Riqada gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin sərgisi açılıb

Oktyabrın 30-da Latviyanın paytaxtındakı “Riqa birjası” Rəssamlıq  Muzeyində gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin  “Gecənin musiqisi” adlı sərgisi açılıb.

Açılış mərasimində Latviyanın sabiq prezidenti Valdis Zatlers, mədəniyyət naziri  Datse Melbarde, ölkənin görkəmli mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.

Tanınmış latviyalı sənətşünas  Helena Demakova tədbirdə çıxış edərək bildirib ki,  Məryəm Ələkbərli Avropa təbiətli rəssamdır. O, əsərlərini Avropa rəssamları üçün  ənənəvi olan janrlarda yaradır. Eyni zamanda, onun əsərlərində Şərq incəsənətinin çalarları da var. Latviyalı sənətşünas hesab edir ki, Məryəmin əsərlərinə çox güclü xəyal dünyası hakimdir. Bu gənc rəssam öz əsərlərində insanların duyğularını, mənzərələrin gözəlliyini, çiçəklərin təravətini çox bacarıqla canlandırır. H.Demakova deyib: “Başqa rəssamların min dəfələrlə çəkdiklərini gənc bir rəssamın necə yeni, orijinal və harmonik tərzdə çəkə bilməsini dərk etmək üçün Məryəmin  əsərlərini almaq istərdim”.

Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Azərbaycanın və Rusiyanın görkəmli rəssamı Tahir Salahov deyib ki, Məryəm Ələkbərliyə Tanrı qüdrətindən fitri istedad verilib. Ona görə də əsərlərini qeyri-adi ilhamla yaradır və bu əsərlərdə öz hislərini son dərəcə məharətlə canlandırır. Məryəm Ələkbərlinin əsərləri harmonikdir. Tahir Salahov deyib: “Bu gün onun yaradıcılığı yüksəlişdədir. Mən öz istedadı ilə insanları valeh edən Məryəmə minnətdaram”.

Berlin Rəssamlıq Akademiyasının professoru, alman sənətşünas İnqe Şmidte Məryəm Ələkbərli ilk tanışlığından söz açaraq deyib: “2010-cu ildə  məndən xahiş etdilər ki,  gənc Azərbaycan rəssamı Məryəm Ələkbərli üçün kataloqun yaradılmasına kömək edim.  Kataloq üçün seçilmiş şəkillər məni cəlb etdi və razılaşdım.  Sonra onun əsərlərini İstanbulda gördüm. Özümə sual verdim: görəsən, onun yaradıcılığına bu dərəcədə təsir edən nə olub? Rəssamın Fransada təhsil aldığını biləndən sonra hesab edirəm ki,  Məryəmin əsərlərinə Matis,  Qoqen, Sezan kimi böyük rəssamların yaradıcılığı təsir göstərib.  Bugünkü sərgidə Məryəm Ələkbərlinin dəst-xəttinin çox dəyişdiyini görmək olar. O, yeni səviyyəyə çıxıb”. Bənzərsiz tablolarına görə Azərbaycan rəssamına təşəkkür edən alman sənətşünas deyib: “Biz Məryəmin hansı istiqamətdə inkişaf edəcəyini bilmirik. O, sərgidən-sərgiyə püxtələşir”.

Çıxışlardan sonra tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti Murad Hüseynovun konserti olub.

Məryəm Ələkbərlinin anası, Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət  məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə bugünkü  tədbirin reallaşması üçün qəlbinin hərarətini əsirgəməyən hər kəsə təşəkkürünü bildirib. O, qonaqları sərgiyə baxmağa dəvət edib. 

Ekspozisiyada istedadlı gənc rəssamın “Madam Julyetin portreti”, “Zamanın dörd rəngi (göy, yaşıl, qırmızı, bənövşəyi)”, “Məryəm və göyərçin”, “Muncuqla avtoportret”, “Pinqvinlər və ay” və digər əsərləri nümayiş etdirilir.

Qonaqlara rus, latış, ingilis və fransız dillərində çap olunmuş “Gecənin musiqisi” kataloqu təqdim olunub.

“Riqa birjası” muzeyində sərgi noyabrın 9-dək davam edəcək.

 

Nigar CƏFƏRLİ  AzərTAc-ın xüsusi müxbiri

Riqa

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında