Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələr genişlənir

Ölkəmizin Gürcüstanla əlaqələri ildən-ilə genişlənir. Bu əlaqələr tarixi dostluğa və qonşuluğa, qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanır və hər iki dövlətin geosiyasi əhəmiyyətli regionda yerləşməsi, mövcud əlaqələrin tarixiliyindən irəli gəlir.

Azərbaycanın regional liderliyi, regionda reallaşan layihələrə Azərbaycanın vasitəçiliyi ilə daxil olma, sosial-iqtisadi rifahın artımına xidmət edən Azərbaycan reallığı Gürcüstan üçün təkzibedilməz faktordur. Məhz Azərbaycan regionda Gürcüstanın ən yaxın tərəfdaşı, etibarlı əməkdaşıdır. Gürcüstanda on minlərlə həmyerlimizin yaşaması, onların rahat həyatının təmin olunması baxımından isə əməkdaşlıq Azərbaycan üçün də önəmlidir.

Gürcüstanla Azərbaycan arasında mədəni əlaqələr tarixən mövcud olmuşdur. Bu əlaqələr ölkələrimiz müstəqillik qazandıqdan sonra daha da genişlənmişdir. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, festivallar, film çəkilişləri və s. bu əməkdaşlığın nümunələridir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət və turizm sahələrində əlaqələrin genişlənməsi üçün davamlı tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri 2009-cu ildə baş tutmuşdu. Həmin il Gürcüstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri həmin əlaqələrin önəmli nümunəsi idi. Azərbaycan Mədəniyyət Günləri “Mirzə Şəfi nəğmələri” kitabının təqdimat mərasimi ilə başlanmışdı. Kitabda Azərbaycan və gürcü xalqları mədəniyyətlərinin yaxınlaşmasında mühüm rolu olan M.Ş.Vazehin yaradıcılığının az məlum olan, rus dilindən tərcümələri toplanmışdır.

Bundan başqa, Gürcüstanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrında Bakıdan gəlmiş incəsənət ustalarının iştirakı ilə konsert olmuşdur. Konsertdən əvvəl hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir. Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev tədbirdə çıxış etmişdi. Azərbaycan və gürcü incəsənət xadimlərinin mehriban əlaqələrindən söhbət açan Ə.Qarayev jurnalistlərin “Gürcüstanda qədim Azərbaycan və türk abidələrinin dağılmaq təhlükəsi var. Gürcüstanlı həmkarlarınızla görüşdə bu barədə söhbət aparıldımı?” sualını cavablandırarkən demişdi ki, təəssüf ki, həm Azərbaycanda, həm də Gürcüstanda abidələrin qorunması məsələsində problemlər var. Bu istiqamətdə tədbirlər görülür və bu qəbildən olan problemlərin həlli yollarına baxılıb birgə fəaliyyət planı işlənib hazırlanacaqdır. Azərbaycan incəsənət ustaları Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin inzibati mərkəzi Rustavi şəhərində, sonra isə Bolnisi rayonunda geniş konsert proqramı ilə çıxış etmişdilər. Azərbaycanda da Gürcüstan Mədəniyyəti Günləri keçirilir, belə tədbirlər gürcü mədəniyyəti ilə daha yaxından tanışlıq imkanı verir.

 Elə bu yaxınlarda Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi naziri Mixeil Georqadzenin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Gürcüstan Rəssamlarının Beynəlxalq Yaradıcılıq Birliyi və Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşəbbüsü ilə təşkil olunan “Gürcüstandan sevgi ilə” adlı sərgidə klassik və müasir gürcü rəssamlarının 130-a yaxın əsəri nümayiş olunmuşdur. Azərbaycan Milli İncəsənət Muzeyində ilk dəfə bu qədər sayda əcnəbi rəssamın əl işləri sərgilənmişdir.

Açılışda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanla-Gürcüstan arasında mədəni mübadilənin möhkəmlənməsinə xidmət edən sərginin əhəmiyyətini vurğulayıb, bu sənət hadisəsinin iki ölkə rəssamlarını yeni axtarışlara sövq etdiyini deyib: “Gürcü rəngkarlıq məktəbi təkcə Azərbaycanda deyil, bütün dünyada tanıdılmağa layiqdir. Biz Gürcüstanla bir çox beynəlxalq layihələrdə birgə çıxış edirik. İnanıram ki, bu addımlar gələcək əlaqələrin daha da möhkəmliyinə bir qarantdır”.

Öz növbəsində Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi naziri Mixeil Giorqadze ümidvar olduğunu bildirib ki, təqdim edilən sənət əsərləri Azərbaycan sənətsevərlərində Gürcüstan incəsənəti haqqında təsəvvür yaradacaq, gürcü xalqının mədəniyyəti və adətləri ilə yaxından tanışlığa körpü olacaqdır. “Məqsədimiz mədəni mübadilələri intensivləşdirməkdir. İki ölkə arasında təkcə rəssamlıq sahəsində deyil, mədəniyyətin bütün növlərində mübadiləni inkişaf etdirməliyik”, – deyə o, vurğulayıb.

Daha bir mötəbər tədbir isə Azərbaycan Xalça Muzeyində baş tutub. Muzeydə “Azərbaycan xalçaları Gürcüstan Milli Muzeyində” adlı kataloqun təqdimat mərasimi keçirilib. Kataloq Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyinin dəstəyi ilə çap olunub. Mərasimdə çıxış edən Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva dövlət səviyyəsində milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Azərbaycan xalçaları bəşəriyyətin nadir inciləri kimi yüksək dəyərə malik mədəni irsimizdir: “Xalçaçılıq xalqımızın qədim məşğuliyyət sahələrindən biridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu ilin noyabında xalçalarımızın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi ölkəmizin böyük uğurudur. Böyük tarixi inkişaf yolu keçən Azərbaycan xalçaları bu gün də tədqiq olunur, öyrənilir. Xalılarımızın sorağı dünyanın ən məşhur saraylarından, muzeylərindən gəlir”.

Daha sonra Sevda Məmmədəliyeva Gürcüstandakı Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyevaya Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanını təqdim etmişdir.

Tədbirdə çıxış edən Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi naziri Mixeil Georqadze Azərbaycan xalçalarının dünya miqyasında özünəməxsus yerə və şöhrətə sahib olduğunu vurğulayıb. Bildirib ki, iki ölkənin mədəniyyəti və tarixi əlaqələri əsrlər boyu dostluq, qardaşlıq zəminində inkişaf edib, zənginləşib: “Bu gün münasibətlərimiz bütün sahələrdə yüksələn xətlə inkişaf edir. Mədəni əlaqələrimiz də böyük tarixə malikdir.

Bu gün Azərbaycan xalçaları, bir çox dünya muzeylərində olduğu kimi, Gürcüstan muzeylərinin də ən dəyərli eksponatları olaraq qorunub saxlanılır. Gürcüstanda Azərbaycan mədəniyyətinə və incəsənətinə böyük maraq var: “Azərbaycan xalçaları Gürcüstan Milli Muzeyində” kataloqunun çapdan çıxması hər iki ölkənin mədəni həyatında mühüm hadisədir”.

Gürcüstan Milli Muzeyinin baş kuratoru Eldar Nadiradze, Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva, Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva çıxış edərək iki qonşu və dost ölkənin mədəni əlaqələrindən, Qafqazda, xüsusən də Azərbaycanda xalçaçılıq sənətinin inkişafından danışıblar. Bildiriblər ki, təqdim edilən kataloqda böyük ənənələrlə zəngin olan Azərbaycan xalça sənətindən geniş bəhs olunur. Gürcüstan Milli Muzeyində qorunan xalçaların indiyə kimi bu cür geniş formatla və yüksək poliqrafik səviyyədə kataloqu nəşr olunmayıb.

Nəşr Gürcüstan Milli Muzeyinin baş kuratoru Eldar Nadiradze, Nodar Axalkatsi və Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyevanın birgə əməyi ilə ərsəyə gəlib. Elmi redaktoru Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevadır. Qeyd edək ki, “Azərbaycan xalçaları Gürcüstan Milli Muzeyində” kataloqu Tiblisidə gürcü, Azərbaycan, ingilis və rus dillərində 1000 nüsxə tirajla nəşr edilib. Nəşrdə Gürcüstan Milli Muzeyində və ölkənin müxtəlif muzeylərində qorunan Azərbaycan xalçaları hazırlanma yerinə və bədii-texniki xüsusiyyətlərinə görə 4 əsas qrupa və 9 alt qrupa ayrılaraq şərh olunur, Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz xalça qrupları haqqında ətraflı məlumatlar verilir.

1865-ci ildə Gürcüstanda Qafqaz muzeyi təsis olunub. Muzeydə Qafqaz xalqlarının maddi mədəniyyəti sahəsində etnoqrafik materialların, o cümlədən xalça məmulatlarının toplanmasına başlanılıb. 1872-ci ildə Moskvada I Pyotrun anadan olmasının 200 illiyinə həsr edilən böyük sərgidə Azərbaycan xalçaları da nümayiş olunub. Xalçalarımız 1873-cü ildə beynəlxalq Vyana sərgisində də yüksək qiymətləndirilib. O vaxtdan bəri Azərbaycan xalça nümunələri, dünyanın bir çox muzeyləri kimi, Gürcüstan muzeylərinin də dəyərli eksponatları sırasındadır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında