“Qüdsinin musiqi dünyası” Yeni nəşrlər

Azərbaycan dövləti  milli-mənəvi dəyərlərimizə, elm, ədəbiyyat, sənət  xadimlərimizin yaradıcılığının təbliğinə daim qayğı ilə yanaşıb və həmin tendensiya indi də davam edir. Prezident  İlham Əliyevin ötən il fevralın 12-də imzaladığı  “Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi  haqqında” sərəncam da bunun təsdiqidir. 

Sərəncamın icrası prosesində – 2014-cü il boyu  keçirilən tədbirlər silsiləsi  Bakıxanovlar şəcərəsinin görkəmli nümayəndəsi,  Xalq artisti,  “Şöhrət” ordenli bəstəkar, Bakı Musiqi Akademiyasının professoru  Tofiq Bakıxanovun  “Qüdsinin musiqi dünyası” adlı kitabının  çap olunması ilə yekunlaşdı.

İlin son günlərində, “Şərq-Qərb” Nəşriyyat evində,  Xalq artisti, professor Ağaverdi Paşayevin redaktəsi ilə, nəfis şəkildə işıq üzü görən bu kitab ulu öndər Heydər Əliyevin xalqımızın dünya elminə bəxş etdiyi görkəmli simalar - Nəsirəddin Tusi, Əbülhəsən Bəhmənyar, Mirzə Fətəli Axundov və Abbasqulu ağa Bakıxanov barədə söylədiyi dəyərli fikirlərlə açılır. Sonrakı səhifədə dövlət başçımızın adı çəkilən sərəncamı verilir və qeyd olunur ki, kitab məhz həmin sərəncam əsasında çap olunur. Eyni zamanda, ön səhifələrdən birində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun  Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin muxtar respublikada keçirilməsi ilə əlaqədar Tədbirlər Planını təsdiq edən 7 mart 2014-cü il tarixli sərəncamı da verillmişdir.

Xalq yazıçısı Nəriman Həsənzadənin kitaba yazdığı “Ön söz”də  deyilir: “ Abbasqulu ağa Bakıxanovu, adətən, “Azərbaycan tarix elminin  atası" adlandırırlar. Məlum olduğu kimi , böyük tədqiqatçı “Gülüstani - İrəm” kitabında 1813-cü ildə imzalanmış Gülüstan müqaviləsinə qədərki tariximizi ilk dəfə müəyyən bir sistemlə, ardıcıllıqla qələmə almışdır. Nizami Gəncəvidən ta Hacı Zeynalabdin Şirvaniyə qədər yaşamış tarixi şəxsiyyətlər barədə ilk elmi məlumat verdiyi üçün mənə elə gəlir ki, o, ədəbiyyat tariximizin də atası sayıla bilər. Bu da təbiidir. Çünki Bakıxanov maraqlı bir ədəbi mühitdə yaşamış, gözəl, lirik şeirlərin müəllifi kimi qələm yoldaşları arasında nüfuz qazanmışdır”. Professor Tofiq Bakıxanovun  böyük alimin musiqi dünyası barədə qələmə aldığı əhatəli materialda  isə Abbasqulu ağanın Şərq musiqisi, xüsusən, Azərbaycan muğamları barədə dərin biliklərə malik olduğu barədə çoxsaylı faktlarla təsdiqlənir.

Kitabda   böyük tarixi şəxsiyyətin  sözlərinə yazılmış müxtəlif musiqi əsərlərinin sözlərindən və not yazılarından  sonra  “Abbasqulu ağa Bakıxanov təsviri sənətdə” adlı ayrıca bir bölmə də verilmişdir.  Daha sonra isə “Xalq qəzeti”nin 10 avqust 2014-cü il tarixli sayında verilmiş “Naxçıvanda Abbasqulu ağa Bakıxanovun özü, sözü və izi haqqında eşitdiklərimiz” adlı məqalədən   (müəllif Əməkdar jurnalist İttifaq Mirzəbəylidir) sitatlar gətirilir.  Müəllifin muxtar respublikaya  səfərinin təəssüratları əsasında qələmə alınmış həmin məqalədə qeyd olunurdu ki, tarixçi alimlərin yazdığına görə, 1828-ci ildə Naxçıvan xanının ən hörmətli qonaqlarından biri məhz Abbasqulu ağa Bakıxanov olmuşdur.

Gülzar İBRAHİMQIZI,
AMEA Nizami Gəncəvi adına
Milli  Azərbaycan Ədəbiyyatı Muzeyinin
baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında