Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Almaniyada növbəti mədəniyyət tədbiri

Noyabrın 4-də Almaniyanın Düsseldorf şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti axşamı keçirilib. “Düsseldorf Teatr Evi”ndə toplaşan 800-ə yaxın qonaq Azərbaycan caz musiqisini maraqla dinləyiblər. 

Səfir Pərviz Şahbazov çıxışında deyib ki, bu konsert Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən silsilə tədbirlərdən biridir. Səfir ölkəmizin mədəni dəyərləri, müxtəlif musiqi janrlarının inkişafı barədə məlumat verib, Azərbaycan incəsənətinə bir çox görkəmli simalar bəxş edən Qarabağın Ermənistan tərəfindən işğal olunduğunu bildirib.

Azərbaycanın ümumi inkişafını konkret faktlarla diqqətə çatdıran diplomat ölkəmizin coğrafi vəziyyətinə görə Avropa ilə Asiya arasında körpü, eləcə də Qərb ilə Şərq mədəniyyətlərini birləşdirən məkan olduğunu vurğulayıb.

Tədbirin aparıcısı Azərbaycan ilə Almaniya arasındakı tarixi əlaqələr, ölkəmizdə mövcud olan alman irsi, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun respublikamızda və xarici ölkələrdə mədəni irsin qorunub-saxlanması, mədəni münasibətlərin təşviqi və gənclərin təhsil almaları imkanlarının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. Azərbaycanda caz musiqisinin hələ keçən əsrin 30-cu illərində yarandığını bildirən aparıcı hazırda beynəlxalq aləmdə ən güclü caz ustalarından bir neçəsinin məhz ölkəmizdə yetişdiyini, Bakı Caz Festivalının bu janr üzrə mühüm musiqi tədbirlərindən biri olduğunu, caz-muğam sintezinin bənzərsizliyini vurğulayıb.

Azərbaycan caz musiqisi ustası Elçin Şirinov və Böyük Britaniya caz ustaları Deyv Hamblet və Sem Lasersonun ifasında möhtəşəm konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Şirzad Fətəliyevin balabanda, Mircavad Qafarovun isə udda adları çəkilən caz ustaları ilə birgə milli mahnılarımızı sintez etmələri konsertə marağı daha da artırıb.

Tədbir iştirakçılarına, həmçinin Heydər Əliyev Fondunun yeni nəşri - Berlin Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının müdiri professor Eva-Maria Auxun müəllifi olduğu “Azərbaycanda alman irsi” kitabı paylanıb. Eyni zamanda,  “Azərbaycanda alman izləri” fotosərgisi və “Almaniya bir rəssamın gözü ilə” adlı rəsm müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət ekspozisiya nümayiş etdirilib. 

Tədbirdə Şimali Reyn-Vestfal federal torpağı parlamentinin deputatları, Almaniyanın ictimai-siyasi və mədəniyyət dairələrinin, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Düsseldorf


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında