Böyük Dəhnə böyük bir kənddir. Ərazisinin böyüklüyü və əhalisinin çoxluğu kənd anlayışı ilə bir araya gəlməsə də “kənd” adlanır. Burada yaşayan əhalinin davranışı, həyat və məişət tərzi də çoxdan kənd anlayışını ötüb keçib.
Bu münasibətlər, adətən, kəndlərdə olduğu kimi, yalnız qohumluq və qonşuluq prinsiplərinə deyil, cəmiyyətin birgəyaşayış qaydalarına əsaslanan mədəniyyət üzərində bərqərar olub. Yüz illər boyunca burada yaşayıb- yaradan, artıb-çoxalan və bir-birini əvəzləyən nəsillərin torpağına, ailəsinə və soy- köklərinə bağlı olması onların kəndin hüdudlarından kənarlara çıxmasına, daha geniş cəmiyyətin fəal üzvlərinə çevrilməsinə heç zaman mane olmayıb. İndi Dəhnədə doğulub boya-başa çatmış insanların nəinki Azərbaycanın müxtəlif bölgələrində, hətta dünyanın bir çox ölkələrində yaşaması və çalışması da heç kimi təəccübləndirmir. Və bəlkə də artıq elə bir ailə yoxdur ki, onun digər bölgələrdə və ya bəzi xarici ölkələrdə yaşayan üzvləri olmasın.
Bununla yanaşı, kənarda olanların Dəhnəyə bağlılığı, orada yaşayan ailə üzvlərinə və həmyerlilərinə istiqanlılığı da heç zaman azalmayıb. Bunun da səbəbi var. Bu kənddən çıxanlar bu toplumun sağlam ənənələr üzərində yetişdirdiyi mədəniyyətin daşıyıcıları kimi el- obasına, doğma- yaxınlarına sədaqəti, dədə-baba yurduna etibarı öyrəniblər. Bu sevgini, bu etibarı onlara aşılayan, təlqin edən əsl-nəcabətdən gələn yurd sevgisidir, əvvəlki nəsillərdən əxz etdikləri ailə ənənələridir.
Böyük Dəhnə özü bir yaşayış məntəqəsi kimi sakinləri ilə bir-birindən azacıq fərqlənən məhəllələrdən ibarətdir. Hər məhəllənin heç bir sənəddə yazılmamış öz adı var və bu ad bir çox hallarda kökləri keçən əsrlərdə yaşamış ailəyə gedib çıxan nəslin soyadı ilə bağlıdır. Və ən maraqlısı da budur ki, şəcərə davamçıları təkcə öz əcdadlarının və ulu babalarının soyadlarını deyil, həm də onların həyat tərzini, fəaliyyət sahələrini, sənətkarlıq və yaradıcılıq ənənələrini davam etdirməyə üstünlük verirlər.
Özünəməxsus özəllikləri ilə seçilən belə məhəllələrdən biri də Zakir kişinin yaşadığı Salahlılardır. Təkcə Dəhnədə yox, bölgədə və ölkədə adı böyük ehtiramla çəkilən Zakir kişi və onun nəsil davamçılarının timsalında bu, daha aydın görünür.
Hələ 70-ci illərdə SSRİ Mədəniyyət Nazirliyinin rəhbərliyi altında Şəki Xan Sarayının bərpası üçün diqqətlə seçilmiş bərpaçılardan biri də elə Zakir kişi olmuşdu. 200 yaşlı unikal bir abidənin bərpa işlərini icra edən adam isə sadə bir bərpaçı deyil, sənətini, həm də bu nadir memarlıq abidəsini sevən və onun sirlərinə yaxşı bələd olan mahir bir sənətkar ola bilərdi. Zakir kişinin bu məharəti onu adi dülgərlikdən xalqın və hətta dövlətin qəbul etdiyi sənətkar səviyyəsinə yüksəltmişdi. Amma Zakir kişinin istedadı bununla da məhdudlaşmırdı. O təkcə tətbiqi sənətin və tarixi memarlığın sənətkarı deyildi. Yüzlərlə, minlərlə dəhnəlinin qəlbində Zakir kişi daha çox musiqi sənətkarı kimi yer tutub.
Bir zamanlar heç bir xüsusi dəvət olmadan sakinlərin hamısının üzünə açıq olan kənd həyətlərində səhərdən başlayıb getdikcə yeri- göyü lərzəyə gətirən nağara-zurna səsi istisnasız olaraq bütün kənd əhlini “dədə - baba” toylarımıza çağırardı. Bir neçə gün davam edən toyların əsas qəhrəmanları isə tarixin dərinliklərindən süzülüb gələn bu möhtəşəm musiqini böyük həvəslə səsləndirən kənd musiqiçiləri idi. Zakir kişi bu musiqiçilər dəstəsinin heç vaxt dəyişməyən, öz işini böyük zövqlə görən və həmyerliləri tərəfindən sevilən daimi üzvü idi. Kənd əhlinin həvəslə və xüsusi bir şövqlə rəqs etdikləri zurna havaları - “Tərəkəmə”, “Uzundərə”, “Şəki Yallısı” toyların ən möhtəşəm musiqi nömrələri hesab olunurdu.
Toya tamaşa edənlərin ən böyük əyləncəsi isə hər dəyişən musiqiyə uyğun olaraq zurnaçıların və nağarçıların üzlərində anbaan dəyişən mimikalarını izləmək idi. Belə anlarda Zakir kişinin, sanki, bu havaların öz içindən süzülüb gəldiyini göstərən üz cizgiləri və əl hərəkətlərii onun musiqiyə böyük sevgisini, bu zaman, sanki, xəyallarında ulu babalarına qovuşmasını ifadə edirdi. Bu səhnəyə baxanlar musiqiyə müqəddəs sevginin təzahürünü məmnuniyyətlə seyr edirdilər. Zakir kişinin musiqi sevgisi, sözün əsl mənasında, müqəddəs bir eşq idi. Onuşaqlı böyük bir ailənin hər bir üzvünə sirayət etmiş bu sevgi onların da qəlbində, həyatında özünə yer tapdı. Bu gün onlar da Zakir kişinin bu müqəddəs duyğularını yaşamaqda və bu böyük sənəti yaşatmaqdadırlar.
Rəhimə, Gültəkin, Gülyaz, Gülyanaq hələ məktəb illərində bədii özfəaliyyət kollektivinin daimi üzvləri idilər. İstər məktəbdə, istərsə də kənd klubunda düzənlənən konsertlərdə bu qızcığazlar, az qala, böyük sənətkarlar kimi qarşılanırdı. Bu uğurlar onların adını Şəkidə də tanıtmışdı. Şəhər mədəniyyət şöbəsi təşkil etdiyi ən mötəbər konsertlərdə çıxış etmək üçün Məmmədova bacılarını tez-tez Şəkiyə dəvət edərdilər. Ona görə də bir gün ölkənin ən böyük salonunda – bugün Heydər Əliyevin adını daşıyan möhtəşəm sarayda Məmmədovların ailə ansamblı çıxış edəndə bu, Dəhnədə heç kimi təəccübləndirmədi. Əksinə, hələ hamının evində televizorun olmadığı bir zamanda dəhnəlilər bu çıxışları izləmək üçün bir-birinin evlərinə toplaşar, konsertə tamaşa edər və öz həmyerliləri ilə ürəkdən öyünərdilər. Kənd yollarında Zakir kişi və Sevdayə xala ilə rastlaşan hər kəs qızların istedadına heyran olduqlarını bildirər, onlara daha böyük uğurlar arzulayardılar.
Bütün bunlardan sonra Zakir kişinin qızlarının - Rəhimə, Gülyaz və Gülyanağın bir-birinin ardınca Asəf Zeynallı adına Musiqi Məktəbinə və hamısının da məhz muğam şöbəsinə daxil olması gözlənilən bir hal idi. Özləri bir-birindən nə qədər fərqli olsalar da, hamısının eyni məktəbdə eyni ixtisası seçməsi də təsadüfi deyildi. Kifayət qədər ciddi baxışlı, səssiz-səmirsiz Rəhimə, olduqca şıltaq, amma dərin düşüncəli və zarafatcıl Gülyaz, ərköyün və səs-küylü Gülyanaq bacılarını bir amala doğru istiqamətləndirən, onları məhz musiqi sənətkarlığına sövq edən, çox güman ki, atalarının klassik xalq musiqisini onlara sevdirə bilməsi idi.
Sonradan Rəhimə ailə həyatı qurması ilə əlaqədar bu yolu davam etdirməsə də, Gülyaz və Gülyanaq bacıları musiqiyə ömürlük bağlanmağı, bu sənəti həyatlarının mənasına çevirməyi bacardılar. Hamının arzuladığı və zənn etdiyi kimi, uğurlar özünü çox gözlətmədi. Məmmədova bacıları tezliklə təkcə dəhnəlilərin və şəkililərin deyil, bütün ölkənin heyranlıqla izlədiyi böyük sənətkarlar kimi tanındılar. Böyük fədakarlıqla xalq musiqisinin bütün incəliklərini öyrənən bacılar az sonra bu qədim xalq sənətinin ecazkar gözəlliklərini ölkənin ən böyük səhnələrindən bütün xalqa təqdim etməyə başladılar. Hələ məktəbdə oxuyarkən digər şagirdlərdən seçildikləri kimi, xanəndə kimi də öz həmkarlarından fərqləndilər.
İllər öncə, bir ailənin “əhsən” mükafatını, daha sonra bir kəndin “afərin” alqışlarını qazanmış bacılar artıq bütün xalqın ürəyini fəth etdilər. Bu böyük el məhəbbətini onlara qazandıran isə bacıların sadəliyi, əməksevərliyi, sənət yollarında qarşılarına çıxan əzab-əziyyətlərə fədakarlıqla qatlaşmağı və nəhayət, sevib-seçdikləri sənətin mahir ustadları səviyyəsinə yüksəlmələri oldu. Sənətə aludə olanlar da, bu yolda yüksək peşəkarlığa nail olmağa can atanlar da bunun nə qədər çətin olduğunu yaxşı bilirlər.
