“Bölgələrdən paytaxta” mədəniyyət yürüşünə start verildi

Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Bölgələrdən paytaxta” adlı yeni layihənin təqdimatı keçirilib. Masallıya həsr olunan ilk tədbir bu rayonun və Bakının mədəniyyət qurumlarının birgə təşkilatçılığı ilə reallaşıb. 

Əvvəlcə tədbir iştirakçıları Masallının mədəniyyət və turizm özəlliklərinə aid sərgi ilə tanış oldular. Onları milli libaslarda qarşılayan qızlar el adətincə şərbət payladılar. Sərginin bölmələrində qədim diyarıın tarixini, bugünkü inkişafını,  adət-ənənələrini əks etdirən sənədlər, fotolar, digər əyani vəsaitlər toplanmışdı. Rayon icra hakimiyyətinin nəşr etdirdiyi kitablar, yerli şair və yazıçıların əsərləri, rəssamlıq və dekorativ tətbiqi sənət nümunələri, “EMBAWOOD” firmasının və yerli ustaların hazırladığı çeşidli mebellər, rayonda yetişdirilmiş məhsullar, kulinar və şirniyyat ustalarının təqdim etdiyi dadlı-şirin təamlar seyrçilərin böyük marağına səbəb oldu.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək bildirdi ki,   Azərbaycanda mədəniyyət və turizmin sürətli inkişafı bölgərərə də müsbət təsir göstərib. Prezident İlham Əliyevin imzaladığı regional inkişaf Dövlət proqramlarının icrası sayəsində rayonlarda çoxlu mədəniyyət mərkəzləri tikilərək istifadəyə verilib, mövcud muzey, kitabxana və musiqi məktəbləri əsaslı təmir olunub, yenilənib. Tarixi abidələrin bərpası və qorunması yönündə zəruri işlər görülüb. Heydər Əliyev Fondunun təşəbbüsləri ilə milli mədəniyyətimiz dünyada tanıdılır. Bu layihənin başlıca hədəfi isə bölgə mədəniyyətinin təqdimatını məhz paytaxt standartlarına yaxınlaşdırmaqdır. Artıq bəzi rayonlarımızda beynəlxalq mədəni tədbirlərin təşkili ənənəsi yaranır. Üç ildən bəri Masallıda böyük müvəffəqiyyətlə keçən folklor festivalları buna misal ola bilər.  

Nazir Azərbaycanın bölgələrinə məxsus mədəniyyət örnəklərinin təbliği, rayonlar arasında mədəni mübadilə, bölgələrə xas özəlliklərin təşviqi məqsədilə  “Bölgələrdən paytaxta” tədbirlərinin bütün il ərzində təşkil olunacağını vurğuladı. Yeni layihənin startına Masallıdan başlanmasını isə bu rayonun çox güclü mədəni potensiala malik olması ilə əsaslandırdı. Qeyd etdi ki, layihə çərçivəsində növbəti tədbirlər Qəbələ və Quba rayonlarına həsr olunacaq. Tədbirlərin əsl mədəniyyət bayramına çevriləcəyinə əminliyini bildirdi.

Aparıcıların özünəməxsus təqdimatında cənub diyarının ecazkarlıqları sanki gözlər önündə canlandı. “Masallı” video-filmi ilə isə rayonun sosial-iqtisadi və mədəni inkişaf dinamikasına güzgü tutuldu.

Sonra ayrı-ayrı musiqi kollektivlərinin maraqlı çıxışları oldu. “Halay” xalq folklor kollektivinin, “Ritm” nağaraçılar qrupunun, “Həcər” ansamblının və digər musiqi kollektivlərinin çıxışları,  şux mahnı və rəqslər hər kəsin bayram ovqatını bir daha təzələdi. İfalar seyrçi alqışları ilə həqiqi qiymətini aldı. Söylənən xoş sözlər, fərəh və sevinc dolu nidalar unudulmaz təsir bağışladı.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında