Azərbaycan yüksək turizm potensialı olan ölkədir 27 sentyabr Ümumdünya Turizm Günüdür

Azərbaycan mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan  ölkələrdəndir. Ona görə də  respublikamız turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloi, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur.

Son illər dövlətimizin bu sahəyə ayırdığı diqqət və qayğı sayəsində  turizm inkişafımızın prioritet istiqamətlərindən birinə çevrilmişdir.  Turizmə dair  qəbul edilmiş dövlət  proqramları, davamlı olaraq həyata keçirilən tədbirlər  bu inkişafı şərtləndirən əsas amillərdəndir.

Qeyd edək ki, Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində bu sahənin inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Ona görə də 2010-cu ildə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair” yeni Dövlət Proqramı  qəbul olundu. Bu proqramın  qəbul olunmasının  başlıca məqsədi ölkəmizdə turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin olunması  idi. Turizmin inkişafını sürətləndirmək üçün 2011-ci il ölkəmizdə “Turizm ili” elan olundu.

Bir həqiqət də odur ki, turizm sahəsində aparılan islahatlar, ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgi və tədbirlər Azərbaycanın yüksək səviyyədə təbliğidir. Bütün bu uğurların qazanılmasında  isə, təbii ki, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi  düşünülmüş inkişaf strategiyasının mühüm rolu var.

27 sentyabr Ümumdünya Turizm Günüdür. 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən turizm təşkilatı 1970-ci ilin 27 sentyabrında Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçürülən Təşkilat 27 sentyabr - Ümumdünya Turizm Gününü təsis edib. Ümumdünya Turizm Günü artıq dünyanın 150-dən çox ölkəsində qeyd olunur.

Turizmin iqtisadiyyatın prioritet sahəsi kimi inkişafında nəzərəçarpacaq nailiyyətlər əldə etdiyini və 2014-cü il  Ümumdünya Turizm Gününün qeyd olunması münasibətilə aidiyyəti dövlət qurumlarının, turizm sənayesində fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin, həmçinin ölkəmizdə akkreditə olunmuş diplomatların iştirakı ilə dünən  “Hilton Baku” mehmanxanasında Dünya Turizm Gününə həsr olunmuş konfrans və müxtəlif təqdimatlar keçirilmişdir.

Konfransın proqramına  uyğun olaraq,  əvvəlcə Ümumdünya Turizm Təşkilatının Baş katibinin rəsmi video mesajı iştirakçıların diqqətinə çatdırılmışdır.  Sonra  mədəniyyət və turizm naziri  Əbülfəs Qarayev rəsmi açılış nitqi  söyləmişdir.  Tədbirdə  Azərbaycanda turizmin inkişafını əks  etdirən videoçarx nümayiş olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilmiş “Ölkəmizi tanıyaq” layihəsi haqqında, “Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi” layihəsi barədə, Azərbaycanda yeni yaradılmış  “City Sightseeing Baku” şirkətinin yerli və xarici qonaqlara göstərdiyi xidmətlər barədə  məlumat verilmişdir.  Konfransda  həmçinin  Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti haqqında, I Avropa Oyunlarının keçirilməsi barədə, “Baku Guide” bələdçi kataloqunun təqdimatları keçirilmişdir.

Bu gün isə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri turizm işçisi” döş nişanı ilə təltiflər, eləcə də Bakı Turizm İnformasiya Mərkəzinin fəxri diplomları ilə təltif olmalar həyata keçiriləcəkdir.

Mədəniyyət və Turizm Nazirliyinin və  “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruq  İdarəsinin tabeçiliyində olan turizm nümayişi obyektlərinə (muzeylərə, qoruqlara, komplekslərə və abidələrə) bir günlük pulsuz giriş (açıq qapı) təşkil  olunacaq.

Bu tədbirlər çərçivəsində  sentyabrın 27-də İçərişəhər (Qız Qalası yaxınlığında), Filarmoniya  bağı və Fəvvarələr meydanı ərazisində  saat  20:00-dan paytaxt sakinləri və şəhərimizin qonaqları üçün iki saatlıq proqramla canlı caz musiqisinin ifası nəzərdə tutulmuşdur.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında