“Ümumi Mədəni İrs Şəhərləri” beynəlxalq arxeoloji-turizm layihəsi çərçivəsində işlər davam etdirilir

 

Xəbər vediyimiz kimi, ötən ilin sentyabr ayında İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) təşəbbüsü ilə müxtəlif sahələr üzrə təqdim olunmuş 30-dan çox layihə arasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim olunmuş turizm sahəsinə aid “Ümumi Mədəni İrs Şəhərləri” adlı layihə qalib gəlib.

Bu ilin aprel-sentyabr aylarını əhatə edən layihə COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə) mədəni turizm, xüsusilə, arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə malik olan bölgələrin müəyyən edilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məkanının yaradılmasını əhatə edir.

Layihənin məqsədi COMCEC regionunda beynəlxalq səviyyədə rəqabətli və davamlı turizm sahəsinin inkişafına nail olmaq və əsas turizm bazarlarında bu ölkələrin mədəni turizm resursları barədə məlumatlılığı artırmaqdan ibarətdir.

Hazırda COMCEC-in maliyyə dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən “Ümumi Mədəni İrs Şəhərləri” beynəlxalq arxeoloji-turizm layihəsi üzrə işlər davam etdirilir.

Layihənin 1-ci mərhələsi yekunlaşmaq üzrədir. Bu mərhələ çərçivəsində araşdırmaların aparılması məqsədilə ekspertlərin adıçəkilən ölkələrə səfərləri təşkil edilmişdir və əldə olunmuş araşdırma materialları əsasında Türk-İslam dünyasının arxeoloji-mədəni turizm potensialına dair hesabatın hazırlanması üzərində iş aparılır.

Mədəniyyət və Turizm Nazirliyindən bildirmişlər ki, layihənin 2-ci mərhələsi çərçivəsində araşdırmaların nəticəsi olaraq, birgə turizm məhsulu yaradılması məqsədilə bu il sentyabrın 16-dan 18-dək Azərbaycanda bu ölkələrin nümayəndələrinin iştirakı ilə 3 günlük beynəlxalq seminar keçirilməsi planlaşdırılır. Seminar zamanı layihə çərçivəsində əldə olunmuş nəticələr, bu ölkələrin ortaq tarixi-mədəni irsi, arxeoloji turizm potensialı, İslam mədəniyyətinin əhəmiyyəti, çoxtərəfli əməkdaşlıq perspektivləri və s. məsələlər müzakirə olunamaqdır.

Seminarda iştirakçı ölkələrin ekspertləri, turizm şirkətləri və media təmsilçiləri ilə yanaşı, Azərbaycanın dövlət və özəl qurumlarının nümayəndələri, həmçinin, müvafiq sahələri təmsil edən ekspert, alim, tələbə və kütləvi informasiya vasitələrinin iştirakı nəzərdə tutulur.

Oktyabr ayında yekunlaşacaq layihənin məqsədi COMCEC regionunda beynəlxalq səviyyədə rəqabətli turizmə və davamlı turizmin inkişafına nail olmaq, əsas turizm bazarlarında bu ölkələrin mədəni turizm resursları barədə məlumatlılığı artırmaq, iştirakçı ölkələrin turizm sahəsində dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığı gücləndirmək və bu bölgəyə dünya turizm bazarlarından daha çox turist cəlb etməkdən ibarətdir.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında