin yeni təyin edildiyi briqadanın əvvəlki başçısı qəzaya uğrayıb həlak olmuşdur. Amma iş yoldaşlarının o qədər məhəbbətini qazanmışdır ki, indi onlar Məcidin yerində başqasını görə bilmirlər. Doğrudur, biz onunla ünsiyyətdə olmasaq da, onun xəyal kimi görünən obrazı çox şeylər danışır və M.Maniyev öz sənətkarlıq bacarığı ilə obrazı filmin əsas personajı kimi tamaşaçıya təqdim edə bilir.
Bir aktyor kimi M.Maniyevin konkret ampluası yoxdur, o müxtəlif xarakterli insanların obrazını ekranda uğurla yaradır. Onun qəhrəmanları bəzən fırıldaqçı, bəzən hadisələrə açıq gözlə baxmağı bacaran dəyərli insan, bəzən isə şux zarafatları ilə tamaşaçılara sevinc bəxş edən personajlardır. Onları birləşdirən isə Muxtar müəllimin istedadı və yaradıcı intellektidir. Muxtar Maniyev yaradıcılığı bizim kinematoqrafın böyük bir dövrü ilə bağlıdır. Onun 60-70-ci illərdən başlanan yaradıcılıq yolu bu gün də inamla davam edir.
Aktyorun bütün rollarını xatırlatmaq fikrindən uzağıq. Lakin bir məsələni xüsusi vurğulamaq lazımdır ki, 40 ildən artıq yaradıcılığı dövründə Muxtar müəllim milli kinomuz üçün qiymətli obrazlar yaradıb. Bu qəhrəmanlar kinomuzda özünəməxsus yeri olan sənət nümunələridir.
Azərbaycan kinosunu onsuz təsəvvür etmək çətindir. Doğrudan da, milli kinomuzun inkişafında Muxtar müəllim əvəzsiz xidmətlər göstərmişdir. Onun rolları milli, xarakterlidir, əsl azərbaycanlılardır. Çox maraqlıdır ki, rejissorlar da ona elə bu tip rolları həvalə edirdilər. "Bəxt üzüyü"ndəki rolunu xatırlayırsınızmı? Yaxud, "Ölsəm...bağışla" filmindəki Seyidrza rolunu gözləriniz qarşısına gətirin. Seyidrza müharibənin ağır illərində insanlara etdiyi zülmün, axır ki, nəticəsini gördü. Amma "Bəyin oğurlanması" filmindəki qonaq rolu daha canlı alınıb. Bu rolda biz onu komik qəhrəman kimi görürük və aydın hiss olunur ki, o həm də bu tip rolların gözəl ifaçısıdır. "Bakıda küləklər əsir", "Bizim Cəbiş müəllim", "Sizi dünyalar qədər sevirdim" və digər filmlərdə Muxtar müəllim müharibə dövrünün müxtəlif xarakterli insanlarının çox maraqlı obrazlarını yarada bilmişdir. Onun "Nəsimi" filmindəki Miranşah rolu istedadla yaradılmış ekran qəhrəmanıdır.
Muxtar Maniyev məhsuldar çalışan sənətçilərdəndir. Əvvəllər, demək olar ki, hər il bir-iki filmə çəkilirdi. "Mozalan" satirik kinojurnalının isə əksər bədii süjetlərində onun yaddaqalan rolları var.
Muxtar müəllim kinomuzun bugünkü vəziyyəti barədə danışarkən bildirdi ki, indi peşəkar aktyor nəsli yetişmir: "Gənclərin iddiaları çox böyükdür. Amma iddianın qabağında nəsə ortaya qoymaq lazımdır. Bizim dövrümüzdə bu iddianı irəli sürən yox idi. Gənclər işləyirlər, ancaq ürəkdən tikan çıxara bilmirlərsə, nəyə lazımdır bu? Aktyor rolu əxz etmədisə, özəlləşdirmədisə, daxilən hiss etmədisə, onu oynamasa yaxşıdır. İndi bizdə belə aktyorlar yoxdur. Aktyorluq Allah tərəfindən verilən vergidir. Mən bu vaxta kimi bacara bilməyəcəyim, özümünkü etmədiyim rolu oynamadım.
Peşəkar olmaq üçün gərək hər bir aktyor dünya kitabxanasını töküb oxusun".
Uzun illərdir ki, o Azərbaycan Milli Konservatoriyası nəzdində aktyor sənəti kursunda dərs deyir. Çox istedadlı tələbələri var. Deyir ki, tələbələrimə ilk verdiyim məsləhət odur ki, yalan danışmasınlar. Aktyor sənəti ilə yalan düz gəlmir. Gərək səmimi olasan.
Ömrünün kamillik dövründə o yenə də filmlərə çəkilir, tədbirlərdə iştirak edir, xatirələrini yazır və s. Deyir ki, imkanı olsa, bir saat belə çəkiliş meydançasından aralı dayanmaz. Çünki insandan yalnız onun əməlləri yadigar qalır.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında