“Gürcüstandan sevgi ilə” Bakıya

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Gürcüstan Mədəniyyət və Abidələri Mühafizə Nazirliyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Rəssamlarının Yaradıcılıq Birliyinin birgə təşəbbüsü ilə  dünən Azərbaycan Milli İncəsənət Muzeyində “Gürcüstandan sevgi ilə” adlı sərginin  açılışı olmuşdur.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yaymışdır.

Gürcü rəssamlıq məktəbi olduqca zəngin ənənələrə malikdir. Bu məktəbin tarixi kökləri Qərbi Gürcüstanın qədim Kolxida əyalətindən, orta əsrlərə aid milli freska rəssamlığından başlayıb. Ötən əsrin tanınmış rəssamı Niko Pirosmani bu ənənələrə yeni çalarlar gətirıb, 20-ci illərdə Parisdə yaşayıb yaradan David Kakabadze, Elene Axvlediani, Lado Qudiaşvili və digərləri bu məktəbin nümayəndələrini dünya incəsənətində yenilik kimi təşviq edərək, onlarla Qərbi Avropa mədəniyyəti arasında sıx əlaqə yaratdılar.

50-ci illərdə Gürcüstanda bir qrup rəssam (Gürcüstanın avanqard rəssamlar qrupu - “Arxivariuslar” və “10-cu mərtəbə” timsalında) tərəfindən fərqli konsepsiyaların tətbiq edilməsi müasir sənət prosesini özündə əks etdirərək, vizual üslubların formalaşmasında mühüm rol oynadı.

XXI əsrin əvvəlində Avropa rəssamları kimi Gürcüstan rəssamları da insan ideallarını formalaşdırmaq zərurətini aydın şəkildə hiss edirdilər. Onları da bütün bəşəriyyətin üzləşdiyi problemlər - idealların iflasa uğraması, total zorakılıq, absurd müharibələr, ekoloji, sosial və iqtisadi fəlakətlər narahat edirdi. Onlar hesab edirlər ki, bu vəziyyətdən yeganə çıxış yolu əbədi dəyərləri yaşatmaqdır.

Çağdaş gürcü rəssamlığı müxtəlif rəng çalarlarından ibarət mozaikaya bənzəyir, üslub və semantika baxımından, sənət əsərlərinin avanqard mahiyyəti ilə seçilir, tarixi çərçivəyə salınmasına baxmayaraq heç zaman burda məhdudlaşıb qalmır.

Bakıdakı bu sərgi milli incəsənət prosesinin bir hissəsinə həsr olunub və Gürcüstanın bütün müasir incəsənətini əks etdirmir. Əsərləri sərgilənən rəssamların (Mamuka Tsetsxladze, Şalva Matuaşvili, Ömər Kaçkaçişvili, Camal Kuxalaşvili, Laşa Kuxalaşvili və digərləri) üslubunda bədii hədəflər fərqinə baxmayaraq, milli təcrübə, zəngin ənənələrlə sıx əlaqəsini qoruyub saxlaya bilib.

62 rəngkar və qrafik rəssamın 130-a yaxın əsərinin nümayiş olunduğu sərgi iki həftə davam edəcək.

M. MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında