Türkiyənin İzmir şəhərində 2007-ci ildən bəri hər il düzənlənən “Travel Turkey İzmir” beynəlxalq turizm sərgi və konfransı bu il dekabrın 4-dən 7-dək yenidən öz möhtəşəmliyi ilə qonaqlarına ev sahibliyi etdi. Tədbirin hava yolu sponsoru Türk Hava Yollarının (THY) yüksək keyfiyyətli xidmətindən yararlanaraq İzmirə gələn ziyarətçilər arasında mən də var idim.
Türkiyənin İstanbuldan sonra ikinci böyük liman şəhəri olan İzmir bizi özünəməxsus mülayim havasıyla qarşıladı. Dekabr ayı olmasına baxmayaraq, sanki payız yenicə qədəm basmışdı bu yerlərə. Egey dənizinin zümrüd sularıyla əhatələnən bu qədim şəhərın ruhu nədənsə mənə Bakını xatırladır. Bəlkə də İzmirlə Bakının qardaşlaşmış şəhərlər olmasının bir səbəbi də budur.
İzmirə gəlmə səbəbimiz olan beynəlxalq turizm sərgisi şəhərin ən böyük yaşıl məkanlarından olan İzmir Kültür Parkında, nəhəng sərgi salonunda düzənlənmişdi. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, İzmir Böyükşəhər Bələdiyyəsi, İzmir Mədəniyyət, İncəsənət və Sərgi Xidmətləri Agentliyi (İZFAŞ), Türkiyə Turizm Agentlikləri Birliyi (TÜRSAB) və “Hannover Fairs Turkey” sərgi xidmətləri qurumunun təşkilatçılığı ilə gerçəkləşən və 902 şirkətin təmsil olunduğu tədbirə dünyanın 67 ölkəsindən və Türkiyənin 52 vilayətindən toplam 28 min 73 ziyarətçi gəlmişdi. Əsas mövzusu Türkiyənin zəngin və sərhədsiz turizm imkanlarını və bu sferadakı yenilikləri tanıtmaq olan sərgidə partnyor ölkə kimi Almaniya, partnyor şəhər kimi Adıyaman çıxış edirdi. İtaliya, Argentina, Avstriya, Bolqarıstan, Hindistan, Koreya, Gürcüstan, İran, Portuqaliya və sair kimi 30 ölkənin öz turizm potensialını təqdim etmək imkanı qazandığı tədbirdə Türkiyənin Trabzon, Adana, Kostomonu, Kutahya, Kayseri,Van və s. bölgələri də öz stendləri ilə iştirak edirdi.
Dünyanın müxtəlif ölkələrinin, eləcə də Türkiyənin ayrı-ayrı bölgələrinin əsrarəngiz təbiətinin, tarixi abidələrinin, mədəniyyət və incəsənətinin, musiqisinin, mətbəxinin, adət-ənənələrinin və turizm baxımından diqqət cəlb edən digər özəlliklərinin sərgiləndiyi tədbirdə iştirakçılar həm də önəmli iş bağlantıları qurmaq imkanı əldə etmiş oldular.
Tədbirdə ziyarətçi qismində iştirak edən ölkələr arasında Azərbaycan da var idi. Ölkəmiz öz stendiylə təmsil olunmasa da, xüsusi dəvətlilər arasında yer almışdı.
Tədbir çərçivəsində keçirilən konfransda dünya turizminin əsas inkişaf istiqamətləri, bu sahədəki yeniliklər və turizm xidmətlərinin səviyyəsinin yüksəldilməsi məsələləri müzakirə edildi.
Rəngarəng görüntülər, şou-proqramlar, zəngin satış-yarmarkalarla müşayiət olunan turizm sərgisi 4 gün boyunca qonaqlarına xoş əhval-ruhiyyə yaşatdı. Türkiyənin bir-birindən gözəl, hər birinin fərqli, özünəməxsus koloriti olan bölgələrini, şəhərlərini qarış-qarış gəzmək arzusunda olan biri kimi bütün bunları bir yerdə görmək imkanı mənə böyük sevinc bəxş etdi. Kastamonu qonağı (o bölgəyə xas ev forması), Kutahya çiniləri, Vanın məşhur pişiyi və gümüş zinət əşyaları, Manisanın əfsanəvi məcunu, Kayserinin məşhur delikatesləri, Adıyamanın ləzzətli şirniyyatları, Trabzonun gözoxşayan mənzərələri və bunları müşayət edən milli musiqilərin yaratdığı ab-hava ziyarətçilərin üzündəki xoş ifadədə öz əksini tapmışdı.
“Travel Turkey İzmir” sərgi-konfransı daxilində qədim Aqora və Efes şəhərlərinə səyahət, “Məryəm ana” məbədini ziyarət təşkilatçıların bizə xoş sürprizi oldu. Efesə və “Məryəm ana” məbədinə ikinci gəlişim olsa da, təəssüratım ilk gündəki kimi xoş idi. Əsrlərin yaddaşını yaşadan bu əfsanəvi, sirli məkanlar bütün dünyada mövcud olan unikal abidələr sırasında özünəməxsus yer tutur. Türkiyə ərazisində isə belə məkanlar saysız-hesabsızdır. Dörd dənizlə əhatələnən ölkənin əsrarəngiz təbiət gözəlliklərini, koloritlər çələngini və Avropada birinci olan THY-nin xidmət səviyyəsini də nəzərə alsaq Türkiyənin turizm baxımdan cazibəsi danılmazdır.
Aida AYSA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.