Yenilməzlik rəmzi olan bu möhtəşəm qala ən böyük milli-mənəvi sərvətlərimizdən biridir
Odlar yurdu Azərbaycan qədim, orta əsrlər və yeni dövr tariximizin izlərini özündə əks etdirən nadir maddi-mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Beş minillik şəhər mədəniyyəti tarixi olan qədim Naxçıvan da özündə ilk insanların yaşadıqları mağaraları, qədim yaşayış yerlərini, erkən şəhər mədəniyyəti qalıqlarını, möhtəşəm qala divarlarını, qayaüstü təsvirləri, daş qoç heykəllərini, xatirə memarlığının ən gözəl nümunələri olan türbələri əks etdirir.
Son illər muxtar respublika ərazisində 50-dən artıq tarixi abidə əsaslı bərpa olunmuş, Naxçıvan tarixinə həsr edilmiş yüzlərlə elmi kitab və monoqrafiyalar çapdan çıxmış, onlarla beynəlxalq elmi konfrans və simpozium keçirilmişdir. Muxtar respublikada 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır ki, onların içərisində müdafiə qalalarının, o cümlədən Əlincəqalanın özunəməxsus yeri və rolu vardır.
Bu əzamətli qalanı seyr etdikcə insanın ürəyi yerində durmur. Sanki əsrlər əvvələ qayıdırsan. Ulu babaların ruhu dolaşan hər qaya, hər daş elə bil dil açıb danışan qədim bir tarix kitabıdır. Bu torpağın müqəddəsliyi, əcdadlarımızın yurd, Vətən sevgisi Əlincəqala ucalığında daha möhtəşəm görünür. Onlar topun-tüfəngin olmadığı qədim dövrlərdə Vətən qayalarına söykənib, bu torpağı elə daşlarla, sapandlarla yadellilərdən müdafiə ediblər. Özləri isə daşa dönüb bu zirvələrdə yaşayırlar. Bu səbəbdəndir ki, Əlincəqala həm də ən kamil bir vətənpərvərlik dastanıdır.
Culfa rayonundakı Əlincə dağının üzərində yerləşən Əlincəqala ən qədim müdafiə və yaşayış yerlərindən biridir. Əlincəqalanın adı çəkilən ən qədim mənbələrdən biri “Kitabi-Dədə Qorqud” dastanıdır. Əlincəqala tarixdə Azərbaycan xalqının əyilməzlik və mübarizlik rəmzi kimi böyük şöhrət qazanmış, 1387-1401-ci illərdə, 14 il ərzində Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərmişdir.
Culfa rayonundakı Əlincəqala tarixi abidəsinin bərpa edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamında deyildiyi kimi, möhkəm divarlar və bürclərlə əhatə olunmuş Əlincəqalada Şəmsəddin Eldənizin hakimiyyəti illərində Azərbaycan Atabəylər dövlətinin baş xəzinəsi saxlanmışdır. Burda Azərbaycanın ayrı-ayrı dövlətlərinin zərbxanaları yerləşmiş, müxtəlif dövrlərdə Azərbaycan feodal hakimlərinin adından sikkələr kəsilmişdir.
Verilən müvafiq sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə Əlincəqalanın elmi-bərpa layihəsini hazırlayıb həyata keçirir. Artıq 3 aydır ki, qalanın orijinallığı saxlanılmaqla onun əsaslı bərpası işləri həyata keçirilir. Hazırda qalada 130-dan artıq bərpaçı çalışır. Hər bir tərəfdən sıldırım qayalarla əhatələnən qalanın içərisindəki yaşayış evlərinə, təsərrüfat binalarına, su hovuzlarına, qalaya gedən yolların üstündəki səngər və bürclərə ikinci həyat verilir, sal daşlardan yeni yollar salınır. Bərpaçılar çalışırlar ki, əcdadlarımıza xas olan qədim tikinti mədəniyyətinin ruhunu yaşatsınlar. Vurğulamaq yerinə düşər ki, bu qalanın bərpası heç də göründüyü kimi asan deyil. Bura inşaat materialları kilometrlərlə məsafə qət edilərək əldə, yaxud da atlar vasitəsi ilə daşınır. Su isə pilləli nasoslarla vurulur, qalaya yeni elektrik xətləri də çəkilir.
Əlincəqalada bizi müşayiət edən AMEA-nın müxbir üzvü, arxeoloq Vəli Baxşəliyev, fransalı tədqiqatçılar Mathide Mura və Katrin Marro bərpa işləri zamanı çox sayda qədim maddi-mədəniyyət nümunələri də aşkara çıxarılmışlar. Bu tapıntılar yaxın vaxtlarda inşasına başlanacaq Əlincəqala Tarix-Mədəniyyət Muzeyində nümayiş etdiriləcək.
Qeyd edək ki, 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilən bu qədim inci həm də yüksək turizm imkanlarına malikdir. Bərpadan sonra qalaya yeni turizm marşrutları da açılacaq.
Əlincəqala tarixi abidəsinin milli-mədəni sərvət kimi qorunub saxlanması məqsədi ilə atılan bu addım bütün ictimaiyyət tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanır.
Sahil TAHİRLİ, Naxçıvan
(foto müəllifindir)
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.