“Son – əvvələ gedən yol”a yazılan sevgi sətirləri Yeni nəşrlər

Ömür-gün yoldaşı Lamaranın  amansız ölümünü  son hesab edərək əcəlin kandarında dayanan, bununla da ömrünün acılı-şirinli xatirələrinin başlanğıcına qayıdan istedadlı yazar, tərcüməçi, publisist Giya Paçxataşvili (Givi)  yeni kitabını  “Son  – əvvələ gedən yol”u məhz xanımının unudulmaz ruhuna ithaf edib.

Kitabı vərəqləyər-vərəqləməz bir yazıçının yaşantılarını necə ürək yanğısı ilə misralara çevirməsi gözlərim önündə canlandı... Burada sevgi, həsrət, ölümə yalvarışlar, bəzən də həyata üsyan duyulur. Vərəqi isladan  göz yaşı  məni qəfil xəyallardan ayırdı, artıq kitabın sonuncu vərəqinə çatmışdım və amansız xəstəlik - dünyanı ağuşuna alan XXI əsrin bəlası lənətə gəlmiş xərçəngdən dünyasını dəyişən bir xanıma ithaf edilən şeirlər, əslində, həm də ayrılıq, vida  nəğməsi kimi səslənir. Bir də şairin vəfa borcu....

Onun imzasını mətbuatdan izləyirdim, onun Azərbaycan ədəbiyyatının neçə-neçə dəyərli nümunəsini gürcü və rus dillərinə  çevirən mahir tərcüməçi, öz könül dünyası olan publisist, şair kimi tanıyırdım. Onu bir çox tədbirlərdə görsəm də, ilk dəfə məhz iş yerimizdə - “Xalq qəzeti”nin redaksiyasında görüb daha yaxından tanıdım. Bu dəfə onun sadəliyini, təvazökarlığını, həyatın çətinliklərinə baxmadan, taleyinə yazılanlardan asılı olmayaraq, mübarizə yollarında addımlayan xarakterini də kəşf etdim. Azərbaycan dilinin ən gözəl ifadələrindən poetik baxımdan məharətlə yararlanan gürcü şairin bu istedadına bir daha heyran oldum.

Bəlkə də,  müəllifin adına baxmadan şeirlərini oxusaydım, əminliklə soruşardım ki, görəsən bunlar hansı  azərbaycanlı şairindir?! Bəli, çünki bu cür misraları Azərbaycan dilini gözəl bilən, onun zənginliyini, şirinliyini ürəyi, ruhu ilə duyan şair qələmə ala bilər:

Sən qaytarılmış ömrə gülürsən... Ölüm isə... Sənə. Ölümə deyən yoxdu ki: “Öldüyün yerdə ölsənə!!!”

Dərdinə heç cür təskinlik tapa bilməyən şairin yeganə həmdəmi sabaha olan ümid, ölümə təslim olmaq istəməyən sevdalısının yaşamaq eşqi, bir də onun dərdini, az da olsa, ovudan misralar olub. Axıcılığı və ritmikliyi ilə seçilən bayatılar isə  xüsusilə diqqəti cəlb edir. Bu, şairin istedadı ilə yanaşı, həm də onun Azərbaycan şifahi xalq ədəbiyyatına dərindən bələd olması, folklorun  incəliklərini mənimsəməsindən irəli gəlir.

Həyat yoldaşını “misralarımın işığı” adlandıran şairin ölümə xitabən yalvarışları da maraq doğurur: “Qoy mən olum, qəzəbinə səbəbkar, Daş atma gəl qu yaşayan gölümə”. Bu misralarda həm də bir şairin sevgisi, ən son arzusu  gizlənir. Həyatın təzadlı anlarını öz yaşantılarında duyan müəllif bunu uğurla şeirin təzad üzərində qurulan süjetinə çevirə bilir:

Sən dərmanla baş-başasan,

Mən dərdlərlə baş-başa.

Görən nə ilə bitəcəkdir,

“Qismət” adlı tamaşa?!

Gürcü müəllifin əslən gürcü olan xanımına məhz Azərbaycan dilində şeirlər yazması da maraqlı cəhətlərdəndir. Görünür, şairin qəlbini titrədən kövrək duyğuların bu dildə təcəssümü ona daha çox təsəlli gətirir.

Azərbaycanın Qax rayonunda doğulan, Bakıda təhsil aldıqdan sonra ədəbiyyata gələn Giya Paçxataşvili bir sıra kitab,  şeir və tərcümələrin,  publisistik məqalələrin müəllifidir. Azərbaycan ədəbi ictimaiyyətində həmişə fəallığı ilə seçilir. Paytaxtda keçirilən ədəbi məclislərdə, tədbirlərdə iştirak edən şair üçün ən vacibi  dəyərli söz ilə ədəbiyyata xidmət etməkdir.

Məncə, Giya Paçxataşvilinin yaradıcılığı Azərbaycan ədəbiyyatı üçün nadirliyi ilə yanaşı, Azərbaycan-Gürcüstan ədəbi əlaqələrində körpü rolu oynaması baxımından da örnəkdir. Soy baxımından  gürcü olan şair  qanı, canı, ruhu ilə azərbaycanlıdır. Bu, onun təkcə yaradıcılığında deyil, həm də duyğu və düşüncələrində öz əksini tapıb.

     Hamının sevərək “Givi” adlandırdığı şair səs-küydən uzaq, təbiətin qoynunda öz kiçik komasına sığınıb yaradıcılığı ilə məşğul olsa da, əslində, onun şeirləri çox yerdə  oxucuların qəlbində yurd salıb.

 

Əfsanə BAYRAMQIZI,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında