Görkəmli dramaturqun xatirəsi Xızıda anıldı Cəfər Cabbarlı-115

Cəfər Cabbarlı o sənətkarlarımızdandır ki, onun çoxşaxəli yaradıcılığı  bir sıra sahələrin inkişafına təsir göstərmişdir. O, dramaturgiya, nəsr, poeziya, tərcümə, teatr, eləcə də kino sahəsində uğurla fəaliyyət göstərmiş, yaddaqalan əsərlər yazmışdır.

 1899-cu il  martın 20-də Xızıda dünyaya göz açan Cəfər Cabbarlının sonrakı həyat və fəaliyyəti daha çox Bakının Dağlı məhəlləsində keçmişdir. Böyük dramaturqun anadan olmasının 115-ci ildönümü də məhz onun doğulduğu Xızı rayonunda təntənə ilə qeyd edildi.

Xızı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun və C.Cabbarlının ev-muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə respublikanın  bir sıra ziyalıları, C.Cabbarlı yaradıcılığını tədqiq edən alimlər, eləcə də ədəbiyyatsevərlər qatılmışdılar.  Tədbir Xızı şəhərinin Heydər Əliyev Mərkəzində baş tutdu. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin və Cəfər Cabbarlının Xızıda ucaldılmış abidələrini ziyarət etdilər.

Tədbiri açıq elan edən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli sənətkarın ədəbiyyatımızdakı rolundan və ədəbi-ictimai fəaliyyətindən söz açdı. Bildirdi ki, C.Cabbarlının dramaturgiyası Azərbaycan teatrı və kinosunun inkişafına öz töhfələrini vermişdir. Onun nəsr, poeziya, teatr və kinodakı uğurları, eləcə də ictimai fəaliyyəti sənətkarın daxili dünyasını anlamağa imkan verir.

Xızı Rayon İcra Hakimiyətinin başçısının müavini Arzu Əzizov bildirdi ki, sənətkarın yubileyinin Xızıda, məhz Heydər Əliyev Mərkəzində keçirilməsi rayon ictimaiyyəti üçün əlamətdar hadisədir. Çünki mərkəz ilk dəfədir ki, belə möhtəşəm tədbirə ev sahibliyi edir.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi sənətkarın dramaturgiyasının özəlliklərindən, onun ictimai əhəmiyyətindən söz açdı. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı C.Cabbarlını romantizm ədəbi cərəyanının nümayəndəsi kimi xarakterizə etdi, əsərlərinin ideya və məzmun yükündən danışdı.

C.Cabbarlının bir sıra pyeslərində rol almış, xüsusilə də “Aydın”da  Gültəkin obrazını canlandırmış Xalq artisti Məleykə Əsədova çıxışını Gültəkinin monoloqu ilə başladı və C.Cabbarlı dramaturgiyasının onun səhnə fəaliyyətində mühüm rol oynadığını qeyd etdi.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd, institutun aparıcı elmi işçiləri  filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov və  filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Rafiq Sadıqov, şair Oktay Rza sənətkarın əsərlərinin ictimai məzmununu yüksək dəyərləndirdilər.

Yubiley tədbirində Xalq artisti Mələkxanım Əyyubova sözləri C.Cabbarlıya məxsus “Gərək Günəş dağları aşıb sönməyəydi” mahnısını ifa etdi. Müğənnilər Rəşad İlyasovun və Mehri Əsədullayevanın ifa etdikləri  C.Cabbarlının şeirlərinə bəstələnmiş mahnılar iştirakçılarda xoş ovqat yaratdı. C.Cabbarlının 115 illiyinə həsr edilmiş şeir müsabiqəsində birincilik qazanmış istedadlı şagird Toğrul Baxışlının ifası da alqışlarla qarşılandı.

Dramaturqun yaradıcılığını tədqiq edən, onun irsini yaşadan bir sıra şəxslər, o cümlədən C.Cabbarlının ev muzeyinin direktoru, ədibin nəvəsi Qəmər Seyfəddinqızı diplomla təltif edildilər.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında