Akademik Həmid Araslının xatirəsi anılıb

Azərbaycan Milli Elmlər Akademiyasının  Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Türk Dil Qurumunun həqiqi üzvü, Azərbaycan və Özbəkistan respublikalarının əməkdar elm xadimi, görkəmli ədəbiyyatşünas alim, akademik Həmid Araslının anadan olmasının 105 illiyinə həsr edilmiş elmi sessiya keçirilib.

AzərTAc xəbər verir ki, əvvəlcə XX əsr Azərbaycanın elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən olan H.Araslının elmi yaradıcılığına həsr olunmuş sərgi nümayiş etdirilib.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov görkəmli alimin şərəfli həyat yolundan, elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatı tarixinin formalaşmasında və inkişafındakı misilsiz xidmətlərindən söhbət açıb. Bildirilib ki, Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilərək elmi istiqamətdə öyrənilməsində ədəbiyyatşünas alimin müstəsna xidmətləri olub.

H.Araslı yarım əsrlik tədqiqatçılıq və ədəbiyyatşünaslıq fəaliyyəti dövründə Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqatlar aparıb, xalqımızın ölməz abidəsi olan “Kitabi-Dədə Qorqud”un Azərbaycanda ilk tədqiqatçısı kimi tanınıb, böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Məshəti Gəncəvi, Xaqani Şirvani, İmaməddin Nəsimi, Nemətullah Pişəvari, Şah İsmayıl Xətai, Saib Təbrizi, Molla Vəli Vidadi, Molla Pənah Vaqif və digər söz dühaları barədə sanballı araşdırmaları ilə ədəbiyyatşünaslıq elmini zənginləşdirib. İlk elmi əsərini 1935-ci ildə nəşr etdirən alim elmimizin cəfakeşlərindən biri olub.

Alimin Nizami adına Ədəbiyyat Muzeyinin yaranmasında göstərdiyi xidmətlərdən danışan R.Hüseynov bildirdi ki, H.Araslı 1940-cı ildən öz elmi-təşkilati fəaliyyətini bu muzeylə bağlamış, əvvəlcə elmi katib, sonra elmi işlər üzrə direktor müavini, 1960-1968-ci illərdə isə direktor vəzifələrində çalışıb.

Tədbirdə çıxış edən digər natiqlər də H.Araslı yaradıcılığından ətraflı söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Sonda çıxış edən alimin qızı, AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmlər doktoru Nüşabə Araslı atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında