“Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət “Kommunist” adı ilə nəşr edilən bu qəzet bütün Sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur.
Heydər Əliyev Ümummilli lider
14 iyul 1969-cu il Azərbaycan tarixinin əlamətdar günlərindən biridir. Həmin gün xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycana rəhbər seçildi. O, Azərbaycana iki mərhələdə 23 il rəhbərlik etdi. Arada beş il SSRİ-nin rəhbərlərindən biri olan Heydər Əliyev təcrübəli dövlət xadimi kimi bir çox xalqların və millətlərin dərin hörmət və ehtiramını qazandı.
Ötən illər sübut etdi ki, xalqımızı Heydər Əliyevə böyük məhəbbət və qırılmaz tellər bağlayır. Qarşılıqlı olan bu bağlılıq 1993-cü ildə — ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalanda daha bariz şəkildə özünü göstərdi. Xalqımız israrla, təkidlə Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi. Əgər 45 il bundan əvvəl, 1969-cu ilin yayında onu İttifaq rəhbərliyi Azərbaycana başçı məsləhət bilmişdisə, 21 il öncə xalqın tələbi belə oldu.
Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında əvvəlcə keçmiş SSRİ məkanında görünməmiş sürətlə inkişaf etdi, iqtisadiyyatın bütün sahələrində ciddi dönüş yaradıldı. Elmdə, mədəniyyət və incəsənətdə böyük nailiyyətlər əldə olundu. Ömrünü xalqın tərəqqisi yoluna həsr etmiş bu dahi insanın respublikada hakimiyyətə qayıdışı Azərbaycanı dünya orbitinə çıxartdı. Heydər Əliyevin uzaqgörənliklə apardığı daxili və xarici siyasət ölkədə etibarlı sabitlik yaratdı, beynəlxalq aləmdə söz sahibi olduq. 1994-cü il sentyabrın 20-də Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın müstəqilliyinin və ölkənin iqtisadi inkişafının möhkəm təməlini yaratdı.
Azərbaycan xalqının 95 illik tarixini özündə əks etdirən “Xalq qəzeti” 72 il “Kommunist” adı altında çıxsa da, ötən əsrin əvvəllərində dünyada baş verən hadisələri olduğu kimi, işıqlandırmış, ölkədə savadsızlığın aradan qaldırılması, ana dilimizin saflığı uğrunda mübarizənin ön sıralarında olmuşdur.
İkinci dünya müharibəsi zamanı faşizmə qarşı ölüm-dirim mübarizəsində azərbaycanlıların həm ön, həm də arxa cəbhələrdə göstərdikləri misilsiz qəhrəmanlıqları tam dolğunluğu ilə işıqlandıran qəzet müharibədən sonrakı illərdə ölkədə gedən bərpa və quruculuq işlərindən, iqtisadiyyatın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən yazır, xalqı səfərbər etmək üçün təbliğat işini gücləndirirdi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə (1969-1982-ci illər) qəzet, sözün əsl mənasında, ulu öndərin ideyalarının həyata keçirilməsində mübariz tribunaya çevrilmişdi. Onun səhifələrində neqativ hallara qarşı barışmaz mübarizə ciddi xarakter almış, respublikanın həyatında baş verən müsbət dəyişikliklər geniş təbliğ olunurdu. Heç təsadüfi deyil ki, hakimiyyətə gəlişinin ikinci ayında ümummilli lider Heydər Əliyev qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində mətbu sözün gücünə arxalandığını bildirmiş, qəzetin çıxışlarının səmərəsini artırmaq üçün müvafiq tədbirlər həyata keçirmişdir. Ulu öndər tərəfindən tənqidi məqalələrlə əlaqədar qəbul edilən ciddi qərarlar qəzetin nüfuzunun artmasına səbəb olmuşdu. Məhz Heydər Əliyevin gündəlik qayğısı sayəsində qəzet Azərbaycanda ən çox oxunan, kütləviliyi ilə seçilən mətbuat orqanı kimi fəaliyyət göstərərək, gündəlik tirajını 600 min nüsxəyə çatdırmışdı.
