“Risalə” araşdırmalar toplusunun X cildinin təqdimat mərasimi keçirilmişdir

Dünən AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Şərq və Azərbaycan ədəbiyyatı və mədəniyyətinin problemlərinə həsr edilmiş “Risalə” araşdırmalar toplusunun X cildinin təqdimat mərasimi keçirildi.

Tədbiri  muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq bildirdi ki, risalə Avropa ədəbiyyatında traktat adlanır. Muzeyin əməkdaşlarının elmi araşdırmalarından ibarət “Risalə” toplusu isə ildə bir dəfə nəşr edilir və məzmunu etibarilə klassik, müasir ədəbiyyat, fəlsəfə, mədəniyyət problemləri, həmçinin muzeyşünaslıq məsələlərini əhatə edir. Cari ildə toplunun iki cildinin nəşr olnması nəzərdə tutulur.

Qeyd edildi ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi hər il mütəmadi olaraq beş toplu buraxır:

 “Şərq” tərcümə toplusuna müxtəlif xarakterli mətnlərin əsasən Şərq dillərindən tərcümələri, eləcə də dünyanın məşhur şərqşünas, Azərbaycanşünas araşdırıcılarının Şərq və Azərbaycanla əlaqədar xüsusi dəyər daşıyan yazılarının Qərb dillərindən çevrilmələri daxil edilir.

Ənənəvi olaraq “Daşyazmalar”, “Səsyazmalar”, “Əlyazmalar”,  “Yaddaşa yazılanlar” kimi bölmələrdən ibarət olan “Qaynaq” toplusunda indiyədək tədqiqatdan kənarda qalmış məxəzlər öz əksini tapır.

“Xəzinə” kataloqlar toplusu olaraq muzeyin fondlarında qorunan, daim ekspozisiyasında sərgilənən görkəmli ədəbiyyat və mədəniyyət simalarının şəxsi fondlarının, ayrı-ayrı kolleksiyaların, müxtəlif arxivlərin müfəssəl təsvirini verir.

Toplular sırasının beşincisi olan “Məclis” il ərzində muzeydə keçirilmiş tədbirlərin stenoqrafik ifadəsidir.

2004-cü ildən nəşr olunmağa başlayan “Risalə” araşdırmalar toplusu  muzeyin ərsəyə gətirdiyi məcmuələr silsiləsindəndir və Ali Attestasiya Komissiyasının təsdiq etdiyi nəşrlər sırasında yer almaqdadır. Toplunun bu sayında akademik R.Hüseynovun “Klassik irsin min illik təsir dalğası”, T.Muxtarovanın “Ç.Abdullayev yaradıcılığının özünəməxsus xüsusiyyətləri”, İ.Məmmədovanın “M.Gəncəvi tərcüməçisi, şərqşünas alim Pol Smit”, N.Əsədullayevanın “Sovet ədəbiyyatında sosialist realizmi metodu və onun doğurduğu ideoloji düşmən obrazı”  və s. məqalələr dərc olunmuşdur.

Sonda Rafael Hüseynov topluda dərc olunan elmi məqalələri yüksək qiymətləndirdi və müəlliflərə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında