Bakıda “Ümumi mədəni irs şəhərləri” beynəlxalq arxeoloji-turizm layihəsi çərçivəsində seminar

Sentyabrın 16-da Bakıda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) maliyyə dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Ümumi mədəni irs şəhərləri” beynəlxalq arxeoloji-turizm layihəsi üzrə seminar öz işinə başlayıb.

AzərTAc xəbər verir ki, beynəlxalq seminarda mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərdən geniş söhbət açıb. Bildirib ki, beynəlxalq aləmdə özünəməxsus nüfuz qazanmış Azərbaycan qədim tarixi-mədəni irsə malik turizm ölkəsi kimi qısa müddət ərzində dünya turizm bazarında da layiqli yer tutub.

Diqqətə çatdırılıb ki, Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verir. Nazirliyin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyəti son vaxtlar özünü daha qabarıq şəkildə göstərir. Mədəni və dini oxşarlıq, ortaq mədəni irs bu təşkilata üzv ölkələrin birgə fəaliyyətinə xüsusi zəmin yaradır. Məhz bu amilin əhəmiyyətini nəzərə alaraq, təşkilat çərçivəsində müxtəlif beynəlxalq tədbirlər, birgə layihələr həyata keçirilir.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının  vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsünü yüksək qiymətləndirib və həmin layihənin akademiya üçün də faydalı olacağını vurğulayıb. 

Daha sonra “Ümumi mədəni irs şəhərləri” beynəlxalq arxeoloji-turizm layihəsi təqdim edilib. 

Layihə COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir.

Bu ilin oktyabrında yekunlaşacaq layihənin məqsədi COMCEC regionunda beynəlxalq səviyyədə rəqabətli və davamlı turizmin inkişafına nail olmaq, əsas turizm bazarlarında bu ölkələrin mədəni turizm resursları barədə məlumatlılığı artırmaq, iştirakçı ölkələrin turizm sahəsində dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığı gücləndirmək və bölgəyə dünya turizm bazarlarından daha çox turist cəlb etməkdir.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyədə tarix-mədəni oxşarlıq, mövcud maddi irs və arxeoloji potensial, islam mədəniyyətinin əhəmiyyəti, ümumi mədəni irs şəhərlərinin ortaq cəhətləri və onların təbliğinin zəruriliyi, həmçinin bu ölkələrin dünya turizm bazarında mövqeyi, ümumi mədəni irs şəhərlərinin turizm potensialı, layihənin gələcəkdə turizm mübadiləsinə göstərəcəyi təsir və yaradılacaq yeni turizm məhsulunun əhəmiyyətinə dair təqdimatlar edilib.

Beynəlxalq seminar işini sessiyalarla davam etdirib.

Sentyabrın 18-dək davam edəcək seminarda layihə çərçivəsində əldə olunmuş nəticələr, bu ölkələrin ortaq tarixi-mədəni irsi, arxeoloji turizm potensialı, çoxtərəfli əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında