II Beynəlxalq Aşıq Festivalı ozan-aşıq sənətinin təntənəsinə çevrilmişdir

 İkinci Beynəlxalq Aşıq Festivalı Qazax rayonunda davam etdirilmişdir.  Dünyanın  8 ölkəsindən və Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş qonaqlar rayon icra hakimiyyətində  yüksək səviyyədə qarşılanmışlar. Səmimi keçən görüşdən sonra  onların hər birinə türk dünyasının qədim musiqi aləti olan saz və qiymətli hədiyyələr bağışlanılmışdır.

Tədbir başlanmazdan əvvəl festival iştirakçıları Heydər Əliyevin  əzəmətli abidəsi  önünə gül-çiçək dəstələri qoymuşlar.

Gənclər Mərkəzində festivalın açılışı olmuşdur.  Tədbiri giriş sözü ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı  Ayaz Əsgərov açmış, qonaqları və tədbir iştirakçılarını salamlamış, onları  rayonda keçirilən möhtəşəm musiqi bayramı münasibətilə təbrik etmiş və festivalın işinə uğurlar arzulamışdır. Bildirmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Azərbaycanın Aşıq sənəti UNESCO-nun “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş, xalqımızın bu ölməz sənəti haqlı olaraq dünya ədəbiyyat inciləri sırasında özünə layiqli yer tutmuşdur.

25 oktyabr 2010-cu il tarixində Heydər Əliyev Fondunun himayəsi altında Azərbaycanda ilk dəfə olaraq keçirilmiş I Beynəlxalq Aşıq Festivalı aşıq-ozan sənətinin təntənəsinə çevrilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin  misilsiz xidmətləri nəticəsində ötən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycan mədəniyyəti və incəsənəti, sözün həqiqi mənasında, böyük yüksəliş dövrü keçmişdir. Bu yüksəliş mədəniyyətimizin və incəsənətimizin əsas qollarından biri olan aşıq sənətinə də aiddir.

Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərilən böyük diqqət və qayğı ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən  bu gün uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz mədəniyyətimizin və incəsənətimizin ictimai həyatdakı rolunu həmişə yüksək qiymətləndirir, Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün dünyada tanıdılması üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirir.

Sonra folklorşünas alim, professor Qəzənfər Paşayev çıxış etmiş, qədim aşıq sənətinin yaranma tarixi, inkişafı və bugünü ilə bağlı tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Festivalın açılışı Qazax aşıqlarının ifası ilə başlamışdır.  Aşıqlardan Eldar İbrahimovun, Samir Allahverdiyevin və İlqar Qələmçərlinin çıxışları alqışlarla qarşılanmışdır.

Söz Türkiyənin Anadolu bölgəsindən gəlmiş aşıqlara verilmişdir.  Aşıq Maqsud Fəryadinin rəhbərlik etdiyi aşıqlar ansamblnın çıxışları tədbir iştirakçılarının marağına səbəb olmuşdur.

Cənubi Azərbaycandan, o cümlədən  Təbriz şəhərindən gəlmiş ustad aşıqlardan  Şahbazinin, Əbülfəzin, Fərəməzin, Talehin və başqalarının çaldıqları saz havaları və oxuduqları aşıq mahnıları tədbirə xoş ahəng qatmışdır. 

Şirvan aşıq məktəbinin yetirmələri olan ustad aşıqlardan aşıq Əli Tapdıqoğlunun, aşıq Yanvarın, aşıq Almuradın, aşıq Abbasın və gənc aşıq Arifin, gürcüstanlı aşıq Hicran xanımın ifaları tədbir iştirakçılarının  davamlı alqışları ilə qarşılanmışdır.

Qazaxstan, Özbəkistan, Türkmənistan və Rusiya Federasiyasının Dağıstan Respublikasından gəlmiş aşıqların çıxışları, oxuduqları aşıq mahnıları tamaşaçılara xoş təsir bağışlamışdır. Özbəkistandan gəlmiş ustad Aşıq Abdunəzərin oxuduğu aşıq mahnıları qədim ozan sənətinin gözəl nümunələri kimi yaddaşlarda qalmışdır.

Beləliklə, II Beynəlxalq Aşıq Festivalı çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş aşıqların Qazax rayonunda geniş kütlə qarşısındakı çıxışları aşıq-ozan sənətinin təntənəsinə çevrilmişdir.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında