Dahi Üzeyir bəy Hacıbəylinin xatirəsinə həsr olunan ənənəvi Milli Musiqi Gününü xalqımız böyük təntənə ilə qeyd edir. Bu bayram ərəfəsində ilk növbədə bəstəkarın xatirəsi yad edilir, əsərləri əsasında çəkilmiş, həyat və yaradıcılığına həsr olunmuş filmlər nümayiş etdirilir, milli musiqimizə həsr olunmuş maraqlı tədbirlər təşkil olunur. Bir sözlə, Milli Musiqi Günü Üzeyir bəy sənətinin əsl təntənəsinə çevrilir. Biz burada dahi bəstəkarın sənətinin qiymətli nümunəsi olan “Arşın mal alan” musiqili komediyasının ekran taleyindən söhbət açacağıq.
“Arşın mal alan” musiqili komediyasını Üzeyir bəy 1913-cü ildə yazmışdı. Onun səhnə uğurları yaranmaqda olan kinematoqrafın da diqqətindən kənarda qalmadı. Bunun əsas səbəbi bu idi ki, o vaxt kinossenarilər yaranmırdı, əsasən hazır teatr əsərləri ekranlaşdırılırdı. Digər tərəfdən, “Arşın mal alan” əsəri kinematoqrafiyanın tələblərinə cavab verirdi. Ona görə də əsərin yarandığı vaxtdan cəmi üç il sonra – 1916-cı ildə “Arşın mal alan”ın ilk ekran variantı yaradıldı.
Qeyd edək ki, bu musiqili komediya dünyada beş dəfə ekranlaşdırılan nadir əsərlərdəndir. Doğrudur, əsərin ilkin ekran variantları kinonun səssiz dövrünə təsadüf edir. Onlar kinematoqrafik cəhətdən də zəif filmlərdir. Bu da təbiidir, çünki kino yeni yaranırdı, milli kadrlar, demək olar ki, yox idi. Kənardan filmə müəlliflik edənlər də əsərin ümumi ahəngini tuta bilmirdilər. Rus kinorejissoru Boris Svetlov bu əsəri ilk dəfə ekranlaşdıranda da film uğurlu alınmadı. Kino əsəri 1917-ci il yanvarın 3-də Bakıdakı “Form” kinoteatrında göstərilmişdir. Rollarda Azərbaycanın məşhur aktyorlarından H. Sarabski, Ə.Ağdamski, M.A.Əliyev, Y.Nərimanov və başqaları çəkilmişdilər. Film sonradan bütün Qafqazda nümayiş etdirilmişdi. Hətta, filmin Aşqabadda, Orta Asiyanın digər şəhərlərində göstərilməsi ilə bağlı da mətbuatda yazılar verilmişdi.
“Arşın mal alan” ikinci dəfə 1917-ci ildə Sankt-Peterburqdan olan rejissor Q. Belyakov tərəfindən lentə alındı. Ancaq bu dəfə film müəllifin razılığı olmadan çəkilmışdi. Bu variant da uğurlu alınmamışdı, ona görə də tezliklə ekranlardan çıxarıldı.
1939-cu ildə Amerikada Ruben Mamulyan əsəri “erməni folklorundan gələn mövzu kimi” ekranlaşdırır, filmi müxtəlif ölkələrə satmaqla çoxlu pul qazanır. Filmdə ümumiyyətlə, Azərbaycanın və Üzeyir bəyin adı çəkilmir. Azərbaycanda bu məsələdən xəbər tutulur.
Rza Təhmasib və Leşşenko müharibə getməsinə baxmayaraq, təcili “Arşın mal alan”ın çəkilişlərinə başlayırlar. 1945-ci ildə tamamlanan bu ekran əsəri SSRİ Dövlət mükafatına layiq görüldü. Yuxarıda bəhs edildiyi kimi, film çox böyük uğur qazanıb. Bununla da məşhur əsərin Azərbaycana məxsusluğu hər mənada bir daha sübut olundu.
Əsər dünyanın 3 qitəsini dolaşıb. “Arşın mal alan”ın Azərbaycan teatrının səhnəsində tamaşa, həmçinin kinofilm kimi televiziya ekranlarında neçə dəfə nümayiş etdirildiyini demək çox çətindir.Onun yaradıcı heyəti də Azərbaycanın məşhur sənətkarları idi. Rəşid Behbudov, Leyla Bədirbəyli, İsmayıl Əfəndiyev, Lütfəli Abdullayev, Münəvvər Kələntərli və başqa aktyorlarımız filmdə müxtəlif obrazlara ekran həyatı vermişlər.
Mədəniyyət və Turizm Nazirliyi “Arşın mal alan” filminin Moskva Film Fondundakı nüsxəsinin ölkəmizə gətirilərək, Azərbaycan dilində yenidən bərpa olunmasını təşkil edib. Bərpa edilmiş film 2006-cı il mayın 16-da filmin 60 illik yubileyində ilk dəfə nümayiş olunub.
Ekrana çıxarıldıqdan sonra, təkcə 1945-ci ildə, filmə 16,27 milyon tamaşaçı baxmış, SSRİ-də prokat lideri olmuşdur. Film, nəinki, Azərbaycan, həm də sovet kinosuna dünya şöhrəti qazandırmışdır.
Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və Sovetlər Birliyi ekranında nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından “100 sevimli film” seçilmişdir. Həmin filmlər üç hissəyə - qızıl, gümüş və bürünc siyahılara ayrılmışdır. 1945-ci ildə istehsal olunmuş “Arşın mal alan” kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə “Qızıl siyahı”ya daxil edilmişdir. Film 136 ölkədə nümayiş etdirilmiş, 86 dilə dublyaj olunmuşdur.
Nəhayət, 1965-ci ildə bu komediya beşinci dəfə ekranlaşdırıldı. Bu dəfə kinorejissor Tofiq Tağızadə əsərin genişformatlı, rəngli variantını təqdim etdi. Baş rollara H.Məmmədov, M.Yegizarov, L.Şıxlinskaya və başqaları çəkilmişlər.
“Arşın mal alan”a kinematoqrafın bu qədər maraq göstərməsi, söz yox ki, Üzeyir bəy dühasının təzahürü idi. Güman etmək olar ki, “Arşın mal alan”a kinematoqrafçılarımız gələcəkdə də təkrar müraciət edəcəklər.
Mehdi MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.