Haqqında söz demək istədiyim şəxsin portretinin tamamlanmasına xidmət edən üç məqam:
2008-ci ilin mart ayı. Bakıda “Bakıxanovların ekran təcəssümü” adlı kitabın təqdimat mərasimi keçirilir. SSRİ xalq artisti, akademik Arif Məlikov Bakıxanovlar nəslinin görkəmli simaları haqqında olan nəşr materiallarının beynəlxalq aləmə çıxarılması zərurətini vurğulayır və təklif edir ki, bu məsələ konkret olaraq bir şəxsə həvalə edilsin. Akademik Bəkir Nəbiyev deyir: – Fikrimcə, bu işi lazımınca yerinə yetirə biləcək alimimiz Elçin İsgəndərzadədir. Ətraf ölkələrdə elə bir qəzet-jurnal redaksiyası, yaradıcı birlik yoxdur ki, orada Elçin İsgəndərzadənin dostu – tanışı olmasın. O, xaricdə Azərbaycan elmini, ədəbiyyatını tanıtmaq üçün kifayət qədər səy göstərib. İnanıram ki, bu işin öhdəsindən gələr.
2012-ci ilin iyun ayı. İstanbulun və bütövlükdə Türkiyənin ən böyük konsert və konqres sarayı kimi tanınan Lütvi Kirdar sarayı. Peyğəmbər (salavatullah) nəslindən olan böyük şair, filosof, görkəmli xeyriyyəçi və din xadimi Əs-Seyyid Osman Hülusi Darendeviyə həsr edilmiş beynəlxalq simpoziumda Türkiyədən, İraqdan, Pakistandan, Makedoniyadan, Şimali Kiprdən olan alimlər yaxınlaşaraq Azərbaycan nümayəndə heyətinin üzvü Elçin İsgəndərzadə ilə qardaş kimi görüşür, dostcasına qucaqlaşır və səmimi söhbət edirlər. Bu görüşlərin mənasını Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Ankara bürosunun sədri, professor Hayretdin İvgin özünəməxsus şəkildə izah edir: “Elçin bəy bütün Şərq xalqlarının elm ictimaiyyəti arasında tanınmış alimdir. Onun Azərbaycanı təmsil etdiyi ünvanların siyahısında Avropanın və Asiyanın 30-dan çox ölkəsi var. Odur ki, xarici alimlərin Elçin bəyin başına toplaşmasını tam təbii qarşılayın”.
2013-cü ilin dekabr ayı. Səudiyyə Ərəbistanının Ər-Riyad şəhəri. “Səudiyyə Ərəbistanı, Azərbaycan və Orta Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın perspektivləri” adlı konfransa toplaşmışıq. Orta Asiya ölkələrini təmsil edən jurnalistlərdən biri - Özbəkistan Xarici İşlər Nazirliyinin internet xəbərlər buraxılışının baş redaktoru olan həmkarımız mənim azərbaycanlı olduğumu biləndə professor Elçin İsgəndərzadəyə salamlar söyləməyimi xahiş etdi və vurğuladı ki, Elçin bəy türk xalqları arasında ədəbi əlaqələrin möhkəmləndirilməsinə xüsusi töhfələr verən, qeyri-adi enerjiyə malik bir ziyalıdır.
1964- cü ilin sentyabrında Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhərində anadan olub və orta məktəbi Ağdam şəhərində qızıl medalla bitirən Elçin İsgəndərzadə adlı təqaüdçü kimi təhsil aldığı Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini də fərqlənmə diplomu ilə başa vurub. Tələbəlik illərində Azərbaycan ali məktəb tələbələrinin ümumrespublika elmi konfranslarında beş dəfə birinci dərəcəli diploma layiq görülüb. Omsk şəhərində, M.Bauman adına Moskva Ali Texniki Məktəbdə, Sankt-Peterburq Texniki Universitetində, A.Sneckaus adına Vilnüs Politexnik İnstitutunda, Tallinn Politexnik İnstitutunda tələbələrlə bağlı keçirilən çoxsaylı elmi tədbirlərin iştirakçısı və qalibi olub.
Gənc alim 1986 -cı ildə Moskva şəhərində Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalına layiq görülüb. İlk elmi ixtirası Bakı Məişət Kondisionerləri zavodunda istehsalata tətbiq olunub və ildə 1,2 milyon rubl iqtisadi səmərə verib. Minsk Politexnik İnstitutunda kecirilən Ümumittifaq Tələbə Elmi Konfransının diplomantı olub. 1989-cu ildə “Maşın və mexanizmlər nəzəriyyəsi” ixtisası üzrə Azərbaycan Texniki Universitetinin aspiranturasına qəbul olunub. 1989-2007-ci illərdə dünyanın müxtəlif ölkələrində keçirilmiş 100-dək beynəlxalq, regional və respublika miqyaslı elmi qurultay, konqres, simpozium və konfransların iştirakçısı olub. 1991-ci ildə Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən “Dəyişən quruluşlu mexanizmlər texnikada” beynəlxalq elmi konfransında Azərbaycanı təmsil edib. 1993 -cü ildə namizədlik dissertasiyası müdafiə edib və texnika elmləri namizədi alimlik dərəcəsi alaraq bu ixtisas üzrə keçmiş İttifaqın və Azərbaycanın ən gənc alimi olub.
Elçin İsgəndərzadə 1994 -cü ildə “VEKTOR” Beynəlxalq Elm Mərkəzini təsis edib. 2001-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru və professor olub. O, eyni zamanda, filologiya elmləri doktorudur. 2002-ci ildə Nyu-York Elmlər Akademiyasının, 2003-cü ildə isə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. “BAYATI” beynəlxalq ədəbi-sənət jurnalını təsis edib və baş redaktoru olub. Daha sonra “VEKTOR” beynəlxalq elm jurnalını təsis edib və baş redaktoru seçilib, “VEKTOR” nəşrlər evini təsis edib. “Nizamidən Yunis İmrəyə – Atatürkdən Heydər Əliyevə uzanan sevgi yolu” beynəlxalq simpoziumunun təşkilat komitəsinin həmsədri olub.
Kitabları dünyanın 12 ölkəsində (İran, Türkiyə, Şimali Kipr, Ukrayna, Qırğızıstan, Qazaxıstan, Rusiya, Suriya, Bolqarıstan, Rumıniya, Gürcüstan, Albaniya) yerli xalqların dillərinə çevrilərək çap olunub. Avrasiyanın bir sıra ölkələrində yaradıcı birliklərin üzvü olsa da, Azərbaycan Yazıçılar Birliyinin üzvü olması ilə daha çox fəxr edir. Prezident yanında Ali Attestasiya Komissiyasının üzvü, Prezident mükafatçısıdır.
Elçinin poetik düşüncələrinin toplandığı “Qürbət hücrəsində” adlı kitabı onun ədəbi kimliyini təsdiq edirsə, tanınmış yazıçı, əməkdar jurnalist Qərib Mehdinin bu il işıq üzü görmüş, ədəbi fraqmentlərdən ibarət “Elçin - el üçün” kitabı onun insan kimi, fərd kimi müsbət keyfiyyətlərinin açılması baxımından dəyərlidir.
İzmirli professor Fəyyaz Sağlamın 2012-ci ildə öz şəhərində, “KIBATEK Yayınları”nın xətti ilə ərsəyə gətirdiyi “Lalələr, lalələr, lalələr” (Güldəstə) kitabının elə üz qabığındaca belə bir qeyd var: (Professor-dr. Elçin İsgəndərzadəyə ərməğan). Fəyyaz Sağlamın Elçin İsgəndərzadəyə həsr olunmuş “Bir tar səsi gəlir uzaqdan...” adlı şeirindən bir bəndə nəzər salaq:
Bir tar səsi gəlir uzaqlardan,
Çalan bizdən, dinləyən biz.
Kıyısında bir iç dəniz,
Adı Hazar, halkı biziz...
Elə məşhur ilahiyyatçı alim və tanınmış şair Osman Başın “Xarı bulbul” şeirlər kitabı da Elçin İsgəndərzadəyə ithaf olunub. Osman bəyin kitabda verilmiş “Bir neçə söz” adlı yazısında Elçinin Şuşa həsrəti Anadolu türkünün qələmi ilə bu şəkildə ifadə olunur: “ Şimdi (məqalə aprelin 30-da qələmə alınıb) Şuşada - Cıdır Ovasında Harı Bülbül də ermənilərin işğalı altındadır. Öz sahiplerine hasretdir”. Şairin kitabın sonunda verilmiş “Bizi kimsə böləməz”şeiri isə istənilən işğalı və münaqişəni rədd edə biləcəyimizə işarədir.
Ankarada çıxan “İhlamur” adlı mədəniyyət, incəsənət və ədəbiyyat jurnalının 18-ci nömrəsində professor Elçin İsgəndərzadəyə həsr olunmuş əhatəli bir material verilmişdir. Burada soydaşımızın türk dünyasının elminə və ədəbiyyatına verdiyi töhfələr sadalanmış, bu geniş məkanın ən ünlü sənətçiləri ilə birlikdə keçirilən tədbirlərdə çəkilmiş xeyli şəkillər verilmişdir.
Yeri gəlmişkən, Elçin İsgəndərzadə də türkiyəli dostlarımıza “borclu qalmır”. Onun redaktorluğu ilə , “Türk birliyi!!!” şüarı ilə nəşr olunub yayılan “Bayatı” beynəlxalq sənət jurnalının bütün nömrələrində türk dünyasının ən müxtəlif qütblərini təmsil edən görkəmli insanların yazıları və ya onlar haqqında məqalələr verilir. Yəni, özbəkistanlı dostumuzun dediyi kimi, Elçin İsgəndərzadə, sözün həqiqi mənasında, türk dünyasının elminə və ədəbiyyatına, ədəbi-mədəni əlaqələrinin daha da genişlənməsinə xüsusi töhfələr vermiş ziyalı soydaşımızdır. O, ömrünün geridə qalan əlli ilində sıravi bir ziyalının təxminən yüz ildə görə biləcəyi işləri reallaşdırıb.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.