Onun həyat yolu əsl nağıla bənzəyir. Biri vardı, biri yoxdu... Bir Səttar vardı. Dünya malında gözü olmayan, qəlbi, ruhu büllur kimi təmiz, həyatın əzablarını içində çəkən, bu əzablarını kağız üzərinə tökərək çox dəyərli rəsmlərə çevirən, ömrünün ən qiymətli anlarını bu əsərlərlə bir yerdə keçirən bir insan, Səttar var idi. O bu dünyanın qaranlığa yox, işığa gedən yolunu seçdi və bu işığın yaratdığı rənglər dünyasında özünü tapdı. O rənglərin dilini, söz-söhbətini öyrəndi, onların köməyi ilə öz rəssam dünyasını yaratdı.
...Bir Səttar var idi... O, iqlimi sərt, təbiəti küləklər əlindən cana doymuş Bakının Əmircan kəndində 1909-cu ilin dekabrın 15-də, soyuq bir qış günü dünyaya göz açmışdı. Uşaqlığı bu kənddə keçmişdi. Bu kənddə dil öyrənmiş, təhsil almışdı və elə rəssamlığına da burada başlamışdı. 1931- ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olmuşdu. 1941-ci ildə həmin institutu bitirmişdi. Məşhur rəssamlar V.A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olmuşdu. Əmək fəaliyyətinə “Kommunist” qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlamışdı. 1931-1933-cü illərdə o dövrə uyğun ilk karikaturaları çap edilmişdi.
Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur. Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində saxlanılır. S.Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskva xəstəxanasında vəfat etmiş, Əmircan kəndində dəfn olunmuşdur. Qəbri üstündə böyük sənətkarımız Ömər Eldarovun yaratdığı möhtəşəm abidə ucaldılıb. Bunlar S.Bəhlulzadənin həyatının qısa xronikasıdır. Amma adi həyatdan fərqli olaraq, onun ömür salnaməsində əsrarəngiz bir rənglər dünyası da var ki, bu, Səttara əbədiyaşarlıq bəxş edib, onu insanlar arasında seçilmişlər sırasına çıxarıb. Onu bu dünyaya qovuşduran yaradıcı təxəyyülünün məhsulu olan dahiyanə əsərləridir. S. Bəhlulzadənin bu əsərlərini qiymətli edən onların Azərbaycanla, vətən torpağı ilə bağlılığıdır. Bu yaradıcılıq çələngindən hansı əsəri götürürsən-götür, oradan bu torpağın ətrini, nəfəsini duyacaqsan. Səttar üstündə gəzdiyi vətən torpağının bütün rəng çalarlarını öz əsərlərinə gətirə bilib. İstər qrafik, istərsə də rəngkarlıq janrında yaratdığı əsərlərində Azərbaycan var, onun insanlarının obrazları var. Əslində onun yaradıcılıq predmeti təbiət idi. Yaşıl meşələr, sıldırım qayalar, çaylar, göllər və bir də Abşeronun sərt təbiəti. O, bu təbiəti sevirdi, onunla nəfəs alırdı, saatlarla, günlərlə dəniz sahilində oturub dalğaların melodiyasını dinləyər, sonra da bu melodiyaların notlarını rənglərə çevirərdi. Həzz alardı bu peyzajlardan, ətrafında da kimsə olmazdı ki, öz xoşbəxt dəqiqələrini onunla bölüşsün.
Çox qəribədir ki, ilk zamanlar onun əsərlərini cızma-qara kimi qiymətləndirənlər də olub. Zaman keçdikcə bu əsərlər özlərinin əsl qiymətini alanda, daha doğrusu, böyük muzeylərin eksponatına çevriləndə Səttarın böyüklüyü, ucalığı , dahiliyi ortaya çıxıb. Onun hər bir əsəri haqqında istədiyin qədər danışmaq olar. “Xəzər üzərində axşam”, “Xəzər gözəli”, “Əbədi məşəllər”, “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı” , “Əfsanəvi torpaq”, “Şahnabat”, “Naxçıvan. Axşamçağı Ordubad bağlarında”, “Vətənimin baharı”, “Bakıda atəşfəşanlıq”, “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol”, “Əmircan”, “Neft daşları”, “Şamaxı üzümlükləri” və s. əsərləri tamaşaçını Səttarın sehrli dünyasına aparır, onu təbiətin görünməz sirləri ilə qarşılaşdırır. O, bu əsərlərini Moskvada sərgiləməyi çox arzulayırdı. Amma bu arzusu çox sonralar, ağır xəstəlik dövrünə təsadüf etdi. Onu bu sərgiyə aparmamışdılar. Dostlarının köməyi ilə sonra böyük çətinliklə bu sərgiyə özünü çatdırmış və həmin vaxt orada əməliyyat olunmuşdu.
Əvvəllər sosialist realizmi cərəyanına meyillənən rəssam sonralar fransız impressionistlərinin yolu ilə gedərək öz sənət dünyasını yaratdı. Və o vaxtdan ömrünün sonuna kimi həmin üsluba sadiq qaldı. Sənətşünaslardan birinin dediyi kimi, Səttarın meşələri yamyaşıl, çayları dumdurudur. Səttarın ağacları çiçəkli, torpağı rayihəlidir. Səttar torpaq adamıdır. Bəli, Səttar Bəhlulzadə təpədən dırnağa kimi rəssam idi. Əsərlərinə tamaşa edəndə adam daxili bir qürur hissi keçirir. Azərbaycanın belə dahilər diyarı olduğuna görə fəxr edirsən.
Səttarın yaradıcılığı romantikdir. Onun əsərləri lirikayla doludur. Səttarın rəsmlərində ağrı, əzab, problem yoxdur. Qara rəng yoxdur. Bu əsərlərdə hər şey idealdır, hər şey gözəldir. Təbiət dumduru, insanlar tərtəmizdir.
Bu yazını hazırlayarkən saytlardan birində bir fakt diqqətimi çəkdi. Səttar müəllim danışırmış ki, altmışıncı illərin əvvəllərində Moskvada təşkil olunmuş Ümumittifaq sərgisində Qazaxıstan Mədəniyyət Nazirliyinin əməkdaşları onun orada nümayiş etdirilən “Xəzər gözəli” (1960) adlı əsərini görüb müəllifin ardınca Bakıya gəliblərmiş. Onlar rəssamla görüşdükdən sonra həmin əsəri Qazaxıstan Dövlət Rəsm Qalereyası üçün almaq istədiklərini bildiriblər. O isə artıq əsərin Azərbaycan Dövlət İncəsənət Muzeyi üçün alındığını söyləyib. Bu cavabı eşidən qonaqların əhvalı pozulur. Söhbət vaxtı onlar maraq xatirinə rəssamdan əsərin neçəyə alındığını öyrənməyə çalışırlar. Səttar isə bunu gizli saxlamağa çalışir. Qazaxıstanlılar əsərin geri alınmasının mümkünlüyünü dilə gətirməklə ona 25 min rubl (o vaxt üçün şox böyük məbləğ idi) verməyə hazir olduqlarını bildiriblər. Bunun üçün onun razılığını istəyiblər. Buna nail ola bilməyəndə onlar rəssamdan heç olmasa ona əsər üçün verilən qonorarın miqdarını söyləməyi xahiş ediblər. Səttarın “600 rubl” sözündən sonra qazaxıstanlı qonaqlar uzun müddət çaşqınlıqdan özlərinə gələ bilməyiblər. Ən sonda onlar heç olmazsa bu əsəri rəssamdan təkrar çəkməyi xahiş ediblər. O isə “Təkrarçılıqla məşğul olmuram” cavabını verib. Səttar belə insan idi. Hətta ona verilən Dövlət mükafatından da imtina etmişdi. Gürcülər də onu Tiflisə dəvət etmişdilər. Amma o, Azərbaycandan, doğma torpaqdan heç vaxt aralı yaşamadı. Vətən sevgisi onun əsərlərinə də hopmuşdu. Hansı əsərinə baxırsan, orada Azərbaycan var, bu torpağın tarixi qəhrəmanları, qurub- yaradan insanları, dağları, dərələri, çayları, füsunkar təbiəti var. Vaxtilə doğma yurdu Azərbaycan onu sona qədər dünyaya tanıda bilməsə də, onun özü Azərbaycanı tanıtdı. 2009-cu ildə UNESCO-nun qərarı ilə Səttar Bəhlulzadənin 100 illik yubileyinin bütün dünyada qeyd olunması da bunun təsdiqidir...
Bəli, bir Səttar vardı. O, rənglərin dili ilə danışar, rənglər aləmində rahatlıq tapardı. Amma nağılın sonunda göydən düşən üç almadan heç biri ona qismət olmadı. Vaxtilə işığa doğru getdiyi yol onu əbədiyyətə qovuşdurdu. İşıqlı dünyada isə onun nəsillərə yadigar olan əsərləri qaldı.
Elçin ORUCOV,
Əməkdar mədəniyyət işçisi, rəssam
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.