Bakıda II beynəlxalq Həmzə Nigari simpoziumu keçirilir

 Oktyabrın 20-də Bakıdakı  “Modern hotel”də Türkiyənin Amasiya Universiteti, Amasiya Azərbaycan Türkləri Kültür, Sənət və Dayanışma Dərnəyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə  görkəmli din xadimi və sufi  şairi Seyid Həmzə Nigarinin həyat və yaradıcılığının  öyrənilməsinə həsr olunmuş  II beynəlxalq Həmzə Nigari simpoziumunun açılış mərasimi oldu.

İki  gün davam edəcək simpoziumun  əsas mövzuları Həmzə Nigarinin həyatı və yaradıcılığı,  sufi ədəbiyyatı, sufizm və nəqşibəndilikdir. Simpoziumda Azərbaycan, Türkiyə və Rusiyanı təmsil edən  80-dən çox alim və tədqiqatçının çıxışı nəzərdə tutulub.

Tədbir iştirakçıları əvvəlcə  Mədəniyyət və Turizm Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə tanınmış fotoqraf Məmməd Rəhimovun  hazırladığı  sərgiyə tamaşa etdilər.

Simpoziumu  giriş  sözü ilə Seyid Nigarinin  nəslindən olan, onun oğlunun adını daşıyan Siracəddin Həmidov açaraq, görkəmli şəxsiyyət haqqında  qısa məlumat verdi.  Bildirildi ki, Mir Həmzə Nigari ilə eyni soydan olan və şeyxin vəfatına qədər onun qulluğunda dayanmış Seyid Sədəddin əfəndinin oğlu Mustafa Fəxrəddin Ağabalinin  Seyid Nigarinin həyat və fəaliyyətini bütün təfsilatilə bizə təqdim edəcək  “Hümayi-Ərş” kitabı yaxın vaxtlarda işıq  üzü  görəcək.

Oktyabrın  21-də  simpozium öz işini proqram üzrə davam etdirdi.  AMEA  Tarix Muzeyinin əməkdaşı  Səidə Həmzəbəyova, filologiya elmləri doktoru Almaz Ülvi, Dağıstan Dövlət Universitetinin  müəllimi  Taibə  Hacımuradova, Rusiya EA  Kabardin-Balkar Elmi Mərkəzinin əməkdaşı Tamara Bittirova,  AMEA Şərqşünaslıq  İnstitutunun  əməkdaşı Səadət Şıxıyeva, “Xalq qəzeti”nin əməkdaşı  Əfsanə Ələsgərli Seyiq Həmzə Nigarinin  həyat  və yaradıcılığı haqqında  maraqlı məruzələrlə çıxış etdilər.

Proqrama uyğun olaraq, oktyabrın 22-də simpozium iştirakçıları Həmzə Nigarinin sevimli tələbəsi Hacı Mahmud əfəndi Aslanbəylinin Qazaxdakı  türbəsini ziyarət edəcək, Azərbaycanın digər inanc yerləri ilə tanış olacaqlar.

Həmzə Nigariyə və onun təliminə həsr olunmuş elmi simpoziuma istər Amasiyadan, istərsə də Qarabağ bölgəsindən çoxsaylı tərəfdaşları da dəstək verir. Amasiya, Çorum və Toqatdan simpoziumda iştirak etmək üçün  Bakıya  geniş tərkibdə nümayəndə heyəti  gəlib. Qeyd edək ki, “Qarabağdan Amasiyaya könül körpüsü - I beynəlxalq Həmzə Nigari simpoziumu”  2012-ci ildə Tükiyənin Amasiya şəhərində keçirilmişdi.

Məlumat üçün bildirək ki, Mir Həmzə Nigari 1795-ci ildə Qarabağ xanlığının Bərgüşad mahalının Cicimli kəndində dünyaya gəlmişdir. O, bir vaxtlar Türkiyənin Anadolu  vilayətindən  bu kəndə köçmüş  Ağa Balim həzrətlərinin  altıncı nəslidir.  Tədqiqatçı-alim  Bəhlul əfəndi Behcətin yazdığına görə,  Ağa Balim həzrətləri  müridi Sarı Aşıq, Hacı Qaraman  və Qara Pirimlə birgə bu  kəndə gəlmiş  və burada məskunlaşmışdır. Seyid Həmzə Nigari də bu  kənddə  dünyaya gəlmişdir.  Atası Mir Paşa adı ilə tanınan Mir Rüknəddin əfəndi, anası isə Qızxanımdır. Həmzə əfəndinin Həzrəti Zəhranın övladlarından olan ulu babaları hicrətin birinci və ikinci əsrlərində sülalələri və həmvətənləri ilə birlikdə uzaq bir məmləkətdə gizlənmək və yaşamaq məcburiyyətində qalmışlar.

Həmin əsrdə Qafqazın Qarabağ vilayətinə köçərək burada bir kənddə yerləşmişlər. Cicimli adlanan bu kənd ulu seyidlərin gözəl və müqəddəs bir məskəni olmuşdur. Həmzə əfəndi uşaqlığını Cicimlidə keçirmişdir. 15 yaşına qədər molla yanına göndərilsə də, sonra  kənddən qaçaraq Qazaxın Qaraqaş kəndindəki məşhur müdərrislərdən biri olan  Hacı Mahmud əfəndinin    yanına  getmişdir. Qaraqaşda təhsil aldığı zaman Nurəddin adlı bir şəxs və xanımı Nigar  Həmzə əfəndinin yaşayış və  təhsili üçün hər cür yardım göstərmişlər. Bu xanımın dəstəyinə görə o, “Nigari” təxəllüsünü götürmüş, şeirlərini bu təxəllüslə yazmış  və divanında da ondan  istifadə etmişdir. 1886-cı ildə Türkiyənin Harput  şəhərində  vəfat edən Həmzə Nigari vəsiyyətinə əsasən  öz  mürşidi  İsmayıl  əfəndinin yanında - Amasiyada dəfn olunmuşdur. Məzarı indi də orada – Şirvan camesindədir.

 

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında