“Qarabağdan xəbər var...” Yeni nəşrlər

Son zamanlar hansısa çap məhsulu haqqında xəbər və ya qəzet materialı hazırlayan həmkarlarımız o qədər səxavətlə söz açıblar ki, indi həqiqətən təqdir olunmalı bir kitab barədə yazanda mütləq xəsislik etmək məcburiyyətində qalırıq.

Təcrübəli, cəfakeş, ən başlıcası, vətənpərvər ürəyinin hökmü ilə odun-alovun içərisindən keçməyi bacaran bir həmkarımızın Qarabağ müharibəsi haqqında bir çox həqiqətləri böyük oxucu auditoriyasına göstərən kitabı oxucular tərəfindən təqdir olunur, yüksək qiymətləndirilir. Çünki orada toplanmış yazıların hamısı bilavasitə hadisələrin baş verdiyi gün, canlı şahid tərəfindən qələmə alınmış və dərhal da o dövrün oxunulan mətbuat vasitələrindən birinə çevrilmiş “Ədalət” qəzetində verilmişdi.

 Söhbət Əməkdar jurnalist Faiq Sadıqovun “APOSTROFF” nəşriyyatında çapdan çıxmış “Qarabağdan xəbər var...” kitabından gedir. Münaqişənin ilk günlərindən atəşkəs elan olunana qədər əsgər formasını əynindən çıxarmayan bu həmkarımız həmin illərdə “Ədalət” qəzetinin cəbhə müxbiri kimi fəaliyyət göstərirdi. Ancaq səmimi şəkildə etiraf etməliyəm ki, o, həm də bizim ən çox istinad etdiyimiz mənbə, müharibə illərində dövlət radiosunda çalışan həmkarlarımızın qeyri-rəsmi müxbiri idi. Çünki biz onun yazılarına nə qədər istinad edirdiksə, bir özümüz bilirdik, bir də Allah. Doğrudur, cəbhə bölgələrində radionun da müxbirləri var idi. Amma radio qəzet deyil ki, gündə bir xəbər yazmaqla kifayətlənmək mümkün olsun. Gündə 5-6 dəfə efirə çıxan xəbərlər proqramlarında mütləq dəyişikliklər etmək zərurəti yaranırdı. Odur ki, Faiq Sadıqov kimi, sözün həqiqi mənasında, cəbhədə, döyüşlərdə ...yaşayan həmkarımızın qələminə ehtiyacımız böyük idi.

Mobil telefonların olmadığı, mövcud telefonların isə demək olar ki, işləmədiyi həmin günlərdə, necə deyərlər, informasiya aclığı yaşanırdı. “Azərinform” susur, hakimiyyət yetkililəri bircə kəlmə belə söz danışmaq üçün günlərlə kimdənsə icazə gözləyirdilər. Bir tərəfdə isə milyonlarla dinləyici dövlət radiosundan cəbhədəki vəziyyət, münaqişənin reallıqları barədə nə isə yeni bir söz eşitmək istəyirdi. Həmin günlərdə Faiq kimi vətənpərvər həmkarlarımızın cəbhədən göndərdiyi istənilən xəbər dinləyicinin ürəyində az da olsa ümid işığı yaradırdı.

İndiki kimi yadımdadır, 1993-cü il may ayının 4-də “Ədalət” qəzetində verilmiş 3-4 cümləlik bir xəbəri özümün hazırladığım “Səhər” informasiya proqramında oxumuşdum. Orada yazılırdı: “...Qarşıdakı çətin döyüşlərə baxmayaraq şəkili Vaqif İbrahimov, bakılı Səyyad Bəşirov, kəlbəcərli Elçin Qaraşov, şəmkirli Həsən Məmmədov və onlarca başqaları nikbin görünürlər. Vətənimizin dilbər guşələrindən olan Kəlbəcəri işğaldan azad etmək arzusuyla alışıb yanırlar. Bu dağ qartallarının məğrur görkəmi, mətin iradəsi qələbəyə inamımızı daha da artırır.” Yeri gəlmişkən, həmin informasiya bu kitabda da verilib.Veriliş efirə gedəndən bir neçə saat sonra redaksiyamıza zənglər başlandı, nə başlandı. Hamı adı çəkilən əsgərlər arasında öz övladının da adını eşitmək istəyirdi. O zamanlar cəbhədən gələn xəbər kimi dəyərli, fəqət adi informasiya olan həmin cümlələr indi Faiqin özünəməxsus döyüş salnaməsi kimi maraqlı və oxunaqlıdır.

Kitaba “Ön söz” yazan yazıçı-publisist Aqil Abbasın onu “Canından keçməyi bacara bilən jurnalist” kimi qiymətləndirməsi də təsadüfi deyildi. “Ön söz” müəllifi yazır: “Onun qələmi jurnalistikanın bütün sahələrində özünü göstərir. Bu kitabda Faiqin müxtəlif illərdə yazdığı xəbərlər, məqalələr, publisistik yazılar toplanıb. Bunu kitabı oxuyanda özünüz görəcəksiniz”.

Oxuduq və gördük ki, həmkarımız “Xəbərin tarixi, tarixin xəbəri” adlı yazısında kitabda toplanmış materialların əsl mahiyyətini açıb göstərir. O, Qarabağ müharibəsinin bir növ ümumi mənzərəsini, döyüşlərin getdiyi illərin reallıqlarını ayrı-ayrı xəbərlər, epizodik hadisələrlə əks etdirə bilib. Müəllifin özü də qeyd edir ki, bu kitab oxuculara bir çox mətləbləri anladacaq, onların yaddaşında qanlı döyüşlərin getdiyi illəri yenidən canlandıracaq. Daha maraqlı məqamlardan biri də budur ki, Faiqin yazılarında 1990-1994-cü illərin döyüş xəritəsini də görmək mümkündür.

Nəhayət, müəllifin özü haqqında.1956-cı ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olan Faiq Sadıqov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bir müddət Yevlax radio verilişləri redaksiyasında çalışdıqdan sonra 1990-1994-cü illərdə “Ədalət” qəzetinin cəbhə müxbiri işləyib.1996-cı ildən AzTV-də çalışır. Dəfələrlə ulu öndərimizin xarici səfərlərini işıqlandırıb. Hazırda Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “Xəbərlər” Departamentində çalışır. Prezident İlham Əliyevin 10 noyabr 2011-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür. Həmkarımıza yeni-yeni uğurlar arzulayırıq.

 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında