Xalq yazıçısı Qılman İlkinin 100 illiyi təntənəli şəkildə qeyd edilib

Oktyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Qılman İlkinin 100 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib.

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.

Mərasimdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək vurğulayıb ki, görkəmli yazıçının yubileyi Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən qeyd olunur.

Bildirilib ki, ilk qələm təcrübəsi “Yaralı şahin” hekayəsi olan yazıçının müxtəlif illərdə işıq üzü görən “Qalada üsyan”, “Şimal küləyi”, “Hədiyyə”, “Dağlı məhəlləsi”, “Dəniz qapısı” və digər kitabları da hər zaman böyük oxucu marağına səbəb olub. Qılman İlkin ədəbiyyat tarixində özünəməxsus mövqeyə malik sənətkarlardan biri kimi uzun illər ərzində çoxcəhətli, səmərəli fəaliyyət göstərib. Zəngin Azərbaycan nəsrinin realist ənənələri zəminində yaratdığı qiymətli əsərləri ilə milli mədəniyyətin inkişafına dəyərli  töhfələr verib.

Diqqətə çatdırılıb ki, onun ssenariləri əsasında “Kölgələr sürünür” və “Yenilməz batalyon” bədii filmləri, həmçinin “General” və digər televiziya filmləri çəkilib.

Bildirilib ki, Qılman İlkin xidmətlərinə hər zaman yüksək qiymətləndirilib və o, dövrünün bir çox yüksək mükafatlarına layiq görülüb.

Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Qılman İlkinin ədəbi prosesin öndə getdiyini, onu stimullaşdıran şəxsiyyətlərdən biri olduğunu söyləyən professor Buludxan Xəlilov yazıçının keçdiyi həyat yolu və yaradıcılıq axtarışları barədə ətraflı məlumat verib.

Vurğulanıb ki, yazıçı əsərlərini dərin müşahidələri, həyat hadisələri əsasında qələmə alıb.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi söyləyib ki, Qılman İlkinin həm şəxsiyyətində, həm də yaradıcılığında ağayanalığın olması onu digərlərindən fərqləndirən müsbət cəhətlərindən idi. Məhz bu səbəbdən də əsərlərində zadəgan düşüncəsi hiss olunurdu.

Bildirilib ki, sovet dövrü nəsrimizdə sözə münasibətin ən böyük nümunəsini Qılman İlkinin yaradıcılığında görmək olar.

Akademik Vasim Məmmədəliyev Qılman İlkinin, sözün əsl mənasında, böyük insan, yazıçı, şəxsiyyət olduğunu söyləyib. Onun əsərləri bu gün də sevilə-sevilə oxunur. Görkəmli nasirin “Bakı və bakılılar” əsəri paytaxtımız haqqında yazılmış qiymətli kitablardandır.

Diqqətə çatdırılıb ki, pedaqoji fəaliyyətlə məşğul olan Qılman İlkin ədəbiyyatı peşəkar səviyyədə bilən insan idi.

Yazıçının oğlu Ayaz Musayev tədbirin təşkilinə görə ailəsi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd edib ki, Qılman İlkin bütün varlığı ilə xalqına, torpağına bağlı insan idi. O, bütün şüurlu həyatını ədəbiyyata həsr edib.

Tədbir çərçivəsində “Dan ulduzu” instrumental ansamblının və tanınmış müğənnilərin ifasında musiqi parçaları, ədibin müxtəlif əsərləri əsasında hazırlanmış səhnəciklər və ssenari müəllifi olduğu filmlərdən fraqmentlər nümayiş olunub.

 

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında