Qırğız Respublikasında Azərbaycan Musiqisi Günü keçirilmişdir

Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinin dəstəyi ilə bu il oktyabr ayının 15-də Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrında Azərbaycan Musiqisi Günü keçirilmişdir.

 Qırğız Respublikasının rəsmi şəxsləri, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli elm və mədəniyyət, xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri, soydaşlarımız tədbirdə iştirak etmişlər.

Qırğız Respublikasının A.Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrının direktoru Timur Salamatov tədbiri açaraq, Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinin son vaxtlar iki qardaş ölkənin mədəniyyət sahəsində əlaqələrinin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürünü bildirmişdir.

Sonra Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm nazirinin birinci müavini, stats-sekretar Akimbek Tekeşov çıxış etmişdir.

A.Tekeşov növbəti dəfə belə böyük tədbirin Bişkekdə keçirilməsinin təşkili üçün Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucova təşəkkür edərək, Azərbaycan ilə Qırğızstan arasında mədəni əlaqələrin  inkişafında xidmətlərinə görə ona  Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin fəxri medalını təqdim etmişdir.

 Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov çıxış edərək, bildirmişdir ki,  Azərbaycan ilə Qırğızstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və iqtisadi sahədə deyil, həm də humanitar sahədə inkişaf etməkdədir və bu xətt Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti zati-aliləri cənab Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir.

Səfir qeyd etmişdir ki, hələ  Peterburq Konservatoriyasının tələbəsi olarkən  Üzeyir Hacıbəyov “Arşın mal alan ” operettasını yazmış və Bakıda Zeynalabdin Tağıyevin teatrında səhnələşdirilmişdir. Bu operetta indiyədək 76 ölkənin 187 teatrında səhnəyə qoyulmuşdur. Onun əsasında hələ 1945-ci ildə çəkilmiş film isə 136 ölkədə göstərilmişdir.

Səfir görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini öz repertuarına həmişə daxil etdiyi və bu gün “Arşın mal alan” operettasını tamaşaya hazırladığı üçün Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrının kollektivinə dərin təşəkkürünü bildirmişdir.

Sonra Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının premyerası keçirilmişdir.

Tamaşanın dirijoru Qırğız Respublikasının Xalq artisti Jumakadır Kanimetov, quruluşçu rejissoru əməkdar artist Sapar İsmailov, baletmeysteri Berdalı Pomankulov, xormeysteri Karaqul Tilençiyevdir.

Əsərin liberettosunun tərcüməçisi – Uzakbay Abdukaimovdur.

Tamaşanı teatrın xoru və simfonik orkestri müşayiət etmişdir.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında