Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə Azərbaycan və Avstriya musiqiçiləri birgə konsert vermişlər

Sentyabrın 22-də Vyananın mərkəzində yerləşən Pallaviçini sarayında Azərbaycan və Avstriya musiqiçiləri dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş birgə konsert proqramı ilə çıxış etmişlər.
Konserti giriş sözü ilə açan səfir Fuad İsmayılov, Federal Təhsil, İncəsənət və Mədəniyyət Nazirliyinin xarici ölkələrlə ikitərəfli və çoxtərəfli mədəni əlaqələr və Avropa İttifaqı ilə mədəni əlaqələr şöbələrinin rəhbəri Norbert Ridl və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəbləyli açılış nitqi söyləmişlər. Qeyd edilmişdir ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqi tarixində xüsusi yer tutur və onun Azərbaycan mədəniyyətinin inkişafında, musiqimizin ölkə sərhədlərindən kənarda tanınmasında əvəzsiz xidmətləri olmuşdur
Dahi Üzeyir Hacıbəylinin yubileyinin klassik musiqinin paytaxtı Vyana şəhərində qeyd edilməsi heç də təsadüfi deyildir, çünki Şərqin ilk operettalarından biri - Ü.Hacıbəylinin "Arşın mal alan" əsəri 2006-cı ildə almandilli məkanda ilk dəfə məhz burada - Vyana Kamera Operasında uğurla nümayiş etdirilmişdir. Həmin il Vyanada Dunay Parkında bəstəkarın büstünün açılışı olmuşdur.
Məmnuniyyətlə vurğulanmışdır ki, bu, Vyana Kamera Orkestrinin azərbaycanlı musiqiçilərlə birgə keçirdiyi sayca ikinci konsertdir. Artıq qərara alınmışdır ki, belə konsertlər ənənəyə çevrilsin və hər il 18 Sentyabr - Milli Musiqi Günü münasibətilə birgə konsert təşkil edilsin.
Gənc dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Vyana Kamera Orkestri və azərbaycanlı musiqiçilər tərəfindən Üzeyir Hacıbəylinin "Koroğlu" operasından, "Arşın mal alan" operettasından və digər əsərlərindən parçalar ifa edilmişdir. Xalq artisti Azər Zeynalovun və Fəridə Məmmədovanın ifasında "Arşın mal alan" operettasından Əsgərlə Gülçöhrənin ariyası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Azərbaycanın tanınmış musiqiçilərinin özlərini Ü.Hacıbəyli məktəbinin yetirməsi hesab etdiyini söyləyən professor Fərhad Bədəlbəyli tanınmış bəstəkar Tofiq Quliyevin "Qaytağı" və özünün "Dəniz" əsərlərini fortepianoda ifa etmişdir.
Xalq artisti tarzən Ramiz Quliyevin və kamançada Toğrul Əsədullayevin müşayiətilə gənc xanəndə İlkin Əhmədov xalq mahnıları və muğamlar səsləndirmişdir.
Konsertdən sonra Azərbaycanın Avstriyadakı səfirliyi adından ziyafət verilmişdir.

{nl}

Elgün NİFTƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Vyana

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında