Humayə Məmmədova Lənkəran şəhərində anadan olub. Azərbaycan Neft Akademiyasını bitirib. Taleyini isə xalçaçılığa bağlayıb. Bu da təsadüfi olmayıb. Çünki hələ gənclik illərindən bu sənətə böyük həvəs göstərib, sahənin incəliklərini dərindən mənimsəyib. 1996-cı ildə onun Azərxalça Elmi Yaradıcılıq İstehsalat Birliyinin Quba Xalçaçılıq İstehsalat müəssisəsinə direktor təyin olunması da məhz bununla bağlı olub. 2001-ci ildə isə adıçəkilən müəssisə özəlləşdirilib və H. Məmmədova da o vaxtdan “Qədim Quba” Özəl Xalçaçılıq MMC-nin direktoru vəzifəsində çalışır. O, yaşadığı bölgədə xalçaçılığın inkişafındakı xidmətlərinə görə, hələ 2005-ci ildə Fəxri diplomla təltif edilib.
H. Məmmədova söhbət zamanı dedi ki, xalçaçılıq Azərbaycanın ən qədim el sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar verib, Şirvan, Təbriz, Qarabağ, Qazax, Gəncə, Quba xalçalarının Böyük İpək yolu üstündəki bütün ölkələrdə məşhur olduğunu bildiriblər. Azərbaycanın xalı və xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır.
Azərbaycan xalçaları naxışların incəliyi və ilmələrin yüksək sıxlığı, tərtibatın orijinallığı, milli koloriti ilə daha çox seçilir. Ölkəmizdə toxunan xalçaların istehsal prosesi bütün beynəlxalq standartlara tam cavab verir. Sapları boyamaq üçün ancaq təbii rənglərdən istifadə edilir, eskizlər yalnız milli naxış və çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.
Humayə xanımın sözlərinə görə, Azərbaycana gələn xarici qonaqlar xalçalarımızın gözəlliyinə valeh olduqlarını dilə gətirir, ölkəmizdə bu qədim el sənətinin məhəbbətlə yaşadılmasını yüksək qiymətləndirirlər.
Müsahibim söhbət zamanı xüsusi vurğuladı ki, Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. Təbii ki, bu məsələdə – qədim el sənətimizin yaşadılmasında, inkişafında, dünyada təbliğində möhtərəm Prezidentimiz İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mühüm rolu danılmazdır.
Mehriban xanım Əliyevanın xalçaçılığa qayğısı ilə bağlı diqqəti bir məqama yönəldən H.Məmmədova bildirdi ki, hörmətli Mehriban xanım son illər ərzində çox böyük əmək sərf edərək Azərbaycan xalçasını dünyada tanıdıb. Artıq 2010-cu ildə Azərbaycan xalçası UNESCO-nun bəşəriyyətin qeyri maddi-mədəni irsi siyahısına daxil edilib. Bu, çox əlamətdar hadisədir. Ona görə ki, hər bir xalq, onun mədəniyyəti o vaxt öz dəyərini alır ki, o, dünya tarixinə düşür. Mehriban xanımın səyi nəticəsində biz buna nail olmuşuq...
H. Məmmədova ölkəmizdə xalçaçılığın inkişafına göstərilən qayğı ilə bağlı bir faktı da xatırlatdı. Vurğuladı ki, bu ilin avqust ayında Dənizkənarı Milli Parkın ərazisində Xalça Muzeyinin yeni binası istifadəyə verilib. Orijinal üslubda inşa olunan həmin bina bükülmüş xalçanı xatırladır. Burada Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim edilir.
Sözügedən muzeyin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin dediyi “Xalça bizim milli sənətimizdir. Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür etmək mümkün deyil” sözlərini indi də yaxşı xatırlayıram. Bunu maddi-mədəni irsimizə verilən yüksək qiymət kimi dəyərləndirirəm.
Bəli, Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir. Biz öz xalçamızı, xalçaçılıq sənətimizi qoruyuruq. Azərbaycan xalçasının qorunması və inkişaf etdirilməsi haqqında müvafiq qanun da qəbul edilib. Bu isə sənəti yaşatmağa, onu gənclərə öyrətməyə böyük stimul verir. Bir sözlə, xalçaçılıq sənəti bizim böyük sərvətimizdir və əlbəttə, çalışırıq ki, gənc nəsil bu sənətə maraq göstərsin.
Biz gənclərə təlqin edirik ki, xalça sənətinin əsası, meyarı sayılan və xalçanın ana dili olan ornament və şux, əlvan, fəlsəfi rəng ahəngləri digər xalqların yaratdığı xalçalardan çox-çox fərqlənir. Bu fərqliliklər xalqımızın mədəni dəyərlər sistemindən qaynaqlanmasından xəbər verir. Ona görə də bu sənətin dərindən öyrənilməsi və yaşadılmasını daim diqqət mərkəzində saxlayırıq.
Humayə Məmmədova söhbət zamanı onu da xatırlatdı ki, Azərbaycan xalqının mədəni irsi, tarixi, mədəniyyəti çox zəngindir. Son illər ərzində dünyanın müxtəlif yerlərində Azərbaycanla bağlı təqdimatlar, sərgilər, konsertlər keçirilir. Əlbəttə ki, xalça o təqdimatların mərkəzində yerləşir. Çünki bu, doğrudan da dünya miqyasında böyük bir dəyərdir. Mən hesab edirəm ki, Azərbaycan xalçası dünyada xalçaçılıq sənətinin etalonudur. Təsadüfi deyil ki, bizim xalçalarımız dünyanın ən məşhur muzeylərində nümayiş etdirilir.
Azərbaycanın qədim xalçaçılıq ənənlərinə sahib bölgələrindən biri olan rayonumuzda da xalçaçılığın tarixi qədimdir, V-VI əsrlərə gedib çıxır. Çiçi, Qımıl Alpan, Qırız, Ləcət və digər kompozisiyaların yer aldığı Quba xalçaçılıq məktəbi özünəməxsus ilmələri, üslubu və naxışlarına görə fərqlənir.
Hazırda rayonumuzda bu ənənənin yaşadılmasına mühüm önəm verilir. Bu isə, təbii ki, qədim sənətin, necə deyərlər, ömrünün uzanmasına, nəsillər arasındakı milli-mənəvi bağlılığın daha da möhkəmlənməsinə öz müsbət təsirini göstərir. Burada, əlbəttə, görkəmli xalça ustalarının öz təcrübəsini gənc nəslə ötürmələri mühüm şərtdir.
Rayonumuzda sahibkarlığa mühüm önəm verilməsi Quba xalçaçılığının da inkişafına öz müsbət təsirini göstərib. Məhz bunun nəticəsidir ki, hazırda Quba həm də bu sənətlə şöhrət qazanıb. Yeri gəlmişkən, Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılıb. “Qədim minarə”, “Qımıl”, “Alpan”, “Qollu-çiçi”, “Pirəbədil”, “Hacıqayıb”, “Qırız”, “Cek” kimi ən parlaq kompozisiyaları yaşadan xalçalarımız bütün dünyada tanınb.
Sadalananlar arasında daha çox diqqət çəkən “Qədim minarə”nin kompozisiyanın əsasını namazlıq xalçalarına xas olan dini xarakter daşıyan, “kufi” xəttini xatırladan naxışlı zolaqla haşiyələnmiş böyük “göl” təşkil edir. Bu növ naxışlara Ərdəbil, Bərdə şəhərlərindəki orta əsr məqbərələrində rast gəlinir. Bu xalçalar Quba şəhərində və onun ətraf xalça məntəqələrində toxunur.
H. Məmmədova söhbətinin sonunda onu da qeyd etdi ki, Azərbaycanda xalçaçılığın inkişafına xüsusi qayğı ilə yanaşılmasının bir səbəbi də bu sənətlə böyük dəyərlərə malik olan və bu dəyərləri qoruya bilən ölkəmizin dünyada təbliğini reallaşdırmaqdır. Bu gün Azərbaycana gələn xarici qonaqlar respublikamızda həyata keçirilən abadlıq-quruculuq tədbirlərini görür, yaradılan gözəlliyi qeyd edirlər. Bununla yanaşı, eyni zamanda, ölkəmizin dəyərləri ilə də tanış olurlar. Memarlıq, musiqi, rəssamlıq və şübhəsiz ki, xalçaçılıq sənəti xalqımızın qürur mənbəyidir.
V. ƏLİYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.