Dekabrın 1-də - Xalq şairi Məmməd Arazın anım günündə onun doğulub boya-başa çatdığı Şahbuz rayonunun Nursu kəndində Ev Muzeyinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. Sonra Ali Məclisin sədri, şairin ailə üzvləri və tədbir iştirakçıları ədibin muzeyin foyesindəki portretinin önünə gül dəstələri qoymuşlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Xalq şairi Məmməd Arazın ev muzeyinin açılışı münasibətlə tədbir iştirakçılarını, ziyalıları, muxtar respublikanın ədəbi ictimaiyyətini təbrik edərək demişdir: “Məmməd Araz yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafında mühüm mərhələ təşkil edir. Ölkə Prezidenti cənab İlham Əliyev Məmməd Arazın Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini yüksək dəyərləndirmişdir: “Ana dilinin bütün incəliklərini özündə toplamış Məmməd Araz poetik irsi gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşması baxımından müstəsna əhəmiyyətə malikdir”.
Şahbuzun Nursu kəndində dünyaya göz açan, ilk təhsilini Nursuda alan Məmməd Araz Azərbaycan Pedaqoji İnstitutunu və Moskvada Ədəbiyyat İnstitutunu bitirmiş, nəşriyyat, qəzet və jurnallarda müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik etmiş, 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olmuşdur. Hansı vəzifədə işləməsindən asılı olmayaraq Məmməd Arazın həyatı ədəbiyyatın yüksək məramına xidmətdə keçmiş, bu sahədə misilsiz nailiyyətlər qazanaraq Azərbaycan lirikasının poetik zirvəsini fəth etmiş və bu zirvədə əbədi yaşamaq haqqı qazanmışdır.”
Ali Məclisin sədri muzeyin Məmməd Araz irsinin öyrədilməsində mühüm xidmətləri olacağına inamını bildirmiş, böyük şairin xatirəsini bir daha ehtiramla yad etmiş, çıxışını ümummilli liderimizin müdrik kəlamları ilə bitirmişdir: “Məmməd Araz Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdə də öz yerini tutacaqdır”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Məmməd Arazın Ev Muzeyinin istifadəyə verilməsini böyük mədəniyyət hadisəsi kimi dəyərləndirərək demişdir: “Böyük sənətkarın zəngin ədəbi fəaliyyəti Azərbaycan poeziyasına bir-birindən dəyərli sənət inciləri bəxş etmişdir. Qüdrətli söz ustası XX əsr Azərbaycan ədəbiyyatında parlaq səhifə açmış, onun əsərləri gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynamışdır. Məmməd Arazın dünya haqqında, Azərbaycan haqqında yazdığı şeirlərin qayəsində ata ocağına məhəbbət xüsusi yer tutur. Bu ocaq Məmməd Araz şeirinin düşüncəsini, fəlsəfəsini irəli aparan qüvvətli meyardır.”
Qeyd olunmuşdur ki, Nursu kəndində Xalq şairi Məmməd Arazın Ev Muzeyinin yaradılması ümummilli liderimiz Heydər Əliyevin sənətə, sənətkara, ziyalılara, ədəbiyyata göstərdiyi böyük hörmət ənənələrinin daha bir təntənəsidir. Eyni zamanda, bu muzey binasının istifadəyə verilməsi ölkə Prezident cənab İlham Əliyevin “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında”kı sərəncamının icrası istiqamətində görülən işlərə ən layiqli töhfədir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev demişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətində ədəbiyyat və mədəniyyət məsələləri mühüm yer tutmuşdur. Ulu öndərmiz həm Məmməd Arazın şəxsiyyətinə, həm də böyük istedadına, bənzərsiz sənətinə daim yüksək qiymət vermiş, Xalq şairini “İstiqlal” ordeni ilə təltif etmişdir.
İsmayıl Hacıyev Məmməd Araz irsinin öyrənilməsi istiqamətində həyata keçirdiyi tədbirlərə və ev muzeyinin istifadəyə verilməsinə görə muxtar respublikanın yaradıcı ziyalıları adından Ali Məclisin sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar qeyd etmişdir ki, poeziyamızda öz səsi, öz nəfəsi ilə seçilən Məmməd Arazın əbədiyyətə qovuşmasından 10 il keçir. Lakin bu gün şairin doğma kəndində ev muzeyinin istifadəyə verilməsi ilə Məmməd Araz yenidən doğulur, yenidən dünyaya gəlir.
Xalq şairi Məmməd Arazın həyat yoldaşı Gülxanım İbrahimova Məmməd Araz irsinin yaşadılmasına göstərdiyi diqqət və qayğıya görə ailə üzvləri adından Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova minnətdarlıq etmişdir.
Sonra Ali Məclisin sədri Vasif Talıbov və tədbir iştirakçıları muzeydə yaradılan şəraitlə tanış olmuş, ekspozisiya zalında sərgilənən eksponatlara baxmışlar.
Muzey binası iki mərtəbədən ibarətdir. Burada muzey işinin səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır. Xalq şairi Məmməd Arazın zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzey ədibin həyat və yaradıcılığı haqda geniş məlumat almağa imkan verir.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.