Sakit və təvazökar insan idi. Kinostudiyanın dəhlizlərində görünəndə elə bilirdin ki, adi bir insandır. Amma Şamil müəllim böyük sənətkar idi. Onun filmləri kino sənətimizin çox dəyərli nümunələridir. Ümumiyyətlə, Şamil Mahmudbəyovun milli kino sənətimizin inkişafında əvəzsiz xidmətləri var. Məhz ona görə də bu günlər Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Şamil Mahmudbəyovun 90 illik yubileyini xalqımız təntənə ilə qeyd edir.
1924-cü il dekabrın 5-də Bakıda doğulmuşdu. Orta məktəbi bitirən il müharibə qapını döydü. Şamil Dəmiryol Texnikumuna qəbul olunsa da, məktəbi bitirməmiş könüllü olaraq cəbhəyə yollandı və müharibənin sayagəlməz mərhumiyyətləriylə üzləşməli oldu. Qroznıda hərbi-texniki məktəbə üz tutdu. Sonra isə onu Birinci Ukrayna Cəbhəsinə göndərdilər. Döyüş yolu müxtəlif cəbhələrdən keçdi, yaralandı, neçə dəfə ölümlə üz-üzə dayandı. Amma tale onu Azərbaycan kinosu üçün qorudu. Ümumiyyətlə, cəbhə xatirələrindən danışmağı xoşlamırdı. – Vuruşmuşuq da, – deyirdi, – hamı necə, mən də elə. 1945-ci ildə yaralanan, sağalıb yenə hərbi hissəyə qayıdan Şamil Mahmudbəyov dinc həyata üç il sonra - 1948-ci ildə qayıtdı.
İlk iş yeri də Bakı kinostudiyası (sonralar C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) oldu. Studiyada işlədiyi bir il ərzində rejissor assistenti kimi ətrafdakıların diqqətindən yayınmadı. Onu Moskvaya - Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində oxumağa göndərdilər. Sovet kinosunun Sergey Gerasimov, Lev Kuleşov kimi korifeylərindən sənət dərsi alan Şamil Mahmudbəyov ilk kursdaca kinoda təsadüfi adam olmadığını isbata yetirmişdi, ekrana ciddi münasibəti, düşüncə tərziylə diqqəti çəkmişdi.
Bakı kinostudiyasına qayıdanda artıq Azərbaycan kinosunda yeni canlanma ilə üzləşdi. Moskvada peşəkar təhsil almış Şamil Mahmudbəyov bu axına qoşularaq milli kinomuzun bir çox dəyərli əsərlərinə ekran həyatı verdi. Doğrudur, ilk vaxtlar ona böyük ekran əsərləri yaratmağı etibar etmirdilər. Çünki studiyada Hüseyn Seyidzadə, Əjdər İbrahimov, Tofiq Tağızadə, Lətif Səfərov kimi Moskvada təhsil almış rejissorlar çalışırdılar. Əvvəlcə “Görüş” (1955), “Qara daşlar” (1956) filmlərində ikinci rejissor işləmişdi, özünü sınamaq xətrinə poçtla kitab göndərilməsi, zavodda əməyin təhlükəsizliyi, Azərbaycan uzunömürlüləri, Naxçıvanda sosializm quruculuğu haqqında sənədli filmlər çəkmişdi. Əslində həmin filmlərı özü də xoşlamırdı. Elə ilk bədii filmi “Sol gediş” də yaddaşlarda çox yaşamadı. 1963-cü ildə Şamil müəllim ilk tammetrajlı filmini çəkdi. “Romeo mənim qonşumdur” adlı bu ekran əsəri bəstəkar Rauf Hacıyevin eyniadlı musiqili komediyasının motivləri əsasında ekranlaşdırılmışdı. Maraqlı film idi. Rejissor bu əsərin ümumi ahəngini saxlasa da maraqlı detallarla onu daha da zənginləşdirə bilmişdi.
“Şərikli çörək” filmi Azərbaycan kinosunun qiymətli nümunələrindəndir. Filmdə söhbət müharibə dövrünün uşaqlarından gedir. Demək olar ki, filmin qəhrəmanı da müaribə dövrünün Bakısıdır. Rejissor uşaqlarla işləməyi çox sevirdi. Bu filmdən əvvəl çəkdiyi “Qaraca qız”da da uşaqlar onun sevimli qəhrəmanları idi. Şamil müəllim deyirdi ki, uşaqlarla işləmək çətin olduğu qədər də maraqlıdır. Onun filmlərindəki uşaqlar elə bil professional aktyorlardır. 1970-ci ildə ekranlara çıxarılan “Şərikli çörək” filmi əslində uşaq filmi deyil, amma uşaqlar filmdə hadisələrin əsas iştirakçılarıdır. Onlar zamanın, dövrün ağrılarını yaşayırlar. Həm də elə məharətlə yaşayırlar ki, tamaşaçı onların ifasına, əsl mənada, heyran olur. Şamil müəllim deyirdi ki, “ Çəkdiyim filmlərdə vətəndaşlıq ideyasını, humanistliyi, insanlarda gözəlliyi axtarmışam. Ekranı uşaqlar və yaşlılar arasında bölmək düzgün deyil. Film vahid kino əsəridir. Uşaq auditoriyası üçün nəzərdə tutulan filmlərdə “yaşlı” filmlərin davam etdirdikləri işin bünövrəsi qoyulur. Həmin filmlərdə gələcəyin qurucuları tərbiyə olunur, onlarda yaradıcı əməyə, kollektivçiliyə məhəbbət oyadılır və s. Uşaqlar üçün ən yaxşı filmlərin nəcib rolu da bundan ibarətdir."
“Şərikli çörək” filminə görə ona Dövlət mükafatı verildi. Əfsus ki, bu filmin dövlət mükafatçıları arasında rejissorun “kəşf etdiyi” Qırçı Məhəmməd rolunun ifaçısı Fazil Salayevin adı yox idi. Rejissorun ekran həyatı verdiyi filmlər arasında “Həyat bizi sınayır”, “Torpaq. Dəniz. Od. Səma”, “Skripkanın sərgüzəştləri” kimi bədii filmlər də var idi. Şamil müəllim ara-sıra aktyor kimi də filmlərdə çəkilirdi. “Fəryad” filmindəki erməni həkim rolu bu cəhətdən əlamətdardır.
Şamil Mahmudbəyov həyatla barışmış adam idi, ömrünün ən yaxşı çağlarında, istedadı, imkanı müqabilində arzuladıqlarını gerçəkləşdirə bilməyən sənətçi hələ sağlığında ikən az qala hamı tərəfindən unudulmuşdu. Özünü gözə soxmağı xoşlamazdı, yüksək kürsüləri, televiziya ekranlarını sevməzdi, gördüyü işləri dilinə gətirməyi belə özünə ar bilərdi. 73 yaşında dünyasını dəyişdi. Amma bizlərə gözəl əsərlər qoyub getdi.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.