Parisdə dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycanla bağlı kitablarının təqdimatı olacaq

Noyabrın 28-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycana həsr etdiyi “Odun cazibəsi” (Elegance of fire) və “Günahsızların qırğını” (The Massacre of innocents) kitablarının təqdimat mərasimi keçiriləcək.

Heydər Əliyev Fondundan AzərTAc-a bildirilib ki, tədbir çərçivəsində müəllifin Azərbaycandan çəkdiyi fotolardan ibarət sərgi də açılacaq.

Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan “Odun cazibəsi” kitabına Reza Deqatinin 1987-ci ildən başlayaraq Azərbaycana səfərləri zamanı çəkdiyi fotolar daxildir. Fotolarda Azərbaycanın rayonları, ucqar kəndləri, sadə insanların həyat tərzi, adət-ənənələri və digər məqamlar öz əksini tapıb. Müəllif, eyni zamanda, milli rəqslər, konsert, tamaşa, sərgi və digər müxtəlif tədbirlərdən çəkdiyi fotolarla Azərbaycan mədəniyyətinin mənzərəsini yaradıb.

Fondun dəstəyi ilə işıq üzü görən “Günahsızların qırğını” kitabında isə fotojurnalistin 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı lentə aldığı görüntülər toplanıb. Qətlə yetirilən insanların, onların ailə üzvləri və qohumlarının ağrı-acılarını, Xocalıdan didərgin düşən sakinləri, onların məskunlaşdıqları yaşayış yerlərini, çətin və əziyyətli həyat tərzini əks etdirən fotolar oxuculara faciənin ağrısını çatdırır. Kitabda, həmçinin Xocalı soyqırımının dünyada tanınması məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlərdən, qaçqın və məcburi köçkünlər üçün salınmış şəhərcikdən fotolar da yer alıb.

Tədbir çərçivəsində açılacaq sərgi dekabrın 7-dək davam edəcək.

Reza Deqatinin Azərbaycana həsr olunan kitablarının təqdimat mərasimi artıq Fransa ictimaiyyətinin marağındadır. Ölkənin bir sıra media orqanlarında kitablar və izləyiciləri gözləyən sərgi barədə materiallar dərc olunub.

Qeyd edək ki, Reza Deqatinin “Talelərin qovuşması”, “Müharibə+Sülh”, “Ümid”, “Qəlbin pəncərəsi” kimi layihələri dünyada məşhurdur. O, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransanın “Xidmətlərə görə” ordeninin laureatıdır.

Tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib.

2013-cü ildə Parisdə Reza Deqatinin “Azərbaycan – tolerantlıq məkanı” sərgisi keçirilib. Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak edib. Sərgi, həmçinin Moskvada, İsrailin müxtəlif şəhərlərində, eləcə də BMT-nin mənzil qərargahında, Avropa Parlamentində nümayiş olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında