Universal dahi – Leonardo da Vinçi Tarixdə iz qoyanlar

Böyük italyan rəssamı Leonardo da Vinçi özünü universal dahi, qeyri-adi yaradıcı kimi təsdiq edib. O, dahi rəssam, heykəltəraş, memar, ixtiraçı olub. İtalyanlar onu sağlığında hətta sehirbaz, cadugər adlandırıblar. Müasirləri hesab edirdilər ki, bu insan hər şey etməyə qadirdir. Sonsuz dərəcədə istedadlı olan Leonardo da Vinçi müxtəlif mexanizmlər yaradır, müasir vertolyotlara oxşayan bənzərsiz ucan aparatların layihələrini çəkir, hətta müasir tankın  icad  edilməsinə görkəmli töhfələr verib.

Leonardo da Vinçinin florensiyalı qız Monna Lizanın, yaxud varlı florentiyalı tacir Delle Cokondanın arvadı ehtimal olunan qadının adı ilə tarixə düşən məşhur “Cokonda” tablosu hazırda Parisin məşhur Luvr muzeyində nümayiş etdirilir  və birmənalı olaraq dünya rəngkarlığının incisi, şah əsəri hesab edilir. Dahi rəssam bu əsəri özünün yaradıcısı olduğu sfumato üslubunda çəkib. Məhz bu üslubun sayəsində “Mona Liza”nın təbəssümü  valehedici təsir bağışlayır. Belə ki, rəsmə baxanda “Cokonda” bəzən nəvazişlə, bəzən də qəzəblə baxır. Əsərin əsas möcüzəsi isə odur ki, əsrlər keçdikcə “Mono Liza”nın təbəssümü dəyişir, dodaqlarının kənarı yuxarıya doğru qalxır. Araşdırmaçıların rəyinə görə, bu, adi deyil. böyük sirləri bilən gülüşdür. Təkcə “Cokonda”nın bu sirli təbəssümünə cildlərlə kitab həsr olunub.

Leonardo Florensiya yaxınlığındakı Vinçi adlanan kiçik bir şəhərdə  notarius vəzifəsində çalışan Pyeronun sadə kəndli qızı Katerina ilə qeyri-qanuni nikah əlaqələrindən doğulub. Atası onu öz sənətinin davamçısı görmək arzusunda idi. Lakin gənc Leonardonun ictimai qanunlara marağı yox idi, sənədlərin üzünü köçürməyə isə zəhlətökən bir iş kimi baxırdı. Oğlunun rəsm çəkməyə meyilli olduğunu hiss edən ata onu florensiyalı rəssam və memar Verokkionun yanına gətirir. Leonardo burada altı il qalaraq rəngkarlıq və heykəltəraşlıq sənətlərinin sirlərinə dərindən yiyələnir. Ustadı şagirdinin qeyri-adi istedada sahib olduğunu tez anlayır və Leonardonun böyük gələcəyi olacağını söyləyir.

İyirmi yaşlarında Leonardo artıq müstəqil çalışırdı. O, təkcə sənəti ilə heyran etmirdi. Belə ki, at nalını əli ilə əyən, qılıncoynatma idmanında rəqib tanımayan, qeyri-adi fiziki gücə, cəlbedici bədən quruluşuna sahib olan bu gəncə qızlar elə ilk baxışdan valeh olurdular. Lakin bu qədər şəxsi müsbət keyfiyyətlərinə baxmayaraq, Leanordo Florensiyada sənətkarları himayə edən şəhər rəhbəri Lorenso Mediçinin sevimlisi ola bilmir. Mediçi o dövrün başqa bir görkəmli rəssamı Bottiçelinin əl işlərinə daha çox rəğbət bəsləyirdi. İkinci rolda qalmaq istəməyən Leanardo Florensiyanı tərk etməyi qərara alır.

Leonardo Milana gəlir və burada 17 il yaşayıb-yaradır. Məhz Milanda onun istedadı tam parlaqlığı ilə üzə çıxır. Şəhərin valisi hersoq Lüdoviko Moro əvvəlcə Leonardoya şəhərin su və kanalizasiya xətlərinin yenidən qurulması işini həvalə edir. Bu sahədəki problemlərin öhdəsindən Leonardo asanlıqla gələ bilir. Sonra o, anatomiya ilə ciddi maraqlanmağa başlayır və insan anatomiyası atlası üçün bir neçə rəsm çəkir. Həmin  dövrdə Leonardo Santa Mariya delle Qrassiye monastrında İsa peyğəmbərin şagirdlərinə kədərli şəkildə “Sizlərdən biriniz məni satacaq” məşhur fikrinin söylədiyi dönəmi təsvir edən “Sonuncu şam” freskasını yaradıb. Müasirləri qeyd edirdilər ki,  bu əsərdə rəssam olduqca incə psixoloji məqamları tuta bilmiş, İsa peyğəmbərin həmin sakramental sözlərindən sonra vəziyyətin gərginliyini, peyğəmbərin həvarilərini bürüyən müxtəlif hiss və duyğuları böyük məharətlə təsvir edə bilib.

Milanda Leonardo özünün çox maraqlı heykəltəraşlıq əsəri olan hersoq Françeskonun atası Lüdovik Moronun at üzərində portret-heykəlini də yaradıb. Təəssüf ki, bu böyük sənət əsəri bizim dövrümüzə qədər gəlib çıxmayıb, fransızlar Milana hücum edərək şəhəri zəbt edərkən bu əsəri də dağıtmışdılar. Lakin rəssamın öz əli ilə çəkdiyi, heykəlin miqyas və əzəmətin göstərən rəsmləri qalıb.

1513-cü ildə Roma papasının dəvəti ilə Leonardo Romaya gələrək Belveder sarayının divar naxışları ilə bəzədilməsində iştirak edir. İş başa çatan kimi Vətəni Florensiyaya qayıdır və buradakı Bekkio palassiosunun böyük zalında “Anqeere yaxınlığındakı döyüş” freskasını yaradır.

1516-cı ildə Leonardo da Vinçi Fransa kralı I Fransiskonun dəvətini qəbul edib onun Ambuaz şəhərindəki Klu-Lyusedəki sarayına köçür və ömrünün sonuna kimi burada yaşayır. Həyatının bu dönəmində böyük sənətkar “Xaçlı İohann” əsərini, “İncil” mövzusunda bir neçə silsilə rəsmlər çəkir. Ambuazda Leonardo həmçinin küləyin gücünü və gəmilərin sürətini təyin edən cihaz da ixtira edir. Sonradan onun burada torpaqqazan maşın, sualtı qayıqların eskiz və layihələrini hazırladığı məlum olur. Bu dahi ixtiraçının ölümündən sonra müxtəlif maşınların eskiz və layihələrini təsvir edən bir neçə cild əlyazmaları qalıb ki, onların bir çoxunun təyinatını hələ də alimlər tapa bilməyiblər. 

Həyatı qəribəliklərlə zəngin olan bu sirli şəxsiyyətin geniş əks-səda doğuran digər fəaliyyəti “Sion Prioratı”nın 1510-1519-cu illərdə başçılarından biri olmasıdır. Bu barədə müasir dedektiv yazarlarından olan Den Braunun “Da Vinçi şifrəsi” romanında söhbət açılır. Əsərdə Prioratın üzvlərinin xristianlığın və Bibliyanın I Konstantin tərəfindən dəyişdirildiyinə və bütpərəstliyin simvolları ilə birləşdirildiyinə inandıqları əks olunub. Priorata görə, İsa Peyğəmbər Mariya Maqdalina adlı qadınla evlənmiş və ondan Sara adlı qızı olmuşdur. Təşkilatın vəzifəsi isə İsa Peyğəmbərdən qalan bu nəslin kilsədən qorunması idi. Da Vinçinin əsərlərində onun bu təşkilatla əlaqəsi olduğunu təsdiq edən bir sıra elementlər var. Belə ki, dahi rəssamın hazırda Milan şəhərində saxlanılan “Sonuncu şam” rəsmində İsa Peyğəmbərlə bir masa ətrafında əyləşən 12 həvaridən biri onun xanımı Mariyadır. İsanı müqəddəsləşdirmək üçün uzun illər kilsə tərəfindən sirr saxlanılan bu faktları Leonardo da Vinçi gizli yollarla öz əsərlərində təsvir etmişdir.

Bütün bunlardan əlavə, bir insan kimi də Leonardo da Vinçi başqalarından fərqlənərdi. O, yaşadığı şəhərlərdə boş vaxt tapan kimi şəhər bazarına gələr, quş satılan yerlərə mütləq baş çəkər, quşları qəfəsdən çıxarıb havaya buraxar və pullarını ödəyərdi. Onun iş rejimi də qeyri-adi idi. Leonardo da Vinçi, bir qayda olaraq, hər saatda 15 dəqiqə yatmağı özünə vərdiş etmişdi.

Əksər dahilər kimi Leonardo da Vinçi solaxay idi, sol əllə çox vaxt sağdan sola yazardı və yazıları yalnız güzgü vasitəsi ilə oxumaq mümkün olurdu. Deyilənlərə görə, böyük alim bunu o dövrdəki plagiatla məşgul olan yalançı alimlərdən ixtiralarının sirlərini gizlətmək üçün edərmiş. 

Leonardo da Vinçinin şəxsi həyatı alınmayıb, o, heç vaxt evlənməyib, onun şəxsi həyatı barəsində sağlığında da, indinin özündə də çox ziddiyyətli fikirlər səsləndirilir. Bunların həqiqət olub-olmadığını söyləmək çətindir. Bir şey bəllidir ki, bəşər tarixində Leonardo da Vinçi səviyyəsində universal zəkalar çox azdır.

Dahi rəssam Leonardo da Vinçi 2 may 1519-cu ildə Klo-Lyusedə sevimli şagirdlərinin və yaratdığı şedevrlərin əhatəsində vəfat edib. O, Ambuaz qəsrində dəfn olunub və məzar daşının üzərində bu sözlər yazılıb: “Bu monastrın divarları arasında dahi rəssam, mühəndis və memar Leonardo da Vinçinin nəşi əbədi uyuyur.”

 

Məsaim HACIXANLI,

“Xalq qəzeti”

Nigar SƏMƏDLİ

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında