Babalarımız tarixən at belində bu torpağın düşmənlərilə üz-üzə dayanıb. Dünyaca məşhur olan Qarabağ atları Azərbaycanımızı çox döyüşlərdən qalib çıxarıb. Bu atlar qorunub, nəsli artırılıb, tarixən idman oyunlarının da iştirakçısına çevrilib. Azərbaycanın Qarabağ bölgəsində formalaşmış Qarabağ atları üzərində çövkən oyunu üçün ən ideal atlar hesab edilir. Bu atlarla yaxından tanışlıq üçün “Qarabağ atları” filminə baxmaq kifayətdir.
Elə bu yaxınlarda Parisdə təqdimatı keçirilən “Qarabağ atları” kitabı da oxuculara olduqca maraqlı məlumatları çatdırır. Qarabağ atları haqqındakı bu kitabı Azərbaycan Respublikası Atçılıq Federasiyasının maliyyə və təşkilatı dəstəyi ilə atçılıq və onun tarixi üzrə ixtisaslaşmış fransız yazıçı və tarixçisi, 2014-cü ilin “ Beynəlxalq At Oyunları səfiri” tituluna layiq görülmüş Jan-Lui Quron yazmışdır. Kitabda Qarabağ atlarının xüsusiyyətləri, beynəlxalq yarışlarda qazandığı uğurlar, habelə Ermənistanın ölkəmizə təcavüzü nəticəsində, demək olar ki, yer üzündən silinmək təhlükəsi ilə üzləşməsi barədə məlumatlar öz əksini tapıb.
UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında Qarabağ atları ilə çövkən oyununun bu nüfuzlu beynəlxalq təşkilatın təcili qorunmaya möhtac Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması milli-mənəvi dəyərlərimizdən birinə çevrilmiş bu oyuna verilən yüksək qiymətin nəticəsidir. Söz yox ki, bu, ilk növbədə mənəvi dəyərlərimizin hamisi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın milli mədəniyyətimizin qorunması, inkişafı və təbliği ilə bağlı apardığı davamlı və gərgin işin nəticəsidir. Bu sahədə Mədəniyyət və Turizm Nazirliyinin də müstəsna xidmətləri var. Həmin sessiyada nazir Əbülfəs Qarayev demişdir: “Ümid edirik ki, bu qərar beynəlxalq ictimaiyyətin bu oyuna marağını artıracaq, oyunun praktikasını davam etdirməyə və onu gələcək nəsillərə ötürməyə imkan verəcək”.
Çövkən oyunu xalqımızın milli-mənəvi dəyərlərinin tarixən formalaşmış nümunələrindəndir. Çövkən oyununun adı oyunda işlədilən alətin adı ilə adlandırılıb. Bu da ağacdan hazırlanan, çövkən adlandırılan alətdir. Yeri gəlmişkən, bu söz ulu kitabımız “Kitabi-Dədə Qorqud”da da Qaraca çobanın dilində işlədilib. Oyunçular çövkəni at belində bu alətin köməyi ilə oynayırlar.
Qeyd edək ki, Şərqdə təşəkkül tapmış başqa idman növləri kimi, çövkən oyununun da dünyanın daha uzaq regionlarına yayılmasında və inkişaf etdirilməsində ingilislərin rolu olub. Belə ki, XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilərək, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlayıb. Məhz ingilislərin təşəbbüsü ilə bu oyun “polo” adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilib, beləliklə, Qərb sivilizasiyasında bu adla təsbit edilib.
Tədqiqatçıların fikrinə görə, onun yaranma tarixi eramızın I minilliyinin ortalarına təsadüf edir. Müxtəlif ölkələrdə bu idman növü əsl əyləncə mərasimlərinə çevrilərdi. Azərbaycanda da çövkən oyunu tarixən qədim dövrlərə gedib çıxır. Bunu təsdiq edən çoxsaylı mənbələr var və bu gün onlara istinadən demək olar ki, çövkən oyunu milli-mənəvi dəyərlərimizin ən qədim nümunələrindəndir. “Dədə Qorqud” dastanının “Salur Qazanın evinin yağmalanması” boyunda belə bir ifadə var: “Qılıncını nə öyərsən, mərə kafir, əyri başlı çövkənimcə gəlməz mənə”.
Klassik şairlərimiz Qətran Təbrizi, Xaqani Şirvani, Zülfüqar Şirvani, Nizami Gəncəvi, Nəsimi, Xətai və digərlərinin əsərlərində də çövkənlə bağlı müəyyən məlumatlara rast gəlinir. Əgər şairlər bu oyunu belə ətraflı təsvir ediblərsə, deməli, onlar çövkən barədə yetərincə bilgilərə sahib olublar. Əgər belə olmasaydı, bunu kağız üzərinə köçürməzdilər. Nəsimidə belə bir misra var: “Başımı top eylədim, meydana girdim oynaram”. Məmməd Dadaşzadənin özünün “Azərbaycan xalqının orta əsrlər mənəvi mədəniyyəti ” əsərində yazdığı kimi Örənqalada, yəni indiki Beyləqan ərazisində şirə qablar üzərində çövkən oyunçusunun təsviri onu göstərir ki, bu milli oyun, həqiqətən də, Azərbaycanda yaranıb və yayılıb. Çövkən oyunu ilə bağlı I Şah Təhmasibin “Kuh və çövkən”, yəni top və çövkən əsəri var. XVII əsr türk səyyahı Övliya Çələbinin yazılarında da oyun barədə məlumatlara rast gəlirik. Təbrizdə mərkəzi yerlərdə oyun meydanları barədə məlumat verilib. Bu faktın özü də belə göstərir ki, qədim Azərbaycanda bu oyun çox məşhur olub.
Azərbaycanın dahi şairi Nizami Gəncəvi tarixi hadisələr əsasında yazdığı “Şərəfnamə” əsərində çövkən oyunu haqqında məlumat verir. Azərbaycanda çövkən oyununda təkçə kişilər deyil, qadınlar da iştirak edirdilər. Nizaminin “Xosrov və Şirin” poemasında Şirin çövkən meydanında Sasani hökmdarı Xosrov Pərvizdən geri qalmır. Şirin ilə bərabər oynayan qızlar da təsvir edilmişdir.
Tarixi roman janrında yazan yazıçımız Məmməd Səid Ordubadinin “Qılınc və qələm ” romanında xüsusi bir fəsil çövkən oyununa həsr olunub. O bölümdə göstərilir ki, ərəb xilafəti dövründə bu oyun ən təntənəli bayramlar, xüsusi günlər zamanı keçirilirdi və bu oyunun ən yaxşı ustaları kimi azərbaycanlılar ora aparılırdı.
Çövkənin qədim Azərbaycan oyunu olmasını sübut edən faktlardan biri də Azərbaycan miniatürlərində bu oyunun dönə-dönə təsvir edilməsi, yazılı mənbələrdə onun keçirilmə qaydaları haqqında məlumat verilməsidir.
Qarabağ xanlığı dövründə çövkən oyunlarına maraq daha da artmış, Şuşa şəhərindəki Cıdır düzündə, Xankəndi və Xocalı arasındakı ərazidə, Ağdamda cıdır yarışları, müxtəlif atüstü oyunlar, o cümlədən çövkən yarışları keçirilmişdir. Vaxtaşırı keçirilən bu yarışlarda Qarabağın müxtəlif yerlərindən gəlmiş gənclər öz məharətlərini göstərirlər.
Ancaq bütün bunlara baxmayaraq, yazılı və arxeoloji mənbələrə heç bir məhəl qoymayan bəzi dövlətlər çövkəni bizim digər mədəni sərvətlərimiz kimi mənimsəmək niyyətindədir. Çövkən oyununun təkcə Azərbaycana yox, bütün türk dünyasına aid olduğunu sübut edən çoxlu sayda mənbələr mövcuddur. Belə ki, qazax, özbək, türkmən, qırğız xalqlarında bu oyunun növləri mövcuddur.
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə yazır: “Elə oyun və mədəni elementlər var ki, onlar çoxmillətli xarakter daşıyır. Yəni, bir çox ölkə və xalqlar tərəfindən bu adət və ənənələr icra edilir, ancaq hər xalqın öz spesifik xüsusiyyətlərinə görə fərqlənir. Komissiyanın şərtlərindən biri də ondan ibarətdir ki, hər kəs öz xalqına məxsus elementləri, mədəniyyət nümunələrini UNESCO-nun siyahısına təqdim edə bilər. Yəni bu, digər ölkənin eyniadlı elementi təqdim etməsinə maneçilik törətmir. İran tərəfindən bəzi qurumların etdiyi narazılıqların hüquqi əsası yoxdur. Yəni UNESCO-nun konkret konvensiyası var. Bu konvensiyanın da müəyyən kriteriyaları və təlimat sənədləri var. Azərbaycan tərəf olaraq, aidiyyatı qurumlarla birgə bütün bu konvensiyanın şərtləri, beynəlxalq hüquqi normaları nəzərə alınaraq Qarabağ atları üzərində çökən oyunu UNESCO-ya təqdim olunub”.
Əsrlər ötsə də, çövkən oyunu xalqımızın milli-mənəvi sərvəti kimi unudulmayıb, müxtəlif dövrlərdə bu oyuna maraq artıb. Qeyd edək ki, yaşı min illərə söykənən çövkənin Azərbaycanda tədqiqatı SSRİ dövründə də aparılıb. Sirr deyil ki, 1000 il keçdikdən sonra milli atüstü oyunların bərpası gərgin axtarış və əmək tələb edirdi. Nəhayət, 1958-ci ildə Gəncənin Bağmanlar qəsəbəsinin çıxacağında kiçicik Cıdır düzü təşkil edən respublikanın əməkdar məşqçisi Fikrət Hüseynov 4 kolxozdan atları yığır və gəncləri öz ətrafına toplayır. Həmin dövrə qədər Azərbaycan milli atüstü oyunlar üzrə ittifaqmiqyaslı yarışlarda iştirak edə bilmirdi. Bu geriliyi aradan qaldırmaq üçün Gəncə ətrafındakı 4 kolxozda 10-a yaxın xüsusi komanda yaradıldı, məşqlər başlandı. Bu sahədə aparılan işlər, elə qeyd etdiyimiz bu faktın özü də çövkənin mənsubiyyətindən xəbər verir.
XX əsrin sonlarında Ermənistanın Azərbaycana təcavüzü Qarabağda azərbaycanlıların kütləvi soyqırımı, yüz minlərlə qaçqın və məcburi köçkün kütləsinin yaranması ilə yanaşı, xalqımızın maddi və qeyri-maddi mədəni irsinə də ağır zərbə vurmuşdur. Buna baxmayaraq, çövkən oyunu Aran Qarabağın işğal olunmamış yerlərində, həmçinin respublikamızın bir çox bölgələrində bu gün də yaşamaqdadır. Atüstü milli oyunlarımızın qorunub saxlanması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə marağın oyadılması məqsədilə artıq üçüncü ildir ki, Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə turnir keçirilir. Sözügedən kubok uğrunda turnir Şəkinin Daşüz kəndində yerləşən respublika Atçılıq Turizm Mərkəzinin bazasında təşkil edilir. Sayca üçüncü olan turnirə ötən il dekabrın 19-da start verilmiş, dekabrın 22-də isə final oyunu ilə başa çatmışdır. Yarışın təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Respublika Atçılıq Turizm Mərkəzidir.
Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Çövkən ” sənədli filmini kinorejissor Rafiq Əliyev yüksək səviyyədə lentə alıb. Film “Salnamə” studiyasında çəkilib. Rejissorla söhbətimiz zamanı o bildirdi ki, film Şəki şəhərində keçirilən çövkən yarışlarından başlayır. Komandalarla söhbət və tanışlıq zamanı “Ağdam” komandası və komandanın rəhbəri Cəfər diqqətimi çəkdi. Düşündüm ki, filmin qəhrəmanı elə bu gənc ola bilər. Onu da deyim ki, hazırda Cəfər Oğuz rayonunun ucqar kəndlərinin birində yaşayır. O, Qarabağda doğulub. Çəkiliş qrupunun işi də olduqca qənaətbəxş idi. Operatorlar atların hərəkətini, qolun qapıya vurulmasını, çaparların zədələnməsini, çaparların atlarla davranışını və s. kimi maraqlı kadrları çəkdilər. Çəkiliş çox uğurlu alındı.Çünki operatorlar mənim nə istədiyimi və film üçün hansı kadrların lazım olduğunu yaxşı bilirdilər. Onu da deyim ki, “Çövkən” filmi 2011-ci ildə Bakıda keçirilən I İdman Oyunları Festivalında nümayiş olunub.
Bu festivala tamaşaçıların, xüsusilə xarici turistlərin böyük maraq göstərməsi bir daha sübut edir ki, Azərbaycanda çövkən oyunu həmişə yaşayacaq və minilliklər boyu milli dəyərlərimizdən olan atüstü oyunları qoruyub saxlamış xalqımız bundan sonra da ona sahib çıxacaq. İnanırıq ki, tezliklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xalqımızın mənafeyinə uyğun həll olunacaq, Qarabağ igidləri Qarabağ atları üzərində Şuşanın Cıdır düzündə öz məharətlərini nümayiş etdirəcəklər.
Mehdi MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Məqalə Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi müsabiqəyə təqdim olunur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.