“Balakən Payızı” festivalı uğurla başa çatdı

Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən, 2014-cü ildə “Azərbaycanın Folklor Paytaxtı” elan edilən Balakəndə “Balakən payızı” folklor və turizm festivalı keçirildi.

 Mədəniyyət və Turizm Nazirliyinin və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən və iki gün davam edən festivalda Rusiya Federasiyasının Dağıstan Respublikasının, Gürcüstanın, həmçinin Ağdam, İsmayıllı, Masallı, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının folklor kollektivləri iştirak edirdilər.

 Rayon rəhbərliyi və festivala dəvət olunan qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.

Sonra festival Balakən şəhərinin mərkəzində, Heydər Əliyev prospektində, rayon mədəniyyət mərkəzinin qarşısındakı meydanda tədbirə dəvət olunan kollektivlərin təqdimatı ilə başlandı.

Respublikamızın tanınmış elm və incəsənət adamlarının, ziyalıların, şəhər sakinlərinin iştirak etdikləri mərasimdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev və Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək çoxmillətli Balakən rayonunun, eyni zamanda, zəngin folklor ənənələrinə malik olduğunu bildirdilər.

Vurğulandı ki, Balakənin “Folklor paytaxtı” elan edilməsi rayonun milli-mənəvi dəyərlərinə, onun folkloruna verilən yüksək qiymət və etimaddır və “Xalq Yaradıcılığı Paytaxtları” Proqramı çərçivəsində həyata keçirilən bu festival xalqımıza xas olan mədəni irsi qoruyub saxlamaq və təbliğ etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirin ikinci günü folklor və turizm festivalının iştirakçıları Qabaqçöl qəsəbəsinə yollandılar. Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev festival iştirakçılarını səmimi salamladıqdan sonra meydan Gürcüstanı, Dağıstanı, Balakəni, Zaqtalanı, Qaxı, Şəkini, İsmayıllını, Ağdamı və Masallını təmsil edən folklor kollektivlərinin, rəqs qruplarının ixtiyarına verildi. İki saatadək davam edən festival hamının qəlbində xoş ovqat, böyük çoşqu yaratdı. Festval iştirakçıları nahardan sonra böyük maşın karvanı ilə rayon mərkəzinə – Heydər Parkına gəldilər. Parkda təşkil olunmuş tədbirə ilk olaraq Balakəni təmsil edən “Nənələr”, “Sənəm”, “Cahan” folklor kollektivləri və rəqs qrupu çıxış etdi. Daha sonra Gürcüstandan, Dağıstandan gəlmiş folklor kollektivləri, Zaqatalanın “Hudulki”, “Qızılgül”, Ağdamın “Şur”, İsmayıllının “İvanovka”, Şəkinin “Abay”, Masallının “Halay” və Qaxın “Peşvebi” folklor kollektivləri öz məharətlərini nümayiş etdirdilər.

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev festivalda yekun çıxışında ulu öndər Heydər Əliyevin, onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin, eləcə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəniyyətin, xüsusilə muğamın inkişafına, folklorumuzun qorunub saxlanmasına və tanıdılmasına göstərdikləri xidmətdən danışdı. Rayon rəhbəri folklor kollektivlərinin hər birini diplomla təltif etdi, onlara qiymətli hədiyyələr verdi.

Festival elmi-praktik konfransla yekunlaşdı. Balakəndə iki gün davam edən və uğurla başa çatan folklor və turizm festivalının xoş təəssüratı qəlblərdən uzun müddət silinməyəcək.

 

İ.MUSAOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında