Britaniyanın nüfuzlu “The Telegraph” qəzeti Azərbaycanın qədim çövkən oyunundan yazıb

Britaniyanın nüfuzlu “The Telegraph” qəzeti Azərbaycanın qədim çövkən oyununun UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmasından bəhs edib. Bu barədə  Mədəniyyət  və  Turizm  Nazirliyinin mətbuat  xidməti məlumat yayıb.

Məqalədə dünaynın ən maraqlı adət-ənənələrinin sıralandığı siyahıda Azərbaycanın qədim çövkən oyununun özünəməxsus yer tutduğu bildirilir. Məqalədə həmin siyahıdan seçilmiş müxtəlif ölkələrin qeyri-maddi mədəni irsləri oxucuların diqqətinə çatdırılır.

 Ekvador, İtaliya, Belçika, Peru, İspaniya və Türkiyənin yer aldığı qəzetin siyahısında Azərbaycan ilk sırada qeyd edilib. Qəzetin  elektron  variantında  həmçinin çövkən oyunu haqqında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış videoçarx yerləşdirilib.

Məlumat üçün bildirək ki,  çövkən oyununun  yaranma tarixi eramızın I minilliyinin ortalarına təsadüf edir.  Müxtəlif ölkələrdə bu idman növü əsl əyləncə mərasimlərinə çevrilərdi. Azərbaycanda da  çövkən oyununun  tarixi qədim dövrlərə  gedib çıxır. Bunu təsdiq edən  çoxsaylı mənbələr var və bu gün onlara istinadən demək olar ki,  çövkən oyunu  milli-mənəvi  dəyərlərimizin ən qədim nümunələrindəndir. “Dədə Qorqud” dastanının “Salur Qazanın evinin yağmalanması”  boyunda belə bir ifadə var: “Qılıncını nə öyərsən, mərə kafir, əyri başlı çövkənimcə gəlməz mənə”.

Klassik şairlərimiz Qətran Təbrizi, Xaqani Şirvani, Zülfüqar Şirvani, Nizami Gəncəvi, Nəsimi, Xətai və digərlərinin əsərlərində də  çövkənlə bağlı müəyyən məlumatlara rast gəlinir. Əgər şairlər bu oyunu belə ətraflı təsvir ediblərsə, deməli, onlar çövkən  barədə yetərincə bilgilərə sahib  olublar. Əgər belə olmasaydı, bunu kağız üzərinə köçürməzdilər. Nəsimidə belə bir misra var: “Başımı top eylədim, meydana girdim oynaram”.  Məmməd Dadaşzadənin  “Azərbaycan xalqının orta əsrlər mənəvi mədəniyyəti ” əsərində  yazdığı kimi,  Örənqalada, yəni indiki Beyləqan ərazisində tapılmış şirə qablar üzərində çövkən oyunçusunun  təsviri onu göstərir ki, bu milli oyun həqiqətən də, Azərbaycanda yaranıb və yayılıb. Çövkən oyunu ilə bağlı I Şah Təhmasibin “Kuh və çövkən”, yəni top və çövkən əsəri var. XVII əsr türk səyyahı Övliya Çələbinin yazılarında da oyun barədə məlumatlara rast gəlirik. O, Təbrizdə  oyun meydanlarının  olması barədə  məlumat verib. Bu faktın özü də göstərir ki, qədim Azərbaycanda bu oyun çox məşhur olub.

Azərbaycanın dahi şairi Nizami Gəncəvi  tarixi hadisələr əsasında yazdığı “Şərəfnamə” əsərində çövkən oyunu haqqında məlumat verir. Azərbaycanda çövkən oyununda təkcə kişilər deyil, qadınlar da iştirak edirdilər. Nizaminin “Xosrov və Şirin” poemasında Şirin çövkən meydanında Sasani hökmdarı Xosrov Pərvizdən geri qalmır. Şirin ilə bərabər oynayan qızlar da təsvir edilmişdir.

Tarixi roman janrında yazan yazıçımız Məmməd Səid Ordubadinin “Qılınc və qələm ” romanında xüsusi bir fəsil çövkən oyununa həsr olunub.  Həmin  bölümdə göstərilir ki, ərəb xilafəti dövründə bu oyun ən təntənəli bayramlar, xüsusi günlər zamanı keçirilirdi  və bu oyunun ən yaxşı ustaları kimi azərbaycanlılar ora  dəvət olunmuşdu.

Çövkənin qədim Azərbaycan oyunu olmasını sübut edən faktlardan biri də Azərbaycan miniatürlərində bu oyunun dönə-dönə təsvir edilməsi, yazılı mənbələrdə onun keçirilmə qaydaları haqqında məlumat verilməsidir.

 M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında