“Ulu Çinar”ın türk xalqları ədəbiyyatına töhfəsi

 Son illər türk xalqları ədəbiyyatının tədqiqi və tanıdılması istiqamətində bir sıra beynəlxalq tədbirlər təşkil edilir, nəşrlər yayımlanır.

Yetmiş il  sovet ideologiyasında kommunist rejiminin diktəsilə yaşayan və  qardaş  Türkiyə ilə  əlaqələri yasaq edilən  türk xalqları imperiyanın çöküşü ilə yeni dövrə qədəm qoydu. Bir vaxtlar milli ruhlu ziyalılar öz milli-mənəvi dəyərlərinə sahib çıxdığına  görə “pantürkist” damğası ilə repressiyaya məruz qalırdılarsa,  indi artıq ortaq milli-mənəvi dəyərlərə, dilə və keçmişə malik türk xalqlarının inteqrasiyası üçün müxtəlif sahələrdə, o cümlədən ədəbiyyat sahəsində xeyli iş görülür.

Bu baxımdan Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin orqanı olan “Ulu Çinar” jurnalının ilk sayının işıq üzü görməsi  əlamətdar ədəbi hadisə sayıla bilər.  Elxan Zal Qaraxanlının baş redaktorluğu ilə çıxan dərgi məzmun baxımından rəngarəngdir və ilk sayı olmasına baxmayaraq,  bir çox türk xalqlarının ədəbi nümunələrini əhatə edir.  Dərgidə Azərbaycandan AYB sədri Anarın ( “Təntənə və tənhalıq”), tanınmış şairə Sona Vəlinin (“Səni yolçu etdim”),  “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun (“Bir mahnının izi ilə, yaxud Qıpçaq qızı Sarı gəlin”), şair-tərcüməçi Oktay Hacımusalının (“Türkiyəli yazar Samiha Ayverdi”), dərginin baş redaktoru Elxan Zalın (“Bakı-Belqrad duyğuları”), şair-publisist Namiq Hacıheydərlinin (“Kəndimizin “Novruz”u”) ədəbiyyatşünas Təranə Turan Rəhimlinin (“Məmməd Akif Ərsoy və Hüseyn Cavid yaradıcılığında türkçülük və turançılıq ideyası”) yaradıcılıq nümunələri yer alıb.

Jurnalda bu il 100 illik yubileyi qeyd olunan məşhur türk şairi Fazil Hüsnü Dağlarca haqqında Xalq yazıçısı Anarın məqaləsinə yer verilib. “Ulu Çinar”ın səhifələrini vərəqlədikcə,  sanki qiyabi olaraq, baş alıb gedən ucsuz- bucaqsız türk ellərinin söz boxçasına  qonaq olursan;  Kazıbek Şaxanov (Qazaxıstan), Gennadi Aygin (Çuvaşıstan), Renat Xaris (Tatarıstan), Lazar Kokişev (Altay), Bəstə Sakallı (Şimali Kipr), Nataliya Axpaşeva (Xakasiya), Liliya Qazizova (Tatarıstan), Əməl Emin (Rumıniya), Mariya Kuçumova (Başqırdıstan), İvan Miqalkin  (Saxa-Yakutiya), Sanjar Yanışev (Özbəkistan)...

Bu adlarla tanış olduqca, kollektivin dərgini nə üçün “Ulu çinar” adlandırdığının fərqinə vardım. Ulu çinarın budaqlarını bir gövdə birləşdirdiyi kimi, türk xalqlarını da onların ortaq dili, tarixi  keçmişi və zəngin mədəni irsi birləşdirir.

İnanırıq ki, dərgi türk xalqları ədəbiyyatının tanıdılmasında üzərinə götürdüyü missiyanı layiqincə davam etdirəcək və ədəbiyyat həvəskarlarının sevimli nəşrinə çevriləcək.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında