“Sehrli xalat” filminin 50 yaşı tamam oldu

1964-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən çəkilən “Sehrli xalat” filminin bu il 50 yaşı tamam olur. Bu münasibətlə Nizami Kino Mərkəzində tədbir keçirildi. Yubiley axşamında filmdə çəkilmiş pionerlər, Əlisəttar Atakişiyev, Əliağa Ağayev, Möhsün Sənani, Ağahseyn Cavadov, Anatoli Falkoviç, Hüseynağa Sadıxov kimi qüdrətli sənətkarlar yad edildi, çəkilişlərlə bağlı maraqlı hadisələr haqqında danışıldı.

Qeyd edək ki, sseanari müəllifləri A. Tarasov və Ə. Atakişiyev, quruluşçu rejissoru Ə. Atakişiyev olan “Sehrli xalat” ekran əsəri kinomuzda ilk fantastik uşaq filmi olmaqla, bu gün də maraqla baxılan filmlər sırasındadır.

Filmdə məşhur illüzionist İo Kionun köməyi ilə uşaqlar bir növ keçmişə və gələcəyə səyahət edirlər. Burada hər iki dövrə uşaqların gözü ilə baxılır.

Ekranlara çıxdığı birinci il ərzində keçmiş SSRİ-də “Sehrli xalat” filminə 10 milyon tamaşaçı baxmışdı. Həmin müddət ərzində bu ekran əsərini Azərbaycanda 250 min tamaşaçı seyr etmişdi. Bu film göstərilmə və tamaşaçı toplama keyfiyyətinə görə bu gün də telekanallarda liderdir.

Rəşid rolunda Azər Qurbanov, Zərifə rolunda isə Solmaz Hətəmova çəkilmişlər. Film çəkilərkən Qaqarinin kosmosu fəth etməyindən cəmi üç il ötmüşdü. Belə bir dövrdə ekranlara çıxan bu filmdə Azərbaycan kinosunda ilk və yeganə fantastika səhnələri çəkilmişdir. Rəşidlə Zərifənin Ay üzərində qaçdı-tutdu oynaması epizodu çəkiləndən cəmi beş il sonra isə amerikalı astronavt həqiqətən Aya ayaq basan ilk insan olur. İndi məktəblilərimiz kosmosa səyahət etməsələr, boyunlarına pioner qalstuku taxmasalar da rejissorun ekranda canlandırdığı gələcəyin bugünkü günlə nə qədər uyğun olduğunu görürük. Çünki o dövrdə çəkilən filmdə zəmanəmizin texnikalarından olan videokamera ideyası bu gün bütünlüklə gerçəyə çevrilmişdir.

“Sehrli xalat”ın bütün digər məziyyətlərindən savayı, bu film gözəl aktyor ansamblı ilə də diqqəti cəlb edir. Azərbaycanın görkəmli aktyorlarından Möhsün Sənani, Ağahüseyn Cavadov, İsmayıl Osmanlı və əlbəttə ki, bu sırada birinci olan Əliağa Ağayev öz gözəl ifaları ilə diqqət çəkirlər. Sənətşünasların fikrincə, Ə.Ağayevin ifasındakı Xan rolu inandırıcılığına görə Məşədi İbaddan qətiyyən geri qalmayan aktyor nailiyyəti sayıla bilər. Əliağa Ağayev bu obrazın düşdüyü vəziyyətlərdə bütün rollarında olduğu kimi o dərəcədə plastikdir ki, bu rolda başqa bir aktyoru təsəvvür etmək mümkün deyildi. Xanın replikaları isə bu gün də adamların dilindədir.

Tədbirdə çıxış edənlər bu gün uşaqlar üçün belə filmlərin çəkilməsinin ehtiyac olduğunu diqqətə çatdırdılar.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında