Şəkidə “İpək Yolu” V Beynəlxalq musiqi festivalının təntənəli açılış mərasimi olmuşdur

Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Şəki yenidən öz qapılarını “İpək Yolu” Beynəlxalq musiqi festivalı iştirakçılarının üzünə açmışdır.

AzərTAc xəbər verir ki, iyulun 1-də Şəki şəhərindəki XIX əsrə aid tarixi-memarlıq abidəsi - Aşağı Karvansaray kompleksində “İpək Yolu” V Beynəlxalq musiqi festivalının təntənəli açılış mərasimi keçirilmişdir.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Firəngiz Əlizadə çıxış edərək artıq ənənə halını almış “İpək Yolu” Beynəlxalq musiqi festivalının Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qaldığını, dünya musiqi sənətinin parlaq incilərindən ibarət rəngarəng konsert proqramları ilə hamıya xoş bayram ovqatı bəxş etdiyini bildirmişlər.

Qeyd olunmuşdur ki, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə layihəsi olan, Mədəniyyət və Turizm Nazirliyi, Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyi və digər qurumların dəstəyi ilə ənənəvi olaraq artıq beşinci dəfədir keçirilən bu festival Şəki şəhərinin mədəni həyatında böyük bir hadisə olmaqla xalqımıza xas zəngin tarixi, mədəni irsi təbliğ etməyə, eləcə də bölgənin turizm potensialını genişləndirməyə yaxşı imkan yaradır.

Vurğulanmışdır ki, ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, zəngin ənənələrinin təbliğ olunmasına daim böyük diqqət göstərilir. Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyəti çox böyükdür.

Bildirilmişdir ki, festivalın builki iştirakçıları arasında Böyük İpək Yolu ölkələrinin, həmçinin türkdilli xalqların folklor, rəqs və musiqi kollektivlərinə üstünlük verilmişdir. Festivalda Hindistan, Çin, Türkiyə və Rusiyanın, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivləri maraqlı konsert proqramları ilə çıxış edəcəklər. “Eurovision” mahnı müsabiqəsinin qaliblərinin və iştirakçılarının konserti festivalın yeniliyi olacaqdır.

Sonra festivalın rəmzi simvolunun təqdimatı olmuşdur.

Rəsmi hissədən sonra tamaşaçılar Azərbaycan Opera və Balet Teatrının balet truppasının ifasında Niyazinin “Rast” simfonik muğamı əsasında səhnələşdirilmiş balet-tamaşanı izləmişlər.

Tamaşanın quruluşçu baletmeysteri Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva, quruluşçu rəssam isə Xalq Rəssamı, Dövlət mükafatı laureatı Rafis İsmayılovdur.

Baletdə Tomris rolunu Xalq Artisti, “Qızıl Dərviş” və “Zirvə” mükafatları laureatı Kamilla Hüseynova, şah rolunu Anar Mikayılov ifa etmişlər. Balet-tamaşada, həmçinin Xalq Artisti Gülağası Mirzəyev, Əməkdar Artist Yelena Skomoroşenko və başqaları oynamışlar.

Balet tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Sonda şəhər icra hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi - festivalın simvolu təqdim olunmuşdur.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında