Türkdilli ölkələrin media birliyi: tarixi zərurətin doğurduğu reallıq

Azərbaycan Sovetlər Birliyinin tərkibində olarkən  Türkiyə adı gələndə içimizdən keçən bir giziltini uzun illər, nə qədər istəsək də, gizlədə billməmişik. Radio dalğalarında eşitdiyimiz, əlimiz-ünümüzsə yetməyən xəfif səsləri isə od tutub yanan ruhumuza “çiləmişik”. Nə yazıq ki, uzanan əllərimizdən tutan olmayıb! Belə söyləyib babam da, atam da, mən özüm də! Şükürlər olsun ki, biz bu yaşantıları artıq çoxdan tarixin silinməz- pozulmaz yaddaşına həkk etmişik!...

 

Tarixdən gələn səslər

Azərbaycana ötən əsrin 90-cı illərində qədəm basan bir türk oğlunun söylədiyi canlı xatirə də heç fikrimdən çıxmır: “Bir çox ölkələrdə çalışsam da, Azərbaycan mənim üçün çox doğma bir məmləkət olub, bu diyarı özümə ikinci Vətən bilmişəm. Maraqlıdır ki, mənim ilk xarici səfərim də Azərbaycana olub. 1990-cı il Azərbaycanın ən sıxıntılı dövrü, həm də sovet rejiminin son illəri idi. Qarabağdan hər gün onlarca şəhid tabutunun gəldiyi bu günlər təkcə azərbaycanlıların yox, həm də biz türklərin ən faciəli günləri idi.

 Belə bir zamanda Ankaradan 75 nəfərlik heyət ilə Azərbaycana gəldik. Gəncədə, Bakıda qucaqlaşıb görüşdüyümüz qardaşlarımızın ağrı-acıları, bir-birinə qarışan göz yaşlarımız indi də yadımdan çıxmayıb. Bu, uzun illər boyu bir-birinin yolunu gözləyən həsrətli qardaşların görüşü idi! Onda İstanbul Universitetini yenicə bitirib, Mədəniyyət Nazirliyində təzəcə işə başlamışdım və belə ağır günlərdə tale mənə Azərbaycana gəlmək şansı vermişdi”. İllər sonra bu sözləri söyləyən Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan düz 20 il sonra Azərbaycana diplomatik missiya ilə gəldiyini və indi gördüklərini riqqətlə dilə gətirir:

– Azərbaycanın bugünkü uğurları məni və hər bir türkü çox fərəhləndirir, xoşbəxt edir. Güclü, tərəqqi etmiş Azərbaycanın o günləri ilə indisini müqayisə etdikcə çox böyük bir qürur duyuram. Ümummilli lider Heydər Əliyevin “biz bir millət-iki dövlətik” kəlamı iki ölkənin münasibətləri haqqında söylənilən ən tutumlu bir düsturdur. Azərbaycan və Türkiyə haqqında nə qədər yazılıb- söylənilsə də bu deyimdən yuxarısı yoxdur. Əslində, böyük Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”sözləri də ulu öndərin bu məşhur ifadəsi ilə tam üst-üstə düşür. Heydər Əliyev və Mustafa Kamal Atatürk kimi uzaqgörən dahi olmağın nadirliyi  məhz budur! Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr indi hər birimizin həyatında xoşbəxt bir tale yazısı kimi dəyərləndirilir.

Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını artıq dəfələrlə sübut etmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və qanlı müharibələr nəticəsində Bakını xilas etməsi tariximizin təkcə şanlı səhifəsi yox, həm də müstəqil yaşamaq haqqımızın təsdiqi idi. Şübhəsiz ki, Azərbaycan xalqı da tarixin ən kəşməkəşli dönəmlərində türk qardaşlarından əməli köməklərini əsirgəməyiblər. Türkiyədə Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadilə tarixində azərbaycanlıların maddi və mənəvi yardımı qardaşlıq borcu kimi qiymətləndirilir .

Azərbaycan 1991-ci ildə özünün  müstəqilliyini bərpa edəndən sonra onun səsinə səs verib dəstəkləyən ilk dövlət də məhz Türkiyə oldu. 1991-ci il noyabrın 9-da Türkiyə Azərbaycanı müstəqil bir dövlət kimi tanıdığını bəyan etdi. Təxminən iki ay sonra 1992-ci il yanvar ayının 14-də Azərbaycan – Türkiyə diplomatik əlaqələri yaradıldı. Məhz həmin vaxtdan Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan isə Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başladı. Diplomatik münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm və geniş perspektivlər açdı. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının səylərini dəstəklədi, bütün sahələrdə əlaqələrin inkişafına göstərilən yardımlarını əsirgəmədi.

 

Media birliyi ideyası Bakıda gündəmə gəlib

Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında ortaq türkcənin formalaşması istiqamətində göstərilən səylər zaman keçdikcə nəinki aktuallığını itirmir, əksinə, aidiyyatı institutları fəaliyyətə səsləyir.

Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə edən türk cümhuriyyətləri o vaxtdan bəri həm öz ölkələrində, həm də xaricdə böyük uğurlar qazanmaqdadırlar. Qardaş ölkələrin müstəqilliyini hamıdan qabaq tanıyan Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək söylədiyi kimi, Türkiyə bu uğurlardan böyük məmnuniyyət duymaqdadır. Təbii ki, onların uğurlarını, sadəcə, öz daxili məsələləri kimi qiymətləndirmək yanlış olardı. Türk dövlətləri arasındakı parlamentlərarası əməkdaşlıq əlaqələrimizin ən yüksək səviyyəyə yüksəlməsi üçün kifayət etməz. Siyasi, iqtisadi və sosial sahədə də geniş əməkdaşlığa ehtiyac var. Televiziyalar, media ölkələrimiz arasındakı münasibətləri dərinləşdirmək üçün önəmli imkanlar yaradır, üzv ölkələr arasında dostluğu, qardaşlığı, iqtisadi və sosial əməkdaşlığı inkişaf etdirmək üçün bu imkanlardan istifadə etmək lazım gələcək.

Bu məsələdə media birliyi ideyası bir daha diqqəti vacib amil  kimi cəlb edir. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir:

– Media birliyi ideyası Bakıda - “Azərbaycan və Türkiyə mediası: bənzərliklər və fərqliliklər” mövzusunda keçirilmiş konfranslarda gündəmə gəlib. Bu toplantıların birincisi 2007-ci ildə, digəri isə iki il sonra baş tutmuşdu. Həmin tədbirlərdə Azərbaycanın və Türkiyənin nüfuzlu media qurumlarının rəhbərləri arasında gedən diskussiyalarda məsələ ətrafında müxtəlif fikirlər səslənmişdi – ortaq qəzet, jurnal, daha sonra internet portalı və nəhayət, təşkilat yaratmaq. Əlbəttə, sonuncu özündən əvvəlkiləri də komplektləşdirmək və dəyərləndirmək baxımından daha məqsədyönlüdür. Çünki mövcud istiqamətdə təşkilatlanmaq media müstəvisindəki başqa istək və arzuların da gerçəkləşməsinə kömək göstərə bilər.

2010-cu il dekabrın 21-dən 22-dək Ankarada Türkdilli Ölkələrin və Toplumların I Media Forumu keçirildi və bununla da Azərbaycanda irəli sürülən ideyanın həyata vəsiqə alması istiqamətində ilk addım atılmış oldu. Forum, eyni zamanda, gələcək birliyin ali orqanı kimi özünü təsdiqlədi. Toplantıda qərara alındı ki, Türkdilli Ölkələrin və Toplumların Media Birliyi yaradılsın. Bununla əlaqədar işçi qrup formalaşdırıldı. Qrup ötən müddət ərzində gərgin fəaliyyət göstərdi. Bir neçə dəfə toplaşdı. Əlavə yazışmalar, prosedur məsləhətləşmələr aparıldı. Nəhayət, birliyin nizamnaməsi hazırlandı və qəbul edildi.

 

Vahid informasiya məkanı

Türkdilli Ölkələrin Media Forumunda Türkdilli Ölkələrin Media Birliyinin yaradılması bütün türk dünyasının ictimai-siyasi həyatında önəmli hadisə oldu. Bu, təkcə bütün türk toplumunun informasiya əlaqəsi deyil, eyni zamanda, cəmiyyətlərin bütün sahələrdə birlik və əlaqələrin qurulmasında önəmli faktor kimi diqqəti cəlb edir. Ankarada Türkdilli Ölkələrin Media Forumunda iştirak edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun qənaətinə görə, türkdilli ölkələrin jurnalistləri arasında şəxsi və peşə münasibətlərinin formalaşması gələcəkdə ölkələrin vahid informasiya məkanında təmsilçiliyi üçün münbit zəmin yaradır. Hesab edirəm ki, əlaqələrin genişlənməsi onların milli-mənəvi ənənələrini daha da inkişaf və təbliğ etdirmək yönündəki fəaliyyətini əsaslı şəkildə gücləndirəcək.

Tariximizin önəmli ailələrindən birinin, daha doğrusu, ikisinin – Azəbaycan Xalq Cümhuriyyətinin qurucularından biri və Baş naziri olmuş Nəsib bəy Yusifbəyli və İsmayıl bəy Qaspralı yadigarı və varislərindən olan Nəsib bəylə Qənirə Paşayevanın İzmir görüşünü mətbuat cəmiyyətə təqdim etdi. Eyni zamanda, mətbuat tariximizə aid sənəd toplamaqda bizə kömək edin,- müraciəti ilə səslənən Mətbuat Şurasının komissiya sədri, deputat Cavanşir Feyziyev mətbuat muzeyinin yaradılması yönündə prosesin uğurla davam etdiyini bildirir. Cavanşir müəllimin sözlərinə görə, Türkiyədə bəzi adamların şəxsi arxivlərində müstəqillik dövründə və ondan əvvəlki dövrlərdə nəşr olunmuş çap nümunələri mövcuddur. Həmin nüsxələrin, topluların alınıb ölkəmizə gətirdiyini deyən C.Feyziyev bu işdə onlara Türkiyə Qəzetçilər Federasiyasının böyük dəstəyi olduğunu vurğulayıb.  Yenə də mətbuat...  Əslində, bu iki nümunə mətbuatın cəmiyyətdə və ictimai həyatda mühüm rolunun sadədən də sadə bir nümünəsi idi. Amma onun danılmaz və əvəzedilməz rolu bu gün də öz möhtəşəm yerini kimə və nəyəsə vermək faktından hələ ki, çox uzaqdadır. IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində çıxışında Avstriya Xəbər və Mətbuat Agentliyinin baş icraçı direktoru Peter Kropş deyir ki, rəqəmsal zəmanəmizdə xəbər agentlikləri media məkanında və cəmiyyətdə ənənəvi rolunu qoruyub saxlamalıdır. Hətta o, xəbər agentliklərini informasiya girdabındakı mayaka bənzədir.

Azərbaycanın paytaxtı Bakıda keçirilən II Media Forumu türkdilli ölkə və toplumlar arasında iqtisadi, mədəni əlaqələrin qurulmasına, onların dünya informasiya məkanına daha sıx inteqrasiya etməsinə daha bir zəmin yaratdı. Bu məsələnin önəmli olan bir tərəfi. Daha maraqlı bir məsələ də məkan baxımından çox önəmlidir: II Media Forumu Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Tuva, Saxa-Yakutiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Avropada türklərin yığcam məskunlaşdığı bölgələrdən – Bolqarıstan, Yunanıstan, Makedoniya və Kosovadan təşrif buyuran nümayəndələrdən ibarət, az qala, böyük dünyanın yarısını təşkil edir. 

 Bu boyük coğrafi xəritə, fəal fikir mübadiləsi və türk media birliyinin möhkəmləndirilməsinə yönələn dəyərli təşəbbüslər təkcə adi faktlar kimi yadda qalmadı, həm də tarixi bir reallığı gündəmə gətirdi və təsdiq etdi. Nə yaxşı ki, həyata vəsiqə qazanan türk media birliyinin təşəbbüsü bu gün daha səmərəli şəkildə inkişaf etdirilməkdədir.

Bizim əmin olduğumuz və güvəndiyimiz bir həqiqət isə odur ki, türkdilli ölkələrin media birliyi çox mühüm vəzifələrin həllində və formalaşmasında əvəzsiz xidmətlərini səbr və təmkinlə ən qısa zamanda ortaya qoyacaq. Türkdilli ölkələrin və toplumların media qurumları ortaq tarix, dil, milli mənsubiyyət və mədəniyyətə əsaslanan əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini artıracaqdır.

 

Namiq ƏHMƏDOV,

“Xalq qəzeti”

 

Məqalə Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyinin, Azərbaycan Mətbuat Şurasının və TİKA-nın Bakı Nümayəndəliyinin “Türkdilli ölkələrin media birliyi: tarixi zərurətin doğurduğu reallıq” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında