Sarı gəlin (Esse-xatirə) Vətən nəğmələri

Saçın ucun hörməzlər,

Gülü sulu dərməzlər

Bu sevda nə sevdadır,

Səni mənə verməzlər,

Sarı gəlin... Sonam,

sarı gəlin... Balam,

sarı gəlin.

Ney sızıltılarının qəmli sədaları altında sözün hər biri bir həsrət, ayrılıq; təzə dərdin yanğıları, göynərtisi... Hər misrada təkrarlanan “hörməzlər, dərməzlər” inkar nidaları, yanar qəlbin hıçqırıqları sonda fəryada, acı nifrinə çevrilər. Dərmansız dərdə, açılmayan düyünə, kilidli cadulara dönər.

“Səni mənə verməzlər” naləsindən yağan yasaq-qadağa başlara qar tökər, “nə edim, necə edim?” sualları ağrıya çevrilər, bu ağrılar soyuq xəncər kimi isti damarlara işlər. İnsan təəssüf ağrılarıyla göz-gözə qalar: “Səni mənə verməzlər...”

Nədir? Arada qan düşmənçiliyimi var? Yoxsa, kasıblıqdı əlini-qolunu bağlayan bu oğlanın?! Bəlkə elçiləri gecikmişdi; bəlkə heç biri deyil, utanıb dərdini deməyə? Götürüb neyi, neydə çalıb dərdini. Unutduğumuz neydə. Hanı, hanı, toyların adamı gicəlləndirən dəli sərxoş vurnuxmasında gurultu-gumbultunun basıb üstələdiyi həzin ney səsi?...

...İndi bu həzin, bu yetim nəğmələri dinləyən qalmadı; ahəstə deyilən sızıltılara qulaq asan tapılmaz daha.

...Əlbəttə, oğlan yoxsuldur. Yoxsulluğun üzü qara olsun. Yoxsulluq olmasaydı, heç belə fəryad yaranardımı? Səni mənə verməzlər... ah yox, bu xanım gəlindir, bu elin gəlinidir. Bu sarı gəlin, təzə gəlin. Sarı, yəni kiçicik, bala gəlin. İlahi, dilimizdə belə kəlmələr varmışkən “minicik” sözü necə girdi dadlı, doğma türkcəmə?

Sarı gəlin—yurdumun nazlı qızı! Şirin sarıgilə kəhrəba üzümü...

Bu gəlin elin-obanın ən kiçicik gəlinidir, təzə gəlindir. Bu sarı gəlin nənəmin yaşıdı imiş. Bizdən uzaq illərdə. Onda çal-çəpər olmazmış. Alaçığın yan-yörəsi əl içi kimi açıq-aydın.

Bu incəbelli qız kənar obadan gəlmişdi. Bu yerlərdə böyüməmişdi. Birdən-birə bəzəkli, qotazlı at üstündə özü də telli-toqqalı, sona kimi gərdənini çəkmiş, sağdış-soldış bacılıqları ilə nazlı ilahəyə dönüb birdən görünmüşdü. Adını da hələ çağırmırdılar. Hələ neçə il adını tutmayacaqdılar. Neçə uşaq anası olanadək, hələ “gəlin” deyəcəkdilər. Sarı gəlin...

 Sarı gəlin əlvan gəlinlik xarasında, al-yaşıl qanovuzunda  süzəcəkdi belədən-beləyə; oğrun gözlər seyr edəcəkdi onu... Bir az mübhəm xəcalətlə, günahla. Gözünün qabağında səhər-axşam sarı gəlin. Səkir kəklik kimi; əli-ayağı tel-birçəyi xınalı kəklik kimi.. Qonşu kənddəki nişanlısı, elə bil, lap min illik yol arxasına çəkilmiş kimi çoxdan ilğıma dönüb itmişdi. Sarı gəlinin xəyalları vurub uçurmuşdu onsuz da havaya uçan ümidləri. Bu vurğun oğlan küsmüşdü qonşu kənddəki qızın xəyalından da. Gözünün qarşısında cilvəli növrəstə gözəl – Sarı gəlin. Bundan o yana heç nə yoxdu, yalnız günah vardı; bəs onda bu sevda nə sevdadı? Bu, nə oddu, nə alovdu? Lap dəryada qızıl balıq sevdasına döndü ki...

Öldüm aman, sarı gəlin

Yandım aman, sarı gəlin

...Öləcəksən, yanacaqsan tək-təkinə. Ömrün boyu odsuz-ocaqsız yanacaqsan. Tək də olmayacaqsan, amma ətrafın soyuq ruzgarı da bu yanğını söndürə bilməyəcək...

Ulduzlar çıxan kimi həsrətli xəyallar uçacaq, o yasaq dünyaya dolacaq, həsrətli gözlərini aparacaq özünlə tamarzı-tamarzı o bala gəlinə-sarı gəlinə baxacaq. Sənsə dalbadal çəkdiyin siqaretin işığında möcüzə gözləyəcəksən: budur qapı açılır... amma o bayramın gəlməyəcək, o büsat heç qurulmayacaq. Nağıl olsa belə. Çünki “Səni mənə verməzlər” fəryadı gör nə vaxtdı, hopub canına-bağrına, çoxdan içərini qar alıb. Amma elə bilirsən, hərarətin qalxıb, qızdırman var. Getdi günlərin hərarəti, işığı-ziyası. Sənə qalan lal fəryadın və neydə çalınan nalən oldu. İllər beləcə keçdi.

Sarı gəlinin də belini bir vaxt döyən hörüklərinə, tellərinə ağ cığırlar yol açıb; indi bığ yeri yenicə tərləyən oğlu, barmağı üzüklü qızı var. Görəcəksən ki, illər ötüb, yaman ötüb. Sən, həmən sənsən ürəyi qübarlı, köhnə aşiq. Yenə yanmağındasan. Segah sızıltısı damarların boyu işləməkdə. Dərdli könülün ahları dillərdən-dillərə yayılacaq: “Öldüm aman, sarı gəlin...”

Yanacaqsan, öləcəksən, yaşayacaqsan... Belə oğlanlar, belə həsrətlər, sevgilər varmış... “Sarı gəlin” şərabı buraxılır bu gün Bakıda. Şərab adına keçdin, sarı gəlin. Məstlikdən əl-ayağı səyriyən birisi səni əlində tutub fırlada-fırlada şiddət dərəcəni axtaracaq. Amma onda elə-belə də yandırırdın.

Masalar üzərinə qoyulacaqsan. “İçməyə nəyiniz var?” sualına “Sarı gəlin” deyəcəklər. Şəhvətə, görməmiş istəklərə qucaq açan saunalara daşınacaqsan.

Amma bircə yerişin, gülüşün bəs idi ağılları dumanlandırıb, nəşələndirməyə. O babaların zövqü, bu da bizim “keyfimiz”...

...Xatirəmə qarlar yağacaq, sarı gəlin, sarı gəlinim...

 P.S. “Sarı gəlin” adı haqqında bir neçə söz: “sarı” sözü bir çoxlarının düşündüyü kimi, burada heç də rəng bildirmir. “Sarı” sözü özünün əlavə mənasında bir sıra yer adlarının, şəxs adlarının tərkibində iştirak edir. Məhz sözün ikinci mənasından istifadə edilməklə yaranan Sarı yal, Sarı yer, Sarı yoxuş, Sarı dərə, Sarı baba (yaylağı); Sarıbala, Sarıqız şəxs adları, Sarıkişiyev soyadı, habelə tarixi simalar Sarı xatun (Abaqa xanın qızının adı (1321-də ölmüşdür), Sarı xan, Sarı Saltık, Sarı Aşıq və s. tarixi şəxsiyyət adlarını təşkil edən vahidlər “sarı” sözünün əsl anlamı üzrə rəng bildirmə xüsusiyyətinə görə deyil, əlavə çalarlara görə “kiçik”, “balaca”; “çox gənc”, “növrəstə” mənasınca formalaşmışdır. Deməli, “sarı gəlin” kiçik gəlin, yəni lap təzə gəlin deməkmiş. Mahnının mənşəyinin, mənsubiyyətinin yanlış yozulmasına “sarı” sözünün rəng adı kimi qəbul edilməsi də səbəb olmuşdur.

“Sarı gəlin” bizim qədim mahnımızdır; bunu ən azından onun tərkibindəki əski çağlarla səsləşən sarı (kiçik, cavan), sulu (kal, yetişməmiş) indi köhnəlmiş, lakin həmişə bulaq suyu kimi saf, dadını, şəfasını saxlayan sözlərimiz sübut edir. Bir də ki, heyrət, heyranlıq ifadə edən zalımqızı, canıyanmış qəbilindən olan “nənən ölsün” ifadəsi də dilimizin doğma nidasıdır. “Sarı gəlin” mənimdir. Amma onun layiqli bir oxuyanı vardır, yoxdur-budur söz konusu. Mahnıda həsrət var, qəlb fəryadı, peşman ahlar. Bu peşmanlıq və nisgil felin arzu şəklində söylənə-söylənə od olub yana bilən hər şeyi yandırıb kül etməyindədir. Bəlkə həsrət çağladığına görə bu şərqi bizimdir, – desək inanarlar... Şair necə demiş:

Sarı gəlin türküsü...

Çiçəklərin mürgüsü

Bizim türküdür, deyir

Min dərənin tülküsü.

Minaxanım TƏKLƏLİ,
filologiya elmləri doktoru,  professor 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında