Bir neçə gün idi ki, cənub bölgəsinin gözəl diyarı Masallı əsl bayram ovqatı yaşayırdı. Əlvan bayraqlarla, şüar və loqolarla, gül-çiçəklə bəzədilmiş, qonaq-qaralı, sazlı-sözlü, nəğməli əyalət şəhərində böyük coşğu ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş III Beynəlxalq Folklor Festivalı keçirilirdi. Milli Qurtuluş Gününün qeyd edilməsi ilə eyni vaxta düşən festival tədbirləri sanki bu səbəbdən ikiqat cazibədar olmuşdu. Şəhər gecəbəgündüz işıl-işıl yanırdı.
Tədbir iştirakçıları əvvəlcə ulu öndərin abidəsi önünə gül dəstələri düzərək xalqı əbədi qurtuluş yoluna çıxarmış dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etdilər.
Mədəniyyət və Turizm Nazirliyi ilə Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən folklor bayramında Azərbaycanla yanaşı, Rusiya Federasiyası, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Latviya və Litvadan gəlmiş folklor kollektivləri iştirak edirdilər. Ölkəmiz Astara, Balakən, Ağcabədi və Masallı rayonlarının bədii kollektivləri ilə təmsil olunurdu.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Milli Məclisin deputatları Elmira Axundova, Nəriman Əliyev, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əhməd Arslan, Latviyanın ölkəmizdəki səfiri Hardiys Baumanisin, Türkiyənin Sandıxlı şəhər bələdiyyəsinin sədri Mustafa Öz və çoxsaylı media təmsilçiləri də iştirak edirdilər.
Açılış mərasimi öncəsi tədbirə “qatılan” yağış başlanğıcın daha rəngarəng gedişatına ufacıq bir maneə törətsə də, seyrçilərin həvəsini soyutmadı, sıralarını seyrəltmədi. Göylərin xeyir-duasına yerdə çətirlər “gül” açdı. Festivalın ruhuna ilahi bir aydınlıq hopdu.
Sonra meydanda folklor kollektivlərinin nümunəvi çıxışları və paradı oldu. Get-gedə festival axarına düşərək on minlərlə adamı öz təsirinin möcüzəli dairəsinə saldı.
Yaddaqalan çıxışlardan, xoş tanışlıqlardan sonra qonaqların qəlbini yurdumuzun dilbər guşələrindən sayılan Masallının gözəl təbiəti, digər özəllikləri ilə yaxınlıq duyğuları sardı. Gördükləri hər şey onlara unudulmaz təsir bağışlayırdı. Xalqımıza xas olan böyük qonaqpərvərlik nümayişi, mehriban təbəssümlər, istiqanlılıq qonaqları heyran qoymuşdu.
Həmin gün axşam rayonun termal sularla zəngin İstisu ormanlığındakı istirahət guşələrindən birində ziyafət təşkil olundu. Sərin havada, yaşıl “ada”da cənub mətbəxinin ləziz təamları təqdim edildi. Şən musiqi sədaları dalğa-dalğa ətrafa yayılırdı. Ayrı-ayrı nümayəndə heyətlərinin rəhbərləri ürək sözlərini söyləyir, heyrət dolu duyğularını dilə gətirirdilər.
Ertəsi gün Heydər Əliyev Mərkəzində pedaqoji elmlər doktoru Fərahim Sadıqovla filologiya üzrə elmlər doktoru Füzuli Bayatın yenicə çapdan çıxmış “Masallı folkloru” və “Masallı folklor örnəkləri” kitablarının 2-ci cildlərinin təqdimat mərasimi keçirildi. Tədbiri icra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq şifahi xalq yaradıcılığı nümunələrinin toplandığı və elmi cəhətdən araşdırıldığı kitabların önəmindən danışdı. Müəlliflər əsərləri barədə maraqlı bilgilər verdilər. AMEA Folklor İnstitutunun hazırladığı “Halaylar” filminin DVD variantında ilk nümayişi oldu. Film Masallının Mahmudavar kəndinin “Halay”, Şərəfə kəndinin “Həcər”, Lənkəranın Separadi kəndinin “Nənələr” folklor kollektivlərinin yaradıcılığına həsr edilmişdi.
Sonra çıxışlar oldu. Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, tarix elmləri doktoru Musa Quliyev, “Yeni həyat” rayon qəzetinin redaktoru Əyyar Tahirli, əməkdar müəllim Mirqabil Hüseynov, şair Xanəli Toliş və başqaları fədakar zəhmət bahasına ərsəyə gətirilmiş kitablarla bağlı fikirlərini bölüşdülər, təkliflərini söylədilər. Qeyd olundu ki, qədim tarixi və zəngin folklor qaynaqları olan cənub bölgəsinin, o cümlədən Masallı rayonunun bu misilsiz mənəvi irsi daim toplanmalı, öyrənilməli, yayılmalı və gələcək nəsillərə ərməğan edilməlidir.
Həmin gün festival iştirakçıları iki qrupa bölünərək rayonun Tüklə və Qızılağac kəndlərində sakinlər qarşısında konsert proqramı ilə çıxış etdilər. Öyrəndik ki, İrandan gələn qonaqlar artıq üçüncü dəfədir Masallı festivalında iştirak edirlər. Litvanın “Aysva” qrupu isə ilk dəfədir ki, Azərbaycana gəlir. Bir çox ölkələrdə festivallarda iştirak etdiklərini söyləyən qrupun rəhbəri Raymondas Mikolatis bildirdi ki, Azərbaycan haqqında eşitdiklərimizi, nəhayət, öz gözlərimizlə gördük. Millətiniz çox səmimi və qonaqpərvərdir. Litvaya ən xoş təəssüratlar aparacağıq.
Qrupun xanım nümayəndəsi Rasa Laymikene Azərbaycanın gözəlliyinə, xalqımızın folklor ruhuna, milli mətbəximizin çoxçeşidliliyinə heyran olduğunu belə ifadə etdi:
-Milli mətbəxinizdə hazırlanmış plov, kabab və dolmadan daddıq. Çayınız da çox ətirlidir. Biz xanımlar istəyirik ki, bu ləziz nemətlərdən ailəmiz üçün də aparaq. İnanıram ki, bu arzumuz da həyata keçəcək. Ölkənizdə hər şey gözəl və ürəkaçandır. Bu festivalın bir dili var, o da musiqidir. Bizi birləşdirən də məhz bu müqəddəs məqamdır.
Festivalın ikinci günü qonaqlar rayonun tarixi abidələri, görməli yerləri ilə də yaxından tanış oldular.
Axşam isə tədbir iştirakçıları Heydər Əliyev Parkında təşkil edilmiş sərgiyə baxdılar. Burada yerli rəssamların əsərləri, rayon tarix-diyarşünaslıq muzeyinin eksponatları, xalq tətbiqi sənət nümunələri, qədim dulusçuluq məişət əşyaları, milli kulinariya nümunələri ilə yaxından tanışlıq hər kəsdə xoş təəssürat yaratdı. Ərkivan sandıqları, Musaküçə kəndinə aid həsir nümunələri, Boradigah misgərlik əşyaları, xüsusilə də XVIII-XIX əsrlərin yadigarı olan döyüş alətləri və bəzək əşyaları daha böyük marağa səbəb oldu.
Latviyanın ölkəmizdəki səfiri Hardiys Baumanis:
-Azərbaycanın ilkinlik tarixi, mədəni və qeyri-mədəni irs zənginliyi əsl mənada heyrət doğurur. Festivala ailəmlə bərabər qatılmağımdan məmnunam. Bir əyalət şəhərində yüksək səviyyədə belə bir beynəlxalq tədbir keçirmək ənənəsi hər yönə təqdir edilməlidir.
Sərginin seyrçiləri “Masallı” oteli mətbəxində hazırlanmış içkilər, yeməklər, xüsusilə də “Təndirkabab” və “Xan kababı”, “Alov” şirniyyat evinin ağız ləzzəti məhsullarından həvəslə daddılar. “Masallı” otelinin rəhbəri Əhməd Rəhimov:
-Bizim üçün olduqca fərəhlidir ki, hər il qabiliyyətimizi öz evimizdəcə xarici qonaqlara göstərmək imkanı qazanırıq. Ölkəni, milləti təbliğ eləməyin bundan gözəl forması varmı? Xalqımızın qədimliyi, əsrlərin o üzündən gələn musiqili səsimiz, mətbəx mədəniyyətimiz, bugünkü inkişafımız bir festival çərçivəsində hərtərəfli tanıdılır. Bu, Vətənə xidmət nümunəsidir. Düşünürəm ki, Azərbaycanın başqa rayonları da bu baxımdan Masallı təcrübəsini öyrənsələr və tətbiq etsələr, yaxşı olar.
Sərgidən sonra konsert başlandı. Aparıcılar qonaqları və iştirakçıları Azərbaycan və ingilis dillərində salamlayaraq qeyd etdilər ki, Masallı 2012-ci ildə “Azərbaycanın folklor paytaxtı” adını layiqincə daşıyıb. Həmin ilin sentyabrında keçirilmiş ilk beynəlxalq festivalın uğuru onun təşkilatçılarını bu tədbiri ənənəvi şəkildə hər il təşkil etməyə ürəkləndirib. Təşəbbüs dövlət səviyyəsində dəstəklənib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli mədəniyyətimizin inkişafı, tarixi-mədəni köklərimizin yaşadılması üçün əlindən gələni edir. Artıq üçüncü dəfədir ki, dost ölkələrin peşəkar folklor kollektivləri Masallı festivalına qatılırlar. Sevgi dolu ürəklə, milli folklor örnəkləri ilə Masallıya gələn qonaqlar burada bir qədər də zənginləşir, özlərinə yeni dostlar tapır, qayıdanda isə ən xoş hisslərlə ayrılırlar.
Sonra iştirakçı qruplar bir-bir səhnəyə dəvət edilib alqışlandılar. İlk olaraq Masallı rayonunun təmsilçiləri çıxış etdilər. Rəqs qrupunun göstərdiyi kompozisiya böyük rəğbətlə qarşılandı. Ardınca digər kollektivlər məharətlərini sərgilədilər.
Türkiyə səfirliyinin müşaviri Seyid Əhməd Arslan:
-Masallı getdikcə irəliləyir. Mədəniyyətlərin qarşılıqlı tanıdılması yönümündə atılan addımlar diqqətəşəyandır. Biz çox festivallara qatılmışıq. Amma bu festival bir ayrıdır. Burada sanki hamı əlbirdir, hamı bacardığından da artığını ortaya qoymaq istəyir. Təşkilatçılara əhsən!
Nəhayət, festivalın yekun tədbiri - Milli Qurtuluş Gününə təsadüf edən bayram konserti yenə də Heydər Əliyev Parkında baş tutdu. Əvvəlcə ulu öndərin dövləti fəaliyyətindən ən yaddaqalan məqamları əks etdirən slayd-fraqmentlərdən ibarət film nümayiş etdirildi. Dahi rəhbərin Azərbaycan mədəniyyətinin inkişafı, dövlətimizin sivil dünya proseslərinə inteqrasiyası naminə yeritdiyi müdrik siyasətin aspektləri gözlər önündə canlandı.
Səhnə yenə də ilk olaraq yerli sənətçilərin ixtiyarına verildi. Yenə də son dərəcə uğurlu alındı. Alqış sədaları ətrafı bürüdü. Qonaq kollektivlər də özəl folklor nümunələrini bacarıqla göstərə bildilər. Qədim rəqslər, mahnılar qanad açdı. Səsi-sədası şəhərin çevrəsi boyunca yayıldı. Rəngarəng çıxışlar əlvan bəzədilmiş parkın gözqamaşdırıcı işıqlarını bir qədər də canlandırdı. Saysız videokameralar konserti “yaddaş”larına köçürdü, fotokameralar ecazkar anları şaqhaşaq əbədiləşdirdi.
Sonda bütün iştirakçılara xatirə hədiyyələri təqdim olundu. Havaya rəmzi olaraq sülh göyərçinləri buraxıldı. Fişənglər dilə gəldi. Möcüzəli atəşfəşanlığın yaratdığı işıq çələngləri Masallının gecə səmasını əməlli-başlı nurlandırdı. Əsrarəngiz səhnələr göz-könül sevindirdi.
Beləcə, saatlar, dəqiqələr festivalın bayram ruhunda, ürəklərin duyğu şirinliyində əridi.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.