Gülyaz və Gülyanaq bacılarını şəxsən tanıyanlar, onların həyat yoluna yaxından bələd olanlar öz heyranlıqlarını gizlədə bilmirlər. Ölkəmizin hər bir guşəsində onları böyük məhəbbətlə sadəcə “bacılar” adlandırırlar. Xalq tərəfindən onlara verilmiş bu “titul” öz-özlüyündə dərin bir məna daşıyır.
Onlar öz inadından dönmədilər, hələ uşaqlıqdan könüllərinə hakim kəsilmiş sənət sevgisinə sadiq qaldılar. Etiraz və qadağalara məhəl qoymadılar, qarşılarında duran çətinliklərdən qorxmadılar. Dönmədən öz məqsədlərinə doğru can atdılar və nəhayət, milyonların ehtiramını və sevgisini qazandılar. Təmənnasız ümumxalq məhəbbəti çox çətin sınaqlardan keçməklə qazanılır. Bacılar üçün bu sınaqlar artıq keçilmiş yoldur. Bu yolu onlar məharətlə, ləyaqətlə və böyük uğurlarla keçiblər.
Gülyaz özünün iyirmi ildən artıq səhnə həyatında yorulmadan çalışıb. Dahi Üzeyir bəyin Leylisini, “Arsın mal alan”nında Tellisini, Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operasında Şahsənəmi, unudulmaz Şəfiqə Axundovanın “Gəlin qayası”nda Gülbaharı, Ramiz Mustafayevin “Vaqif”, Üzeyir Hacıbəylinin “Koroğlu”, Vasif Adıgözəlovun “Natavan” operalarında və eləcə də “Rast” baletində Xanəndə qız obrazlarını böyük uğurla yaradıb, öz qəhrəmanlarının obrazını səhnədə öz həyatı kimi yaşayıb. 20 ilə yaxın pedaqoci fəaliyyətlə məşğul olan bacıların onlarca tələbəsi də artıq musiqi ictimaiyyətinin və xalqın rəğbətini qazanmışlar.
Azərbaycanın bütün bölgələrindəki ən ucqar kəndlərdən tutmuş, ölkənin ən möhtəşəm saraylarına qədər bütün səhnələri öz istedadları ilə fəth etmiş Gülyaz və Gülyanaq bacıları milli musiqimizin ən gözəl nümunələrini dünya paytaxtlarında - London, Nyu-York, Paris, Frankfurt, Hanover, Berlin, Vena, Strasburq, Stokholm, Oslo səhnələrində məharətlə səsləndiriblər. Vilnus, Kiev, Minsk, Kişinyov, İstanbul, Ankara, Daşkənt, Almaatı, Aşqabad, Tbilisi şəhərləri Məmmədova bacılarını ayaq üstə alqışlayıblar. Gülyaz və Gülyanaq bacılarının Moskva, Sankt- Peterburq, Ekaterinburq, Sıktıvkar şəhərlərində dəfələrlə baş tutan konsertləri hər dəfə anşlaq olub. Buenos-Ayres, Braziliya kimi ölkəmizdən çox-çox uzaqlarda yerləşən şəhərlərin musiqisevərləri Gülyaz və Gülyanaq bacılarının istedadına heyran qaldıqlarını məmnuniyyətlə söyləyiblər.
Dünyanın dörd bir tərəfində milli mənsubiyyətindən asılı olmayaraq bütün tamaşaçıların qəlblərini riqqətə gətirən ecazkar muğam incilərimizi sevə-sevə təqdim edən Məmmədova bacıları sözün əsl mənasında Azərbaycanın musiqi mənəniyyətinin elçiləridir. Daşıdıqları bu böyük və şərəfli missiyanı milli musiqimizə məhəbbətlə və ləyaqətlə həyata keçirən Gülyaz və Gülyanaq bacıları hələ uzun illər tamaşaçıları heyrətləndirməyi, bu məhəbbəti gənc nəslə - öz tələbələrinə aşılamağı yorulmadan davam etdirəcəklər.
Bacıların bu nəcib işə sərf etdikləri gərgin əmək onların milli mədəniyyətimizə verdiyi əvəzsiz töhfə olmaqla yanaşı, həm də onların həyat tərzi, həyat amalıdır. Əminəm ki, bu yolda onları hələ çox uğurlar gözləyir. Bu günlərdə isə ölkə Prezidentinin sərəncamı ilə Gülyaz və Gülyanaq Məmmədova bacılarına Azərbaycan Respublikasının Xalq artisti fəxri adı verildi. Musiqi mədəniyyətimizin tədrisi və təbliği yolunda fədakarlıqla çalışan xalq artistləri Gülyaz və Gülyanaq bacılarına ən möhtəşəm sənət uğurları və səadət arzuları ilə.
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.