Yuxarıda qeyd etdiyim kimi, “Kommunist” qəzetinin (indiki “Xalq qəzeti”) ən qaynar və maraqlı dövrü, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə — 1969-1982-ci illərə aiddir. Həmin illərdə ölkənin həyatının bütün sahələrində geniş quruculuq işləri başlanmışdı. Vaxtilə keçmiş İttifaqın ən geridə qalan aqrar respublikalarından biri olan Azərbaycan ildən-ilə öz simasını dəyişir, iqtisadiyyatını, elmini, mədəniyyətini, incəsənətini və ədəbiyyatını inkişaf etdirərək, qabaqcıllar sırasına çıxırdı.
Bütün bu müsbət dəyişikliklərin baş memarı olan Heydər Əliyev yaxşı bilirdi ki, nəzərdə tutduğu möhtəşəm layihələri reallaşdırmaq üçün ona səfərbəredici mətbuat orqanı lazımdır. Ona görə də hakimiyyətə gəldiyi vaxtdan cəmi iki ay sonra Azərbaycan Dövlət Dram Teatrında “Kommunist” qəzetinin 50 illiyi şərəfinə keçirilən təntənəli yığıncaqda şəxsən iştirak etdi.
Adətən, dövlət rəhbərləri o vaxtadək belə tədbirlərdə yalnız rus dilində çıxış edirdilər. Lakin umümmilli liderimiz Heydər Əliyev, ilk dəfə olaraq, bu tendensiyanı pozdu və doğma Azərbaycan dilində nitq söylədi. Ulu öndərin 45 il bundan öncə səsləndirdiyi bəzi fikirləri oxucuların diqqətinə çatdırırıq:
— “Bu gün biz respublika qəzeti ”Kommunist"in birinci nömrəsinin çapdan çıxmasının 50 illiyini qeyd edirik. Bu yubiley böyük siyasi hadisədir. Sovet Azərbaycanının bütün mətbuatının bayramıdır. Bütün respublika zəhmətkeşlərinin fərəhli günüdür. Partiya və hökumət “Kommunist” qəzetinin xidmətlərini yüksək qiymətləndirərək, onu “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif etmişdir. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi, Respublika Ali Sovetinin Rəyasət Heyəti və Nazirlər Soveti “Kommunist” qəzeti redaksiyasının kollektivini, fəhlə və kəndli müxbirlərini, bütün oxucularını bu şərəfli mükafat münasibətilə səmimi-qəlbdən təbrik edirlər.
..."Kollektiv təşviqatçı" və “kollektiv təbliğatçı” kimi öz alovlu sözü ilə “Kommunist” qəzeti Azərbaycan xalqını viranəliyə qarşı, neft mədənlərinin, zavod və fabriklərin bərpası uğrunda mübarizəyə, texniki və mədəni inqilaba qaldırırdı. Azərbaycan fəhləsi və kəndlisi üçün “Kommunist” qəzeti əsl məktəb olmuşdur...
Təpədən dırnağa qədər silahlanmış hitlerçi quldur dəstələri ölkəmizə basqın etdikdə və Böyük Vətən müharibəsi başlandıqda isə “Kommunist” qəzeti müharibənin ilk günlərindən öz kəsərli silahını azğın düşmənə yönəltmişdi... Onun hiddət dolu sətirləri Azərbaycanın mərd övladlarını döyüşə çağırır, onları faşizm üzərində tam qələbə çalmağa ruhlandırırdı. Cəbhədən alınıb qəzetin səhifələrində dərc olunan xəbərlər arxa əməkçilərinin qoluna onqat qüvvət verir, onları xalqın müqəddəs qələbəsi naminə fədakar əməyə ruhlandırırdı.
Qəzet müharibədən sonrakı dövrdə də öz vəzifəsini şərəflə yerinə yetirirdi. İndi artıq onun səsi Mingəçevirdən, Neft Daşlarından, Sumqayıtdan gəlirdi. O, xalqla birlikdə yüksək binalar ucaldır, neft və qaz kəmərləri çəkir, metro tikir, yazıçılarla və mədəniyyət xadimləri ilə birlikdə ədəbiyyatımızı və incəsənətimizi zənginləşdirirdi...
Qəzet şəhərlərimizin və kəndlərimizin həyatını yaxşılaşdırmaq uğrunda gecə-gündüz mübarizə aparır, əmək qəhrəmanlarının nailiyyətlərini təbliğ edir, onların qabaqcıl iş təcrübəsini geniş yayırdı...
Ulu öndərimizin bu yüksək qiyməti ölkədə gedən yenidənqurma proseslərini daha operativ və maraqlı işıqlandırmaqda qəzetin kollektivinə əlavə güc verdi. Əgər biz ötən əsrin 70-80-ci illərinin nömrələrini vərəqləsək, Azərbaycanda tikilib istifadəyə verilən yeni sənaye müəssisələrinin, təzə yaşayış massivlərinin geniş panoramına rast gələrik. Aqrar sektorda əldə olunan nailiyyətlər hamını valeh etmişdi. Pambıqçılar, üzümçülər məhsul istehsalında bir milyon tonluq həddi ötüb keçmişdilər.
Sənaye, kənd təsərrüfatı, tikinti-quruculuq sahələrində irəli sürülən bir sıra təşəbbüslər qəzetin baş mövzusuna çevrilirdi. İlin mühüm buraxılış obyektlərində müxbir postları fəaliyyət göstərirdi. Ölkənin iqtisadiyyatını möhkəmlətmək üçün aparılan planlı yenidənqurma işləri qəzetin aidiyyatı şöbələri tərəfindən nəzarətə götürülürdü. Metro tikintisindən verilən reportajlar, kondisioner zavodunun, yeni, daha müasir neft-kimya sənayesi müəssisələrinin inşası haqqında dərc olunan materiallar oxucular tərəfindən maraqla qarşılanırdı.
Qabaqcılların və yenilikçilərin təcrübəsinin ümumiləşdirilərək geniş yayılması gündəlik iş normasına çevrilmişdi. Bir çox vətənpərvərlik təşəbbüsü ilk olaraq ünvanını məhz bu qəzetdə tapırdı.
1970-1980-ci illərdə kənd təsərrüfatının sürətli inkişafı bir sıra amilə söykənirdi. Bunun ən başlıcası o idi ki, möhtərəm Heydər Əliyevin şəxsi təşəbbüsü ilə rayonlarda keçirilən səyyar müşavirələr ənənə şəklini almışdı. İl ərzində bəzən dörd dəfə belə müşavirə keçirilirdi. Həmin müşavirələrin gedişi geniş işıqlandırılmaqla yanaşı, orada söylənilən tənqidi qeydlərin, nöqsanların aradan qaldırılması uğrunda qəzetin səhifələrində, sözün əsl mənasında, ciddi mübarizə aparılırdı.
Erməni separatçılarının Vətənimizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə çıxardıqları qərarlardan sonra qəzetin kollektivi müsəlləh əsgər kimi ölkənin ərazisinin bölünməzliyi uğrunda döyüşə qalxdı. Qəzetin səhifələrində Dağlıq Qarabağ məsələsi geniş müzakirə obyektinə çevrildi, separatçıları dəstəkləyən Moskvanın mövqeyi kəskin tənqid olundu.
1990-cı ilin Qanlı Yanvar hadisələrindən sonra mövcud quruluşa qarşı mübarizədə qəzet xalqın tribunasına çevrildi, müstəqillik ideyaları ilk dəfə buradan dünyaya bəyan olundu. Yeni həyat uğrunda mübarizədə xalqın mənafeyini hər şeydən üstün tutduğuna görə, ümummilli liderimiz siyasi hakimiyyətə qayıdandan sonra “Xalq qəzeti”ni yenidən öz himayəsinə götürdü.
Qəzetin 75 illik yubileyi münasibətilə kollektivə ünvanladığı təbrik məktubunda (25 avqust 1994-cü il) Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yazırdı: “Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət “Kommunist” adı ilə nəşr edilən bu qəzet bütün Sovet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur.
Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında “Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır. Bugünkü çoxsəsli, rəngarəng Azərbaycan mətbuatının bir çox görkəmli nümayəndələri bu qəzetin yaradıcılıq məktəbini keçmişdir. Müstəqilliyimizin qazanılmasından sonra da “Xalq qəzeti” respublikanın ictimai həyatında baş verən hadisələrə cəsarətlə müdaxilə etmiş, bir çox problemlərin aşkarlanmasında mühüm rol oynamışdır. Amansız təcavüzkara qarşı apardığımız ədalətli mübarizə qəzetin daimi mövzusuna çevrilmişdir. Bu gün qəzet müstəqil Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğalı, nankor qonşularımızın xalqımıza qarşı həyata keçirdikləri deportasiyalar, qətliamlar, soyqırımı siyasəti, 1 milyondan çox soydaşımızın ağır taleyi barədə həqiqətlər, ermənilərin iç üzünün açılması və onların ifşası “Xalq qəzeti”nin müntəzəm işıqlandırdığı mövzulardır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və redaksiya heyətinin həmtəsisçiliyi ilə uğurlu fəaliyyətini davam etdirən “Xalq qəzeti” gündəlik ictimai-siyasi nəşr kimi, cəmiyyətin rəsmi tribunası olaraq öz ətrafına geniş oxucu kütləsi toplaya bilmişdir. Qəzetdə dərc olunan məqalələr oxuculara, xüsusən gənclərə milli-vətənpərvərlik hissi aşılayır. Öz ənənəsinə sadiq qalaraq, ana dilimizə həssaslıqla yanaşması, ədəbi dil normalarına düzgün riayət etməsi, milli-mənəvi dəyərlərimizi daim diqqət mərkəzində saxlaması “Xalq qəzeti”ni digər mətbuat orqanlarından fərqləndirən cəhətlərdir.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla və müasir tələblər baxımından yaradıcılıqla davam etdirən Prezident İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi islahatlar qəzetin aparıcı mövzularıdır. Hazırda Azərbaycanın dünya birliyində söz sahibi olması, aparıcı dövlətlərdən birinə çevrilməsi, xalqın rifahının durmadan yaxşılaşdırılması sahəsində atılan səmərəli addımlar və sair aktual mövzular “Xalq qəzeti”ndə obyektiv və hərtərəfli işıqlandırılır.
...Bu gün iftixar hissi ilə deyirik ki, “Xalq qəzeti” milli dildə çıxan ən uzunömürlü mətbuat orqanımızdır. Fəaliyyətə başladığı gündən indiyədək 27 min 700-dən çox nömrəsi işıq üzü görmüş “Xalq qəzeti” bu sahədə də Azərbaycan mətbuatı tarixinin şəriksiz lideridir. 95 ilin bütün qovğalarına baxmayaraq, o, xalqımıza, Vətənimizə vicdanla xidmət edib. Çünki burada çalışanlar həmişə dövlətə, dövlətçiliyə, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə, dilinə, dininə, adət və ənənələrinə sadiq olub, onu qoruyub, yaşadıblar. Yoxsa, söz sərrafı olan ümummilli liderimiz Heydər Əliyev bu qəzetin fəaliyyətinə böyük qayğıkeşliklə yanaşmaz, onun xidmətlərini belə yüksək qiymətləndirməzdi.
Telman Əliyev, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.