Dünən Nizami Kino Mərkəzində xalq artisti Şahmar Ələkbərovun xatirə gecəsi keçirilmişdir

Unudulmaz sənətkarlar

 

Onu xatırlamaq , filmlərini yad etmək, əslində, milli kino tariximizə hörmət və ehtiramın əlamətidir. Çünki Şahmar Ələkbərov Azərbaycan milli kinosunun dəyərli aktyor və rejissorlarındandır. 1960-1970-ci illərdə kinomuzun tək-tək filmi olardı ki, Şahmar Ələkbərov orada çəkilməmiş olsun. Həm də söhbət təkcə filmlərdə çəkilməkdən getmir. Onun rolları milli ruhlu idi, insanlara sevinc, nikbinlik ruhu aşılayırdı. Bu rollar bizim kinoda yeni idilər. Onları sevməmək, bu qəhrəmanların taleyi barədə düşünməmək qeyri-mümkündür.

Mən bu rolları bir-bir saya bilərəm. Amma, məncə, buna ehtiyac yoxdur. Onsuz da onları tamaşaçılar yaxşı tanıyırlar. Xatirə gecəsində bu rollardan, Şahmar müəllimin çəkdiyi filmlərdən böyük məhəbbətlə danışdılar. Başqa cür ola da bilməzdi. Bu gecəyə toplaşanların da məqsədi Şahmar Ələkbərovu bir daha yad etmək idi. Mən də istəyirəm ki, yaxşı tanıdığım, sənətinə yaxından bələd olduğum bu böyük sənətkarın yaradıcılığı barədə fikirlərimi oxucularla bölüşüm.

O, peşəkar kino aktyoru idi. Bu sənətdə püxtələşmiş,böyük sənət korifeylərindən dərs almışdı. Böyük aktyor Rza Təhmasib məktəbinin yetirməsi idi. Adil İskəndərovun rəhbərlik etdiyi kinostudiyada işləmişdi. Və burada onun sənət yolu “Dağlarda döyüş” filmindəki Fərruxla başlamışdı. Deyə bilmərəm ki, bu rol şedevr idi, ancaq yeni başlayan gənc aktyor üçün böyük sınaq idi. Onun rolları arasında daha çox rəğbət bəslədiyim qəhrəman Məzahir idi. “Mən ki, gözəl deyildim” filmindəki Məzahiri sevdirən çox əlamətlər var. O, sadədir, təmkinlidir, xoşxasiyyətdir. Bunlar əslində elə Şahmarın öz xarakteri idi. Gülüşü də, səmimiyyəti də filmin mövzu yükünü xeyli yüngülləşdirir.

Şahmarın müxtəlif mövzulu filmlərinə baxmışam. Onların hər birində Şahmarın istedadının əlamətləri var. Cavidan ( “Babək”), Qatır Məmməd (“Qatır Məmməd”) kimi tarixi qəhrəmanlarda Şahmarın xalq ruhuna məhəbbətinin əlamətləri aydın duyulur. O, tarixi sevirdi, tarixi rollar oynamaqda çox həvəsli idi. Amma müasir qəhrəmanlar da onun ifasında maraqlı alınırdı.

Şahmar Ələkbərovun yaratdığı 150-yə yaxın ekran qəhrəmanlarının heç biri digərinə bənzəmir. Hər rolu üçün aktyor yeni cizgilər tapır, həmişə ampluadan uzaqlaşmağa çalışırdı.

İman ( “Axırıncı aşırım”), Qəzənfər (“Yeddi oğul istərəm”) rolları eyni dövrün qəhrəmanları olsalar da, tamamilə fərqli xarakterlərdir. Bütün bunlar haqqında xatirə gecəsində geniş bəhs olunmuşdur.

Sonra onun tərcümeyi- halından da söhbət açılmışdır. Bildirilmişdir ki, xalq artisti, görkəmli aktyor və rejissor Şahmar Zülfüqar oğlu Ələkbərov 1943-cü il avqustun 23-də Gəncədə anadan olmuşdur. O, indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişdir. Şahmar Ələkbərov universitetdə assistent işləmiş, sonralar aktyor sənətindən dərs demişdir. Bir müddət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru olmuş, bir çox maraqlı obrazlar qalereyası yaratmışdır.

Vurğulanmışdır ki, Şahmar Ələkbərov bacarıq və istedadını rejissorluq sahəsində də sınamışdır. O, rejissor Gülbəniz Əzimzadə ilə birgə Anarın “Şəhərin yay günləri” pyesi əsasında “İmtahan” bədii televiziya filminə quruluş vermişdir. Bundan sonra müstəqil olaraq “Sahilsiz gecə” bədii televiziya və “Qəzəlxan” bədii filmlərini çəkmişdir. Şahmar Ələkbərov “Yük” bədii filminin ssenari müəllifidir.

Görkəmli sənətkar və gözəl insan Şahmar Ələkbərov 1992-ci ildə 49 yaşında vəfat etmişdir.

Tədbirdə Şahmar Ələkbərovun çəkildiyi, həmçinin rejissor kimi quruluş verdiyi filmlərdən fraqmentlər göstərilmişdir.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında