Azərbaycan kinosu yeni inkişaf mərhələsinə qədəm qoyub. Yaradılan filmlərimizin beynəlxalq kinofestivallarda yüksək mükafatlara layiq görülməsi onu deməyə əsas verir ki, bu sahədə həyata keçirilən islahatlar öz nəticəsini verməkdədir. Son illər yeni istehsal olunan filmlərin sayı, gənc kadrların kinoya cəlb olunmasına diqqət artıb, kino istehsalının maddi-texniki bazası möhkəmləndirilib, xarici əməkdaşlıq genişləndirilib. Ən başlıcası budur ki, kinonun inkişafına dövlət qayğısı ilbəil artmaqda davam edir. Prezident İlham Əliyevin sərəncamı ilə 4 avqust 2008-ci ildə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008- 2018-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində kinomuzda dinamik inkişaf müşahidə olunmağa başlanmışdır.
Qəbul olunmuş dövlət proqramının əsas məqsədi milli kino ənənələrinin bərpa edilməsi, ölkədə kino istehsalının dirçəldilməsi, filmlərin müasir texnologiyalar əsasında qorunub saxlanılmasının təmin olunması, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi və sahə üzrə lazımi islahatların aparılmasından ibarətdir. Dövlət proqramı milli kinonun inkişafı ilə bağlı on il ərzində görüləcək işlərin dəqiq hədəflərini müəyyənləşdirmişdir. Burada kino sənayesinin müasirləşdirilməsi, filmlərin prokatı üçün yeni imkanların yaradılması, film nümayişi problemlərinin həlli, kino istehsalının bütün proseslərinə yeni metodların tətbiqi və s. məsələlərə xüsusi yer verilmişdi.
Məsələ bundadır ki, Sovetlər Birliyi dağılandan sonra Azərbaycan kinosu ciddi böhran keçirirdi. Dövlət kinoya vəsait ayrılmasını dayandırmış, ölkə yoxsulluq həddinə çatmış, prokat sistemi fəaliyyətini dayandırmış, bir sözlə, milli kino sənəti acınacaqlı vəziyyətə düşmüşdü. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra milli kino sənətinin dirçəldilməsi ilə bağlı tədbirlər görülməyə başlandı. Dövlət Film Fondu yaradıldı, dövlət sifarişi ilə filmlər istehsal olunmağa başlandı. Artıq kinonu tərk edən mütəxəssislər yenidən bu sənətə qayıtmağa başladılar.
Bu illərdə istehsal olunan qiymətli filmlər arasında ulu öndərin həyat və fəaliyyətindən bəhs edən silsilə filmləri diqqəti cəlb edir. Rejissor Vaqif Mustafayevin çəkdiyi “Həqiqət anı” filmi tamaşaçıların böyük marağına səbəb olmuşdur. Bundan başqa, V.Mustafayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş 12 seriyalı “Heydər Əliyev” filmini çəkib. Bunlardan “General”, “Birinci”, “Moskva. Kreml”, “Lider”, “Tale”, “Bir həsədin tarixi”, “Professional”, “Patriot”, “Əsl məhəbbət haqqında” filmləri böyük uğur qazanıb. Sonuncu film Moskvada keçirilən 4-cü Avrasiya teleforumunda əsas mükafata və xüsusi mükafata layiq görülüb. “Bir həsədin tarixi” filmi 2002-ci ildə Yekaterinburqda keçirilən sənədli filmlər festivalında əsas mükafatlardan birini, Moskvada keçirilən 5-ci Avrasiya teleforumunda “Qran-Pri” mükafatına layiq görülüb. Bu filmlər müxtəlif ölkələrdə böyük uğurla nümayiş etdirilib.
Bakıda məşhur dünya neft şirkətləri ilə bağlanmış saziş Vaqif Mustafayein “Əsrin sazişi” filmində öz əksini tapmışdır.
Azərbaycanın kino sənətini davam etdirən müasir rejissorlardan Eldar Quliyevin, Oktay Mirqasımovun, Fikrət Əliyevin, Yavər Rzayevin, Xamiz Muradovun, Şamil Əliyevin filmləri mövzu baxımından maraqlıdırlar.
Dövlət proqramı qəbul olunandan sonra ssenarilər ücün müsabiqələr elan olundu, Bakının “Nizami” kinoteatrı əsaslı təmir edilərək Nizami Kino Mərkəzi kimi yenidən fəaliyyətə başladı, Dövlət Film Fondu üçün “Azərbaycanfilm” kinostudiyasının ərazisində yeni, müasir tipli bina inşa edildi, kinostudiyanın fəaliyyəti genişləndirildi və s.
Hələ 2006-cı ildən etibarən dövlət büdcəsindən kino üçün vəsait ayrılmağa başlanmışdı. Bu vəsait ildən-ilə artırılırdı. Kino sənayesinin düzgün qurulması üçün bir söra tədbirlər həyata keçirildi.
Bu proqramda gənclərin kinoya cəlb olunması, kinofestivalların keçirilməsi, xarici ölkələrlə müştərək filmlərin çəkilməsi, kinoteatrların təmir olunması kimi mühüm məqamlar yer alıb. Keçirilən müsabiqələrdə gənclərə xüsusi diqqət ayrılıb. “Azərbaycanfilm” kinostudiyasının əsaslı təmiri bu gün gündəmdə duran məsələlərdəndir. Azərbaycan kinematoqrafçılarının yaradıcılıq təşkilatı olan Kinematoqrafçılar İttifaqı da yeniləşdirildi. Yeni təsis olunan Kinematoqrafçılar İttifaqı bu gün fəaliyyətini uğurla davam etdirir. İndi dünyanın ən nüfuzlu kinoməktəblərində təhsil almaq, ən nüfuzlu festivallara qatılmaq yüksək büdcəyə malik film istehsal etmək artıq xəyal deyil, reallıqdır. Hazırda il ərzində büdcəsi milyonlarla ölçülən 6-8 tammetrajlı bədii film çəkilir. Həmçinin, sənədli və animasiya filmləri diqqətdən kənarda qalmır.
Son illər Azərbaycanda istehsal olunan filmlər janr və mövzu müxtəlifliyi ilə diqqəti cəlb edir. Qarabağ mövzusunda olan filmlərə xüsusi diqqət yetirilir. Son illərin istehsalı olan “Cavad xan”, “Hökmdarın taleyı”, “Dərvişin qeydləri”, “Qisas almadan ölmə” kimi filmlər milli kinomuzun dəyərli nümunələridir. Birgə çəkilişlər ölkəmizin beynəlxalq kino əməkdaşlığının genişlənməsinin göstəricisidir. “Mahmud və Məryəm” filmi Türkiyə , “Qorxma, mən səninləyəm! 1919" filmi isə Rusiya kinematoqrafçıları ilə bigə əməkdaşlıq nəticəsində ərsəyə gəlmişdir. “F2014” filmini kinematoqrafçılarımız Fransa, İsveç, Braziliya kino ustaları ilə birgə lentə almışlar. “Sarılar-Qarabağ atının səyahəti” tammetrajlı sənədli filmi isə Azərbaycan və Almaniya kinematoqrafçılarının birgə işidir.
Son illər bir neçə Azərbaycan filmi nüfuzlu beynəlxalq festivalların qalibi olmuşdur. “Çölçü” bədii filmi indiyədək 20 beynəlxalq kinofestival və forumda iştirak etmiş, müxtəlif mükafatlara, o cümlədən diplomlara layiq görülmüşdür. Bu ekran əsəri 2013-cü ilin “Humay” milli mükafatına da layiq görülmüşdür. Film, həmçinin 86-cı “Oskar” mükafatının siyahısında Azərbaycanı təmsil etmiş, Londonda keçirilmiş XV Rainbow Beynəlxalq film festivalında “Ən yaxşı bədii film” nominasiyasında qalib elan edilmişdir. “Nabat”, “Buta”, “Sonuncu”, “Axırıncı dayanacaq”, “Axınla aşağı” və digər filmlərimiz də beynəlxalq film festivallarının qalibləridir. Təkcə 2014-cü ildə Azərbaycan filmləri 50-dən artıq beynəlxalq festivalda iştirak etmiş, mükafatlara layiq görülmüşlər.
Bu gün Azərbaycan kinosu yeni dövrünü yaşayır. Dövlətimizin artan iqtisadi gücü bunu deməyə əsas verir ki, kinomuzun yeni intibah dövrü lap yaxındadır.
M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.