Həyatda nə qədər yer gəzirsən gəz, dünyanın hansı gözəl guşəsinə gedirsən get, yenə uşaqlığını keçirdiyin doğma ocağı, o ocaq başında sevincini, qayğını bölüşdüyün doğmaları axtarırsan. Həyat zirvəsinə addımladığın yollar bir gün səni illər öncə ən gözəl günlərin xatirəyə çevrildiyi ocağa, doğulduğun o kəndə, o obaya aparar. Tanrının boylandığı mavi səma altında bu dünyanın mənəvi çirkinliklərindən, etibarsızlığından uzaqlaşıb Qızılqayanın yamacındaca saflaşarsan. Hər daş-kəsək, gül-çiçək sənə gözəl biçimdə görünər.
Bəlkə də, qeyri-ixtiyari “ Ən xoşbəxt olduğum yerdir bura”-pıçıldayarsan. İçində neçə əsrlərin sirlərinin, tarix xəzinəsinin uyuduğu Ağudi kəndində hər narın yağışdan sonra torpaq ətri paylanar evlərə. Bacalardan tüstü uzanar kəndin o başına. Təndirin həniri qohum-qonşuları mehribanlaşdırar, kəsilən hər çörək ruzini artırar. Nurani ana da o ruzi və halal zəhmətilə balaları böyüdər. Soyuq qış günündə bu xatirələrlə isinmək nə qədər xoşdursa, ondan qəfildən ayrılmaq da o qədər ağrılı və dözülməzdir. İndi nə zəmanə o zəmanədir, nə Ağudi həmin Ağudidir. Nə bacalardan tüstü qalxır, nə oğul-uşaqların səsi yolları şənləndirir. Qədim türk yurdu Sisyan da, Ağudi də, Urud da hamısı indi xatirələrdə, yaddaşlarda yaşayır, ürəkləri qovurur. Yurd həsrəti, oba sevgisi qovrulduqca da, ürəyi göynədir. Əlac, təsəlli ağrılı yaşantılarla o bəxtəvər anları misralara düzməyə qalır. “Xalq qəzeti”nin əməkdaşı, dəyərli qələm sahibi Vaqif Bayramovun “Sisyan – qovğalarda qovrulan torpaq” kitabını oxuduqca, onun uşaqlıq və gənclik illərinin keçdiyi və hər dəfə də kəndlərindən danışdıqca kövrəldiyi ulu yurd yerlərini təsəvvürümdə canlandırmağa çalışdım. Hər səhifədə bir nisgil, bir kədər, bir ayrılıq duydum. Kitab bir ziyalının, qələm sahibinin yaşantılarının timsalında Sisyanın hər bir qarış torpağı, o cümlədən Ağudi kəndi barədə ətraflı təsəvvür yaradır, geniş, tarixi məlumatlar verir. “Bilik” nəşriyyatında işıq üzü görmüş nəşrin elmi redaktoru tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı Nazim Mustafa, redaktoru Etibar Etibarlıdır.
Hər bölmənin adı özlüyündə, sanki, ayrı bir məzmun ifadə edir; “Dönərgəsi dönən Vətən”, “Bu dərdi kim çəkər?!”, “Bu kədəri kim yaşayıb sonacan?”, “ Müsahibə”, “ Məktub”, “Mənim taleyimə yazılan yazı”. Amma hər biri müəllifin doğma yurd sevgisi, ona qovuşmaq istəyi, taleyin acılı-şirinli payının ömrünə bəxş etdikləri və aldıqları ilə yoğrulub.
Vaqif Bayramov 1959-cu ildə Sisyanın Ağudi kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət Pedoqoji İnstitutunun filologiya fakültəsini bitirdikdən sonra bir müddət pedoqoji fəaliyyətlə məşğul olub. Ancaq uşaqlıqdan həmişə jurnalistikaya böyük həvəs göstərdiyindən sonrakı fəaliyyətini də məhz mətbuatla bağlayıb. “İnşaatçı”, “Həyat”, “Respublika” qəzetlərində fəaliyyət göstərmiş V.Bayramov hazırda “Xalq qəzeti”ndə çalışır.
Müəllif bir sıra tarixçilərin, o bölgənin ziyalılarının yazdıqları və özünün xatirələri əsasında Sisyanın tarixi, mədəni irsi barədə yığcam məlumat verir. Bölgədə 1905, 1918-ci illərdə erməni-daşnak silahlılarının yerli türk-müsəlman əhaliyə qarşı törətdikləri vəhşilikləri, 1980-ci illərin sonlarında soydaşlarımızın zorla yurdlarından qovulmasını təkzibedilməz faktlarla qeyd edir.
V.Bayramovun kitabın əvvəlində verdiyi qeydlər onun hansı ovqatda yazılmasından xəbər verir və oxucunun növbəti səhifələrdə nələrlə qarşılaşacağını bildirir: “ Sisyan, Ağudi haqqında yazarkən, ilk növbədə, o torpağa olan sevgimə, məhəbbətimə əsaslanmışam. Ağudidəki Anabat (Anabeyit) deyilən oğuz qəbirlərinə, qədim qəbiristanlıqdakı başdaşıları üzərindəki yazılara istinad etmişəm. Bu yerlərdə qədim türklərin-sakların izlərini, nişanələrini özlərində yaşadan möhtəşəm alban abidəsinin “pıçıltılarına” güvənmişəm...” Elə, məncə, təkcə bu misralar kifayət edir ki, müəllifin Vətən sevgisinin haradan qaynaqlandığını anlayasan.
“Sisyan – qovğalarda qovrulan torpağ”ın müəllifinin əvvəlki illərdə dərc edilmiş kitablarını (“Bilməz idim ayrılıq var...”, “Yurd ağrısı”) xatırladan redaktor Etibar Etibarlının həm də bir oxucu kimi təsirlənməsi anlaşılandır: “O kitablarda hər sözü, hər cümləni yaralanmış, paralanmış torpağın qaysağı bağlanmayan yarasından süzülən al-qırmızı qanın ürəyə çəkdirdiyi ağrısı bilmişəm. O kitablarda hər sözü, hər cümləni dərdlinin dilindən qopan dərd pıçıltıları, göz yaşına bələnmiş ağıları hesab etmişəm. İndi əlinizdə olan “Sisyan – qovğalarda qovrulan torpaq” kitabının əlyazmasını nəzərdən keçirəndə də o duyğuları yenidən yaşadım... Amma... amma bir daha əmin oldum ki, talan olan, dağılan Ağudi hələ ölməyib, Ağudi hələ yaşayır...”
Kitabda Sisyanda – bu qədim Zəngəzur bölgəsində doğulub boya-başa çatmış Məmməd Araz, Flora Xəlilzadə, Hafiz Baxış, İldırım Qasımlı və digər tanınmış ziyalıların, qələm sahiblərinin yaradıcılığı ilə bağlı ədəbi-publisistik yazılar da yer alır. Kitabda yer alan “Əyyub Abbasovun “Zəngəzur” romanı haqqında qeydlər” məqaləsi tanınmış yazıçının məşhur əsərinin ideya və məzmun yükündən bəhs edir. Sovet dövründə yazılmış əsərdə hələ 1918-ci ildə əli neçə-neçə günahsız azərbaycanlıların qanına batan Andranik başda olmaqla silahlı daş nakların yerli türk-müsəlman əhaliyə qarşı törətdiyi soyqırımı, erməni məkri bədii və canlı boyalarla əksini tapıb. Müəllifin Musa Urudun “Uruda iki səfər” adlı xatirə əsəri ilə bağlı qələmə aldığı publisistik düşüncələri daha təsirli görünür. İllər sonra doğma kəndinə qayıdıb qarışıq duyğuların, vətənsizliyin içində qovrulmaq, doyunca hər daş-kəsəyə sarılıb hönkürə bilməmək, doğma insanların məzarlarını tapmamaq göynədir ürəyi. “Uruda iki səfər”i oxuduqca, təsəvvüründə Ağudini canlandıran V.Bayramovun iç dünyasını isə bircə şey narahat edir: “1988-ci ildən bu yana elə bir gün olmayıb ki, o torpaq, o yurd üçün burnumun ucu göynəməsin, həsrət yanğısı içimi qovurmasın...” Qovrulan təkcə həsrətdirmi?! Yox, dost-qardaş arasında hər dəfə Ağudi adı çəkiləndə, kimsə kəndlərindən sevə-sevə danışanda, xatirələr də, ən gözəl günlər də əriyir onun içində. Bir dəqiqəlik də olsa, o kəndi görmək, o tanış cığırlardan keçmək, sözsüz ki, onun üçün dünyanın ən böyük xoşbəxtliyi olardı. Bəlkə də heç kimin ağlına gəlməzdi ki, vaxtilə qoynunda azad bir quş kimi gəzdiyi yurduna neçə kilometr uzaqdan baxmalı olacaq. Özü də kompüter ekranından....
Görəsən, Vətən yollarına boylanan baxışlar ürəkdə gizlicə qovrulan illərin həsrətinə son qoya biləcəkmi?!
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.