Xalq şairi Vaqif Səmədoğlunun 75 illiyinə həsr edilmiş ədəbi-bədii gecə

Sentyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli ədib, xalq şairi, ictimai xadim Vaqif Səmədoğlunun 75 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib.

AzərTAc xəbər verir ki, tədbiri açan muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov Vaqif Səmədoğlunun zəngin həyat yolu və ədəbi fəaliyyətindən bəhs edib. Xalq şairinin yeni əsərləri ilə ədəbiyyatımızı daha da zənginləşdirəcəyinə, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub yaşadılması naminə bundan sonra da bacarığını əsirgəməyəcəyinə əminliyini ifadə edib.

Diqqətə çatdırılıb ki, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairin yaradıcılığı həmişə yüksək qiymətləndirilib və o, əməkdar incəsənət xadimi, xalq şairi fəxri adlarına, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb.

Bildirilib ki, onun “Yeddi şeir” adlı ilk yaradıcılıq məhsulu 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra Vaqif Səmədoğlunun dövri mətbuatda əsərləri vaxtaşırı dərc edilib. O, “Oğuz eli” qəzetinin baş redaktoru, Azərbaycan Sovet Ensiklopediyasında incəsənət redaksiyasının müdiri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifələrində çalışıb, 2000-2005-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olub.

R.Hüseynov şeirimizə yeni poetik təfəkkür gətirmiş V.Səmədoğlunu 75 illik yubileyi münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.

Tədbir çərçivəsində həmçinin yubilyarın ingilis dilində nəşr edilmiş şeirlərindən ibarət toplusunun da təqdimatı keçirilib.

Kitabın tərtibçisi, “Azərbaycan international” jurnalının baş redaktoru xanım Betty Blair Vaqif Səmədoğlu yaradıcılığı haqqında təəssüratlarını bölüşüb.

Vurğulanıb ki, şairin 103 şeiri daxil edilən kitabını elektron formada da oxumaq mümkündür. 

Ədəbi-bədii gecədə xalq artistləri Ramiz Həsənoğlu, Fəxrəddin Manafov, xalq şairi Fikrət Qoca və başqaları Vaqif Səmədoğlunun yaradıcılığı haqqında düşüncələrini bölüşüblər.

Tədbirdə şairin əsərlərinə bəstələnmiş nəğmələr səsləndirilib.

Şairin ömür və sənət yolundan bəhs edən, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Ədəbi salnamə” yaradıcılıq studiyası tərəfindən hazırlanmış slayd-şou nümayiş etdirilib, ədibin sözlərinə bəstələnmiş yeni nəğmə də ilk dəfə təqdim olunub.

Sonda çıxış edən V.Səmədoğlu ona göstərilən diqqət və qayğıya görə muzeyin rəhbərliyinə və mərasim iştirakçılarına minnətdarlığını bildirib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında